Gəncənin şair-dramaturq xanımı

post-img

Fəridə Əlyarbəyli – 100

Ulu Şeyx Nizami yurdu Gəncə Azərbaycana dahi sənətkarlar, görkəmli şəxsiyyətlər bəxş edən bir diyardır. Buranın qaynar əbəbi mühiti Məhsəti Gəncəvi, Rəziyyə Gəncəvi kimi qadın şairləri də yetirib. Həmin yaradıçılıq bulağından su içmiş şair-dramaturq Fəridə Əlyarbəyli isə ötən əsrin tanınmış imzalarından olub.

Fəridə Həsən qızı Əlyarbəylinin bu il 100 yaşı tamam olur. Ədəbiyya­ta sevgisi onu 1942-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültə­sinə gətirib. Ali təhsil aldıqdan sonra Fəridə xanım Azərbaycan Elmlər Aka­demiyasının Gəncə Bazasında kiçik elmi işçi kimi fəaliyyətə başlayıb. 50-ci illərin əvvəllərində Yazıcılar Birliyinin Gəncə filialının işi bir qədər zəiflədiyi üçün AYB-də Səməd Vurğun, Sü­leyman Rüstəm, Məmməd Rahim, Əli Vəliyev, Süleyman Rəhimov və Əhməd Cəmilin iştirakı ilə keçirilən iclasda fili­alın Fəridə Əlyarbəyli də daxil olmaqla yeni bürosu təsdiq edilib. Fəridə Əlyar­bəyli filialın məsul katibi seçilib, sonra isə bölmənin rəhbəri kimi də fəaliyyət göstərib. 

Ötən əsrin əvvəllərində Gəncə­də yaşayıb-yaratmış Əkbərşah Ruhi barədə möhtəşəm bir monoqrafiya­nın, “Arzular”, “Yasəmən”, “Gəncəli qız”, “Qayğı”, “Sərv ağacı”, “Dünyaya insan gəlir”, “Novruz bayramı”, “Könül çırpıntıları”, “Cavad xan türbəsi”, “Ona xanım dedilər”, “Pürrəng çay”, “Sular bulananda”, “Dünya nə qəmlisən” və başqa kitabların müəllifi olan xanım şairin “Damlardan uca çinar” şeirlər toplusu Moskvada “Sovetski pisatel” nəşriyyatında rus dilində çapdan çıxıb, ədəbi ictimaiyyət və geniş oxucu kütlə­si tərəfindən maraqla qarşılanıb. Onun “Səkkizliklər”i ümumbəşəri fikir və duy­ğularla zəngin olub. 

Fəridə Əlyarbəyli maraqlı dram əsərlərinin də müəllifidir. “Xan qızı”, “Qonşular”, “Günahkar qız”, “Özgə yeri” pyesləri onun yaradıçılığında xü­susi yer tutur. “Xan qızı” tarixi dramını 1972-ci ildə qələmə alııb və elə həmin ildə də Gəncə Dövlət Dram Teatrının səhnəsində Xalq artisti, rejissor Vaqif Şərifovun quruluşunda bu əsər uğurla tamaşaya hazırlanıb. Qeyd etməliyəm ki, Fəridə Əlyarbəyli Azərbaycan teat­rında Xurşudbanu Natəvan haqqında tarixi bir dram əsəri yazmış ilk müəllif­dir. Səhnədə hadisələr cərəyan etdik­çə XIX əsrdə Şuşada yazıb yaradan, tarixdə hər zaman öz imzası ilə seçilən xan qızını görür, onun həyatına və o illərdə bir insan olaraq gördüyü xoş­məramlı işlərə valeh olmaya bilmirsən. Tamaşada Xurşudbanu Natəvan obra­zını xalq artisti Sədayə Mustafayeva ifa edib. Aktrisanın ifasında bu rol həssas qəlbli ana, lirik, romantik təbiətli şair, həm də mürtəce qüvvələrə qarşı sərt və barışmaz insan kimi canlanır. 

Fəridə Əlyarbəyli “Xan qızı”nın yaranması haqqında öz xatirələrində yazırdı: “70-ci illərin əvvəllərində Xalq artisti Məhəmməd Burcəliyev mənim bu dram əsərini yazmağımın səbəb­karı oldu. Bu xeyirxahlığı heç zaman unutmaram. Biz ailəvi dost idik. Bir gün yenə bir yerə yığışıb söhbət edirdik ki, o, mənə Xurşudbanu Natəvan haqqın­da pyes yazmağımı məsləhət gördü. Elə bu söhbətdən sonra mən Natəvan haqqında axtarışlar etdim və “Xan qızı” – ilk pyesimi yazdım. Pyes üzərində işləyərkən nədənsə həmişə Xalq artis­ti Sədayə Mustafayevanın xoş siması gözlərimin önündən getmirdi. Sanki mən Xan qızı haqqında düşünərkən elə səhnədə artıq Sədayə xanımı gö­rürdüm. Xan qızı obrazını məhz Sə­dayə xanım üçün yazdım. Tamaşanı hazırlamağı gənc rejissor Vaqif Şəri­fova həvalə etdilər. Rejissor rol bölgü­sündə, elə bil ki, qəlbimdən keçənləri, duymuşdu. O, Xan qızı rolunu Sədayə Mustafayevaya verdi. Həm aktrisanın, həm də rejissorun gücünə yaxşı bələd idim. Əsərin uğurlu səhnə taleyi olaça­ğına inanırdım və belə də oldu”.

Fəridə Əlyarbəylinin ötən əsrin 80-ci illərində qələmə aldığı “Qonşular” pyesi də maraqlı detalları ilə diqqət­çəkən səhnə əsərlərindəndir. Belə ki, sovet rejiminin tüğyan etdiyi bir za­manda guya rüşvətxoluqla mübarizə etmək pərdəsi altında əslində bir çox məsələlərin elə korrupsiya ilə həlli yol­larının göstərilməsi o zamanlar yazar­dan böyük cəsarət tələb edirdi. Fəri­də Əlyarbəyli bu pyesində korrupsiya batağlığında boğulan bəzi dövlət mə­murlarını göstərməklə mübarizə yolla­rının aparılması üçün də əsas şərtləri səciyyəvi xarakterləri ilə acıb göstər­məyə nail olmuşdu. Tamaşanın quru­luşçu rejissoru, mərhum Hilal Həsənov müəllif fikirlərini öz rejissor traktofkası ilə səhnədə daha dolğun göstərməyə çalışırdı. 

“Qonşular” pyesi haqqında Xalq artisti, rejissor Vaqif Şərifov öz mü­sahibələrinin birində deyirdi: “Yadınıza gəlirsə, 1988–1990-cı illərdə meydan­larda mitinqlər gedirdi. O zamanlar san­ki teatrın bir qismi meydana köçmüşdü. Bir cəsarətli söz də o dövr üçün kifayət idi. Xatırlayıram ki, Fəridə Əlyarbəylinin “Qonşular” pyesini oynayırdıq. Bu pyes korrupsiya ilə mübarizəyə yönəlnmiş­di. Pyesdə fikir səslənirdi ki, uşaqlıqda oğurluq üstə tutulanlardan kimsə indi polis rəisidir və ya rüşvət alan təhsil şöbəsi müdiridir. Bu kimi fikirlərə görə o dövrlərdə senzura bizə qan uddurur­du. Buna baxmayaraq, əsərin mübariz ruhunu qoruyub saxlaya bildik...”

Xüsusi olaraq qeyd edək ki, Fəridə Əlyarbəyli poeziyada olduğu kimi, səh­nə əsərlərində də öz mövzularına daim sadiq qalır, insanın daxili aləmi ilə ya­naşı, cəmiyyətdə, ictimai həyatda pak mövqeyinə sənətkar münasibəti göstə­rirdi. Onun son illərdə qələmə aldığı əsərləri milli faciələrin, Qarabağ ha­disələrinin, işğal edilmiş torpaqlarımız­da tökülən günahsız qanların, erməni vəhşiliklərinin hərtərəfli göstərilməsi ilə yadda qalıb. 

“Əzəldən qəm üstündə köklənmiş bu dünya kimsəni sona qədər sevmə­di” – deyən Fəridə Əlyarbəyli 2011-ci ilin sonunda canından artıq sevdiyi Gəncədə əbədiyyətə qovuşub.

Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas

Mədəniyyət