Teatrlarımız niyə direktorsuz qalıb?!

post-img

XQ-nin sualı

Ölkəmizdə ilk dəfə təşkil olunan “Azərbaycan teatrı – 150. İnkişaf perspektivləri” Teatr Forumunda əsas məqsəd səhnə sənətinin inkişaf proqramının işlənib hazırlanması üçün müzakirələr aparmaq, mövcud problemlərə yanaşmaları dinləmək, həlli yollarını axtarmaq və gələcək strategiyanın konturlarını hazırlamaq idi.

Sözügedən tədbirdə teatrlarımızın ənənə və trendləri, çağdaş dramaturgi­yanın inkişaf tendensiyaları, konsepsiya və strateji hədəflər, həmçinin teatr sahə­sində insan kapitalı məsələləri ətraflı sərf-nəzər edilib. Hər kəsdə belə bir inam yaranıb ki, gələcəkdə həyata keçiriləcək layihələr üçün strategiya və fəaliyyət mo­delinin müəyyən edilməsi ilə tamaşaçı kütlələrini teatra daha da yaxınlaşacaq. 

Əlbəttə, forumdan az müddət keçib, çatışmazlıqları üzə çıxaran Mədəniy­yət Nazirliyi onların aradan qaldırılması üçün müəyyən addımlar atır. Bəs, sürətlə dəyişən zaman axarında teatrlar özlə­ri hazırlanan yeni strategiyaya nə kimi töhfələr vermək əzmindədirlər?

Təəssüflə qeyd edək ki, sualımıza konkret cavablar ala bilmədik. Əsas sə­bəb də bir sıra teatrda direktor yerinin boş olması, onun vəzifəsini icra edənlərin isə bu vəzifə pilləsində müvəqqəti olduqları üçün cavabdan bir növ yayınmaları ilə bağlıdır. Kiçik araşdırma ilə öyrəndik ki, bəzi teatrlarda ya direktor yoxdur, ya da onun vəzifəsi müvəqqəti olaraq kiməsə tapşırılıb. 

Konkret misallar: Akademik Milli Dram Teatrının bədii rəhbəri, direktoru və baş rejissoru (!?) Xalq artisti, Azər Paşa Nemətovun vəfat etməsindən 7 ay keçsə də, direktor yeri hələ ki vakant olaraq qa­lır. Burada direktorun əmək funksiyaları­nın icrası İlham Əsgərova həvalə olunub. Sumqayıt Dövlət Dram Teatrının direkto­ru Mübariz Həmidov təqaüd yaşının çat­ması ilə əlaqədar vəzifəsindən ayrılıb. Bu teatra rəhbərlik düz ilyarımdır ki, direktor müavini Vidadi Məmmədova müvəqqəti həvalə edilib. Şəki Dövlət Dram Teatrının direktoru Namiq Qaffarlı ötən ilin dekab­rında təqaüdə göndəriləndən sonra onun da vəzifəsi boş qalıb. Bu iş müvəqqəti olaraq baş rejissor Mirbala Səlimliyə tap­şırılıb. 

Onu da xatırladaq ki, müvəqqətilik tendensiyasına təkcə dram teatrlarında deyil, digər bənzər strukturlarda da rast gəlinir. Məsələn, Qax Dövlət Kukla Teat­rının direktoru Seymur Vəliyevin işdən azad edilməsindən 1 il ötür və onun və­zifələrini müvəqqəti olaraq baş rejissor Yusif Əbdürrəhmanov yerinə yetirir. Elmir Hüseynov isə Bakı Dövlət Sirkinə 1 il rəh­bərlik edəndən sonra işdən çıxıb və ilya­rımdır ki, sirkin müvəqqəti idarə edilməsi direktor müavini Nahid Ağayevin boynu­na düşüb. Orada 30 nəfərdən ibarət ya­radıcı heyət yeri var, amma hazırda bu heyətin kiçik bir qismi fəaliyyət göstərir.

Təbii olaraq belə bir sual yaranır ki, teatrların qarşısına mühüm vəzifələr qoyulduğu, fəaliyyət strategiyasının ha­zırlandığı hazırkı məsul dövrdə nə üçün teatrların direktor kürsüləri boşdur və bu vəzifələr müvəqqəti icraçıların ümidinə qalıb. Bir tendensiya da budur ki, bəzi bölgə teatrlarına yerli kadrlar deyil, Bakı­dan gələn direktorlar təyin edilir və onlar da həm çətin adaptasiya olunur, həm də bəzi hallarda əvvəlki iş yerlərində hazır­lanmış tamaşaları repertuara salmaqla işlərini bitmiş hesab edirlər...

Mədəniyyət Nazirliyi ilə əlaqə saxla­yıb suala aydınlıq gətirmək istəsək də, nə teatr sektorunun müdiri Vəfa Novru­zova bizə cavab verdi, nə də media və informasiya şöbəsinin müdiri Türkan İsmayılova. Yazılı müraciət edib cavab gözləməyimizi məsləhət gördülər. Dü­şündük: teatrlara direktor təyinatı aylarla, illərlə yubadılırsa, bizim sorğumuzun ca­vabı nə vaxt gələr? 

XQ

Mədəniyyət