Füzulinin “usanmaz sevda” dünyası

post-img

Məhəmməd Füzuli – 530

Xalqımızın bədii-estetik düşüncə tərzində poeziyanın danılmaz rolu var. Klassik şeir ənənəsi bizim sivil xalq kimi formalaşmağımıza da sanballı təsir edib. Bu mənada görkəmli fikir adamlarımız daim Məhəmməd Füzuli yaradıcılığından bəhrələniblər. 

XX əsrin əvvəlində Füzuliyə bənzər­siz bir qayıdış baş verdi. Mirzə Ələkbər Sabir Füzuli lirikasına nəzirə şəklin­də satira lövhələri yaratdı. Şair “Bakı pəhləvanlarına” satirasını Füzulinin “Könlüm açılır zülfü pərişanını görcək” qəzəlindən bəhrələnərək yazmışdı. Fü­zuli gözəl qarşısında ehtiramını bildirir­sə, Sabir qan tökməyi “hünər” sayanları qamçılayırdı:

Düşdün lotuluq məşqinə, islamə uyuşma,

Öldür neredə olsa müsəlmanını görcək.

Füzuli bizim ümmət şairimizdir. Sa­bir isə bu şeir parçasında müsəlman deyərkən xalqı nəzərdə tuturdu. O, xalqın çatışmayan cəhətlərini Füzuli şei­rinin dalğasıyla əks etdirirdi. Sabir Füzu­linin “Əql yar olsaydı, tərki-eşqi-yar et­məzmidim? İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?” mətləli qəzəlini Güney Azərbaycanda gedən azadlıq hərəkatı­na münasibət bildirərkən dekonstruksi­ya etmişdi. Sabir azadlığın düşmənlərini Füzuli estetikasının təsiri ilə qamçılayır­dı. 

Məhəmməd Hadi də yeri gəldikcə Füzulidən bəhrələnirdi. O, Füzulinin lirik “mən”ini XX əsrin əvvəlinə gətirərək fik­rini çatdırırdı. Füzuli qəmin səbəbini yer həsrətində görürdü. M.Hadiyə görə isə qəmin səbəbi azadlığın olmamasıdır. M.Hadi öz “Təraneyi-Milli”sində Füzulinin məşhur “Məni candan usandırdı” qəzəlin­dən belə təsirlənirdi:

Çırağı-müzlimi-ümmid işıqlanmazmı, yanmazmı?

Siyəhru-bəxtimiz ğədrü cəfasından utanmazmı?

Məzari-cəhldə xabidəyi- qəflət oyanmazmı?

Maarif qönçəsilə gülşəni- ümmət donmazmı?!

Usandı xamələr-təhrirdən, millət usanmazmı?

Açıldı sübhü-sadiq, xabdən millət oyanmazmı? 

Şeiri oxuyan kimi, Füzulinin ölməz ru­hunu duyuruq. Amma M.Hadi burada bö­yük şairi yamsılamır, ondan bəhrələnərək yeni söz demək cəhdini ortaya qoyur. Fü­zuli yalnız lirik məninin qara bəxtini düşü­nürsə, Hadi millətin qara bəxtini düşünür və bunun səbəbini maarifsizlikdə görür. 

Hüseyn Cavid isə “Şeyda” pyesində Füzuli məktəbindən yararlanmışdı. O da məsləkdaşı Hadi kimi, “Məni candan usandırdı” şeirindən bəhrələnirdi. Füzuli öz şeydasına belə qiymət vermişdi:

Füzuli rindü-şeydadır, həmişə xəlqə rüsvadır,

Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?

Lakin şeydalar arasında ciddi fərq var. Cavidin Şeydası xalqın içindən xa­liqə doğru getmək istəyir. Şeyda Roza adlı qızı sevsə də, ictimai məsələlərdən kənarda durmur, siyasi mübarizəyə qo­şulur. Demək ki, Füzuli məktəbi istiqla­lımızın elanı ərəfəsində də bizə yardım göstərmişdir. 

Üzeyir Hacıbəyli isə, sözün əsl məna­sında, inqilab edib. O, Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında təkcə Azərbaycanda deyil, həm də İslam dünyasında ilk operanı yazıb. Ötən əsrin əvvəlində qadağalarla dolu Şərq aləmin­də opera yazmağın özü də cəsarət tələb edirdi. Lakin Üzeyir bəy Füzuli dühası­na sığınaraq 23 yaşında bu addımı atıb və bununla da Azərbaycanın ənənələrə bağlı modern mədəniyyətə qoşula bilə­cəyini sübut edib. 

Göründüyü kimi, dahi şairimiz Məhəmməd Füzuli Azərbaycan lirikası­nın şah sütunudur. Bu sütuna “toxun­maq” istəyənlər də olub. Ötən əsrin 30-cuillərində buna cəhd ediləndə Mikayıl Müşfiq ədəbi ədabazlara qəti etirazını belə bildirmişdi: “Özümüzü öyməyəlim, Füzuliyə dəyməyəlim”. 

Bəli, ciddi sənətin, böyük ədəbiyyatın mədəniyyətə mütləq davamlı təsiri olur. Cəsarətlə deyə bilərik ki, 530 yaşını qeyd etdiyimiz Məhəmməd Füzuli müasir Azər­baycan mədəniyyətinin inkişafına bu gün də ustadlıq təsirini göstərməkdədir. 

Ceyhun MİRZƏLİ,
kulturoloq

Mədəniyyət