Qazi kimi məğrur, alim kimi qüdrətli...

post-img

...Ağrıları güc gəlsə də, üzündən təbəssüm əskik olmazdı. Daxilindəki işıq həmişə sifətini nurlandırırdı. Həm də Qarabağ savaşının dəhşətlərini xatırladıqca həyəcanlanırdı. Ölüm-dirim savaşının ən qaynar nöqtələrində olmuşdu. Qanlı-qadalı səhnələri öz gözləri ilə görmüşdü. Elə buna görə də cəbhə xatirələrini danışanda qəribə hallar keçirirdi. Mən ondakı dözümə, qəlbindəki Vətən eşqinə, vətənpərvərlik yanğısına heyrətlənirdim.

O, könlü istəyən yerə uca könüldən ge­dirdi. Birinci Qarabağ müharibəsinə də kö­nüllü getmişdi. 

...Rəşid Əliyev 1954-cü ildə, Borçalı­nın Faxralı kəndində doğulub boya-başa ça­tıb. 1961-ci ildə orada orta məktəbin 1-ci sinfinə qədəm qoyub. Atasının işi ilə əlaqə­dar, ailələri Bolnisi rayon mərkəzinə köçüb. Təhsilini Bolnisi şəhər rus orta məktəbində davam etdirib. Məktəbi müvəffəqiyyətlə bi­tirdikdən sonra Bakı Dövlət Universitetinin (keçmiş Azərbaycan Dövlət Universiteti) fi­zika fakültəsinin axşam şöbəsinə qəbul olub. Tələbə yoldaşları arasında bilik və bacarığına görə fərqlənib. Elə buna görə də universitetin elmi-tədqiqat işlərinə cəlb olunub. Universi­tetdə təcrübə keçməklə fizika elminin sirlə­rinə dərindən yiyələnməyə başlayıb. Axşam şöbəsində oxuduğuna görə, sovet ordusu sı­ralarında hərbi xidmətə çağırılıb. Əsgəri bor­cunu yerinə yetirdikdən sonra universitetdə təhsilini davam etdirib. 1979-cu ildə fizika fakültəsinin tam kursunu bitirib və orada da əmək fəaliyyətinə başlayıb.

Universitetdə 35 ildən artıq çalışıb. İşi­nin öhdəsindən vicdanla gəlib. Baş laborant­lıqdan aparıcı mühəndis vəzifəsinə yüksəlib. Universitetin Fizika Problemləri Elmi-Təd-qiqat İnstitutunun “Bioloji sistemlər fizi­kası” laboratoriyasında aparıcı mühəndis vəzifəsində çalışarkən, savadlı, yüksək ixti­saslı mütəxəssis kimi tanınıb. Bir çox elmi məqalələrin, ixtiraların, səmərələşdirici tək­liflərin müəllifi olub.

O, müasir texnika və texnologiyanı mükəmməl bilirdi. Eksperimentlərin incə­liklərini dərindən duyan fizika mühəndisi idi. Fizika Problemləri Elmi-Tədqiqat İns­titutunda, AMEA-nın Genetik Ehtiyatlar və digər institutlarındakı ən mürəkkəb rentgen, lazer, optik qurğuların sazlanması, “LAZER” Elmi-texniki Mərkəzində işlənib hazırlanmış xüsusi təyinatlı lazer texnikasının “N” saylı hərbi hissədə sınaqlarının keçirilməsində yaxından iştirak edib. BDU-dakı elmi fəaliy­yəti ilə yanaşı, respublikada gəmi təmiri üzrə də əhəmiyyətli işlər görüb. 

Onun bir vətənpərvər gənc kimi coşqun­luğu Vətənin dar günündə özünü büruzə ve­rib. Rəşid Əliyev 1992-ci ilin may ayında dissertasiya işi üzərində elmi fəaliyyətini yarımçıq qoyub, Vətənin müdafiəsinə qalx­maq üçün könüllü cəbhəyə yollanıb. Ağdam, Ağdərə, Qubadlı, Tərtər və Murov uğrunda gedən qanlı döyüşlərdə iştirak edib. Orduda öz sənətinə uyğun vacib işlər görüb. Xüsusi təyinatlı batalyonun bütün rabitə sistemlərini yenidən qurub və mülki şəxs kimi rabitə rəisi vəzifəsini yerinə yetirib. Milli Orduda 7 il xidmət etdikdən sonra səhhətində yaranmış problemlərlə əlaqədar tərxis olunub. Mühari­bənin döyüş səngərlərindən keçib, I Qarabağ müharibəsi veteranı və ehtiyatda olan zabit kimi əvvəlki işinə qaydıb. Universitetdə öz elmi işini davam etdirməyə başlayıb. 

Rəşid Əliyev elmi işçi kimi Litvada eza­miyyətdə olub. Orada elmi ixtirasına görə patent qazanıb. 2007-ci ildə ona İran İslam Respublikasından da elmi əməkdaşlıq tək­lifi gəlib. BDU rəhbərliyinin razılığı ilə İra­nın “Sazan Electronics İndustry” şırkətində öz bilik və bacarığı ilə xeyli iş görüb. Səhra şəraitində laboratoriya qurduğuna görə İran şirkətinin rəhbərliyi Rəşid Əliyev kimi yük­sək səviyyəli mütəxəssisi cidd-cəhdlə orada saxlamaq istəyib. Ona dəfələrlə İranda qa­lıb işləmək, İran vətəndaşlığını qəbul etmək təklif olunub. Rəşid müəllim canından artıq sevdiyi Vətənə qayıtmağı hər cür şirniklən­dirici təkliflərdən üstün tutub. İran tərəfin məkrli niyyətini anlayıb və təkliflərini qətiy­yətlə rədd edib. İran rejimi isə başqa yola əl atıb. Onu şərləyərək girov götürüblər. Rəşid müəllimi 1il 10 ay həbsdə saxlayıblar. O, sın­mayan iradəsi ilə İran tərəfinin hər cür təzyiq və təhdidlərinə qalib gəlib və girovluqdan qurtulub.

O zaman Rəşid müəllimin hüquqlarının müdafiəsi üçün Azərbaycan alimlərindən ibarət Müdafiə Komitəsi yaradılıb. Hüquq müdafiəçilərinin və Milli Məclisin deputatla­rının iştirakı ilə dəfələrlə mətbuat konfransı, İranın Azərbaycandakı səfirliyinin qarşısında mitinqlər keçirilib. Ölkəmizin rəsmi dövlət qurumları, Azərbaycanın İrandakı səfirliyi­nin, Xarici İşlər Nazirliyinin, Ədliyyə Nazir­liyinin əməkdaşları, Rəşid müəllimin döyüş dostları ona dəstək olublar. Nəhayət, o, İran rejiminin girovluğundan qurtula bilib.

...Rəşid müəllim gənc nəslin mühəndis biliklərinə yiyələnməsinə xüsusi önəm ve­rir və gələcəkdə yeni-yeni ixtiraların kəşf olunmasını istəyirdi. Əvəzçilik üzrə işlədiyi Azərbaycan Texniki Universitetində neçə-neçə magistr yetişdirib. Amma səhhətində yaranmış problemlər uğurlu işlərini davam etdirməyə imkan verməyib. Amansız ölüm ötən il onu doğmalarından ayırdı. 

İndi Rəşid müəllim öz ailəsi, doğmaları ilə yanaşı, yurddaşlarının, cəbhə yoldaşları­nın – qazilərin və müharibə veteranlarının, digər dostlarının qəlbində yaşayır.

Bugünlərdə qohumları, döyüş dostları BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı mühəndisi, I Qarabağ müharibəsinin qazisi, kapitan Rəşid Əliyevin anım gününü qeyd etdilər. Onu qədirbilənlik­lə xatırladılar. Haqqında xatirələr danışdılar. Xatirələrin işığında Rəşid müəllimin bir şəx­siyyət kimi dəyəri aydın duyulurdu.

Azərbaycan Veteranlar Birliyi Rəşid Əliyevin xatirəsini əziz tutaraq ölümündən sonra onu “ Böyük Zəfər” xatirə medalı ilə təltif edib. 776-cı batalyonun komandirinin siyasi işlər üzrə keçmiş müavini, ehtiyatda olan mayor Saleh Əliyev medalı Rəşid Əli­yevin qardaşı Azad Əliyevə və oğlu Elçin Əliyevə təqdim edib. Rəşid müəllimin bacısı, fizika-riyaziyyat elmləri namizədi Lalə xa­nım tədbir iştirakçılarına və Azərbaycan Ve­teranlar Birliyinin rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirdi.

Bu gün qazi Rəşid Əliyevin anadan ol­masının 70 ili tamam olur. Biz də qazimizi ehtiramla anırıq və ruhu şad olsun, deyirik...

Həzi HƏSƏNLİ,
şair–publisist

Sosial həyat