Qazax Teatrının yeni həyatı

post-img

Bu gün ölkəmizdə əyalət teatrlarının peşəkar səviyyəsi və funksionallığı deməyə əsas verir ki, zəngin ənənəsi olan milli səhnə sənəti öz dinamikasını qoruyub saxlamaqla, həm insanların mədəni zövqünün inkişafına, həm də onların asudə vaxtının səmərəli keçməsinə xidmət edir. 

Bu baxımdan Qazax Dövlət Dram Teatrının məhsuldar fəaliyyətini də qeyd etmək olar. “Ədəbiyyat və in­cəsənət” portalında bu sənət məbə­dindən bəhs edən həmkarımız Könül xanım xatırladır ki, ilk dəfə 1938-ci ildə Qazaxda kolxoz-sovxoz teatrı yaradı­lıb, 1943-cü ildə dram teatrına çevrilib və ona Səməd Vurğunun adı verilib. Dövlət Dram Teatrı kimi 1949-cu ilə kimi fəaliyyət göstərib. O dövrdə teatrın repertuarında, əsasən, Azərbaycan və dünya klassiklərinin əsərləri, həmçinin müasir ədəbiyyat nümunələri yer alır­dı. Teatrda məşhur isimlər – Gürcüstan Respublikasının Xalq artisti İbrahim İsfahanlı, Azərbaycan Respublikasının xalq artistləri Muxtar Avşarov, Solmaz Orlinskaya, Barat Şəkinskaya, əmək­dar artistlər Əliheydər Həsənzadə, Rüsxarə Ağayeva, rejissorlar Məcid Zeynalov və başqaları fəaliyyət göstə­riblər. 

Təəssüf ki, 1949-cu ildə Mərkəzi Komitə əyalət teatrlarını qeyri-renta­belli hesab edərək onların, o cümlədən də Qazax Dram Teatrının fəaliyyətinə xitam verib. Əslində isə bu yanlış ad­dım sırf antimilli xarakter daşıyıb, çünki cəmi 15 kilometr məsafədə Ermənis­tanın əyalət teatrı – İcevan Teatrı fəa­liyyətini davam etdirməkdə idi. 11 illik “antrakt”dan sonra Qazax teatrı yeni­dən, amma bu dəfə xalq teatrı kimi fəa­liyyətini davam etdirib. Nəhayət, 1988-ci ildə yenidən dövlət teatrı statusu alıb və Xalq şairi Bəxtiyar Vahabzadənin “Dar ağacı” tarixi faciəsi ilə ilk tamaşa­sını göstərib.

Həmkarımız yazır ki, ötən illər ərzin­də teatrda 70-dən artıq əsərə quruluş verilib, teatr respublikada keçirilən fes­tivallarda dəfələrlə iştirak edib. Müxtəlif illərdə teatrda Respublikanın xalq ar­tistləri Zülfiqar Abbasov, Tariyel Qası­mov, Rafiq Əliyev, Vaqif Şərifov, əmək­dar artistlər Vidadi Əliyev, Münəvvər Əliyeva fəaliyyət göstəriblər. Teatr rus, alman, bolqar, türk, tacik dramaturgiya­sına müntəzəm müraciət edib, klassik və müasir Azərbaycan dramaturgiyası isə teatrın repertuarının əsasını təşkil edib. Qazax teatrı müxtəlif illərdə Gür­cüstanın azərbaycanlılar yaşayan ra­yonlarında qastrol səfərlərində olub. I Qarabağ müharibəsi dövründə Ağdərə və Tərtərdə əsgərlər qarşısında çıxış­lar edib. Teatr Mədəniyyət və Turizm Nazirliyinin, Teatr Xadimləri İttifaqının keçirdiyi müxtəlif festivalların iştirakçısı olub.

Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə milli teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələb­lərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Qazax Dövlət Dram Teatrına 100 min manat vəsait ayrılıb. Bu tarixi sərəncamdan sonra teatrın yerləşdiyi inzibatı bina yenidən qurularaq müasir avadanlıqla təchiz olunub.

Teatrın direktoru Saqif İskəndərov, baş rejissoru Əməkdar artist Musa Eyyubovdur. Bu gün Qazax teatrında repertuar siyasətinin təşkili və həya­ta keçirilməsində bədii şura üzvlərinin fikirləri əsas götürülür, daha aktual və müasir dövrümüzlə səsləşən pyeslər təqdim edilir.

2023-də Əməkdar artist Xəzər Gəncəlinin quruluşunda Əməkdar in­cəsənət xadimi Ağalar İdrisoğlunun ulu öndər Heydər Əliyevin 100 illiyi mü­nasibətilə qələmə aldığı “İnan mənə” əsəri də uğurlu səhnə həllini tapıb. Bu tamaşa ötən ilin payızında Teatr Xa­dimləri İttifaqında, eləcə də dəfələrlə Gəncəbasar bölgəsində göstərilib və anşlaqla keçib.

Bir neçə gün öncə teatrda türkiyə­li dramaturq Tuncər Cücənoğlunun “Dosya” əsəri əsasında hazırlanan ey­niadlı tamaşasının premyerası uğurla keçib. Rolları Əməkdar artist Hacı Ha­cıyev, aktyorlar Sərdar Rüstəm, Xanım Məmmədova, Aytac Cəfərova, Məlahət Vəliyeva, Zəmanə Dərviş, Yusif Qoca, Nəsimi Aşpazov, Xaqan Qurbanov və Aydın Orucov və Məmməd Hacəliyev ifa ediblər.

Teatrda illik repertuar planından kənar olaraq uşaqlar üçün İsgəndər Coşqunun “Ana laylası” pyesi əsasın­da eyniadlı tamaşa hazırlanır. Səhnə işi fevralın sonunda balaca tamaşaçı­ların ixtiyarına veriləcək. Cari mövsüm üçün isə plan üzrə 4 əsər repertuara daxil edilib. Bunlar Əli Əmirlinin “Onun iki qabırğası” komediyası, Braziliya ya­zıçı-dramaturqu Gilyerme Fiqeyredu­nun “Ezop”, türkiyəli dramaturq Turqut Özakmanın “Adət”, gənc yazıçı Jalə İsmayılın “Ametis bəy və Apetit xanım” əsərləridir.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət