“Bir millət, iki dövlət” forumu

post-img

Naxçıvanda Türkiyə – Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Sarayında “Bir millət, iki dövlət” forumu keçirilib.

Ümummilli lider Heydər Əliyevin ana­dan olmasının və Türkiyə Cümhuriyyəti yaradılmasının 100 illiyinə həsr olunmuş məclisdə hər iki tarixi hadisənin fonunda ölkələrimiz və xalqlarımız arasında dost­luq və qardaşlığın dünyada misilsiz bir ör­nək olduğunu əks etdirən filmlər nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli forumu açaıq elan edərək bildirib ki, milli liderlərimiz Heydər Əliyevin və Mustafa Kamal Atatürkün müəyyənləşdirdiyi, bu gün isə hər iki ölkə prezidentlərinin iradə­si ilə davam və inkişaf etdirilən Azərbay­can – Türkiyə qardaşlığı forumun əsas mövzusudur. Böyük Atatürkün “Azərbay­canın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” kəlamını “Bir millət, iki dövlət” fəlsəfəsi ilə yeni mərhələyə yük­səldən Ümummilli lider Heydər Əliyev xalqlarımızın milli-mənəvi dünyasının bir-biri ilə sıx bağlılığını Azərbaycan – Türkiyə əlaqələrinin inkişafında əsas amil kimi kimi dəyərləndirib. 

Türkiyə Respublikasının Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə – Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fon­dunun rəhbəri Aygün Attar, Milli Məclis sədrinin müavini Adil Əliyev, “TÜRK­SOY”un baş katibinin köməkçisi Seyid Yusif, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova, İğdır valisi Ərcan Tu­ran çıxışlarında bildiriblər ki, hər iki yu­bileylə bağlı birgə təntənələr, söylənən təbriklər, ifadə edilən arzular xalqlarımı­zın məslək və hədəflərinin ortaqlığını bir daha nümayiş etdirir. Qeyd edilib ki, tarixi sınaqlardan çıxmış, dünyada bənzərim olmayan münasibətlərin yüksək səviyyə­də davam etdirilməsi ölkələrimizin daha da qüdrətlənməsinə, xalqlarımızın ortaq maraqlarına xidmət edir.

Foruma onlayn qoşulan Türkiyə Res­publikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi, profes­sor Fəxrəddin Altun dövlət başçılarının Naxçıvan görüşündə nəqliyyat və enerji sahələrində əldə olunan yeni razılaşma­ların Zəngəzur dəhlizi ilə daha da inkişaf edəcək münasibətlərimizdə yeni meydan açacağını diqqətə çatdırıb.

Forum Türkiyənin Girəsun Universite­tinin beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Yalçın Sarıkayanın moderatorlu­ğu ilə “Zəngəzur dəhlizi və bölgəyə təsiri” adlı panel müzakirələri ilə davam edib.

XQ

Sosial həyat