Artıq üçüncü gündür ki, HƏMAS və İsrail arasındakı döyüşlərdə elan edilmiş yeddi günlük fasilədən sonra Qəzzada yenidən döyüşlər başlayıb. Tərəflərin atəşkəsdən sonra sülh danışıqlarına başlayacaqları barədə ümidlər, təəssüf ki, özünü doğrultmayıb.
Müvəqqəti atəşkəs müddətində tərəflər arasında girovlar və fələstinli əsirlərin mübadiləsi mümkün olmuşdur. Bu günlər ərzində Qəzza sakinlərinə humanitar yardımlarıın çatdırılması da xeyli asanlaşmışdı.
İsrail ordusu HƏMAS-la atəşkəs başa çatan kimi, yəni cümə günündən başlayaraq, Qəzza bölgəsindəki müxtəlif hədəflərə 400-dən çox zərbə endirib. Məlumatı İsrail Müdafiə Qüvvələrinin rəsmisi yayıb.
Xəbərə əasən, İsrailin qırıcı təyyarələri Qəzzanın cənubunda yerləşən Xan-Yunis rayonunda HƏMAS-ın hərbi obyektlərinə yüksək dəqiqliyə malik silahlarla zərbələr endirib. Bundan başqa İsrail ordusu ölkənin şimalının “Hizbullah” tərəfindən atəşə tutulmasına raketlərlə cavab verib. Livan rəsmiləri itki və dağıntılar barədə susublar.
Təəssüf hissilə qeyd etmək lazımdır ki, döyüşlərin bərpa olunması hər iki tərəfdən canlı itki və dağıntıları qaçılmaz edibdir. Qəzzanın HƏMAS tərəfindən idarə olunan Səhiyyə Nazirliyi cümə günü edilən hücumun ilk saatlarında 109 nəfərin öldüyünü bildirib. Onların arasında uşaq və qadınlar da var.
Ara-sıra HƏMAS da qarşı tərəfi “narahat edərək” raket zərbələrinə məruz qoyur. İsrail ordusu əvvəllər “Twitter” kimi tanınan “X platformasında Qəzzadan atılan raketlərin “uğurla zərərsizləşdirildiyini” bildirib. HƏMAS tərəfdən raket hücumuna görə məsuliyyəti öz üzərinə götürən olmayıb.
Maraqlıdır ki, İsrailin Qəzzanın cənubundakı Xan–Yunis ərazisinə atdığı vərəqələrdə oradakı insanlara özlərinin və ailələrinin təhlükəsizlikləri üçün daha da cənuba getmələri tövsiyə edilir. Bir çox siyasi və hərbi təhlilçilər qeyd edirlər ki, İsrailin hazırda hər vəchlə Qəzza sakinlərinin ərazinin cənubə tərəf təxliyyə olunmasına çalışır.
Bunu nəzərə alan bir çox ərəb mənbələri İsraili “əlavə torpaq” zəbt etmək siyasəti yürütməkdə ittiham edirlər. Rəsmi Təl-Əviv bu ittihamları qəbul etmir və Qəzzada əsas vəzifəsinin terrorla axıradək mübarizə aparmaq olduğunu bildirir.
Qeyd edək ki, müharibə Qəzzaya qayıtsa da, beynəlxalq vasitəçilər döyüşlərə son qoymaq üçün danışıqları davam etdirirlər. Dünən Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib ki, ABŞ diplomatları hazırda Qəzza zolağında atəşkəsin bərpası üçün İsrail, Misir və Qətər səlahiyyətliləri ilə birgə səylər göstərirlər.
Yeri gəlmişkən, C.Kirbi atəşkəsi pozmaqda HƏMAS hərəkatını günahlandırıb. Onun sözlərinə görə, HƏMAS-ın girovların siyahısını beynəlxalq təşkilatlara verməməsi atəşkəslə bağlı danışıqları dalana dirəyib.
Bu arada İsrail oktyabrın 7-də hücum zamanı HƏMAS hərəkatı tərəfindən əsir götürülən 4 girovun öldüyünü təsdiqləyib. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı İsrail ordusunun sözçüsü Daniel Həcəriyə istinadən məlumat yayıb.
İsrail ordusunun nümayəndəsinin sözlərinə görə, ölən girovların ailələri bu barədə məlumatlandırılıb. Lakin girovların necə və nə vaxt öldüyü açıqlanmayıb.
Qəzza zolağında isə atəşkəsin bitməsindən sonra humanitar vəziyyət daha da pisləşib. Bunu beynəlxalq təşkilatlar da görür və həyəcan təbili çalırlar. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Qəzzaya humanitar yardımların atəşkəs dövründə olduğu kimi bərpa olunmasına çağırıb və bölgədə zorakılığın dayandırılmasının vacibliyini vurğulayıb. Bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində müvafiq bəyanat yayıb.
ÜST-ün baş direktoru Qəzza sakinlərinin daha çox diqqət və qayğıya ehtiyacı olduğunu vurğulayaraq deyib ki, əraziyə zəruri ləvazimatların tədarükü təcili olaraq bərpa edilməli və ən azı son atəşkəs zamanı əldə edilən səviyyəyə qaytarılmalıdır. Mülki vətəndaşlar indi müdafiəyə, qidaya, suya, mənzilə, dərmana və daha çox şeyə ehtiyac duyurlar.
Yaxın Şərqin ölüm və fəlakət saçan alovu jurnalistlərin də taleyində ağır izlər qoyur. Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb ki, HƏMAS–İsrail münaqişəsi nəticəsində Qəzza zolağında azı 61 jurnalist həlak olub.
Komitənin məlumatda bildirilir ki, dekabrın 1-nə olan məlumata görə, oktyabrın 7-də münaqişə başlayandan bəri həlak olan 16 mindən çox insan arasında ən azı 61 jurnalist və media işçisi var. Qeyd olunur ki, jurnalistlər öz peşə fəaliyyətlərini həyata keçirərkən kəskin təqib və təzyiqlərə məruz qalırlar.
Yaxın Şərqdə HƏMAS ilə İsrail arasında amansız müharibə nə vaxt bitə bilər? Bu məchul bu gün çoxlarını düşündürür. Təbbi ki, dəqiq cavab olmadığı üçün, çox sayda ehtimallar yaranır.
Məsələn, Böyük Britaniyanın “The Financial Times” qəzeti yazıb ki, İsrail HƏMAS hərəkatına qarşı azı bir il davam edə biləcək uzunmüddətli hərbi kampaniyaya hazırlaşır.
Məqalədə həmçinin bildirilir ki, hərbi əməliyyatların ən gərgin mərhələsi 2024-cü ilin əvvəlində gözlənilir. Müharibənin uzanmasına səbəb isə odur ki, tərəflər qarşılarına qoyduqları əsas hədəflərə hələlik tam nail ola bilməyiblər.
İsrailin bir nömrəli məqsədi HƏMAS hərəkatının aparıcı liderlərini tamamilə zərərsizləşdirmək və Qəzzadakı tunel sistemini büsbütün məhv etməkdir. Rəsmi Təl-Əviv bu barədə dəfələrlə açıqlama verib. HƏMAS-ın da, təbii ki, qatı düşməni saydığı İsraillə bağlı öz planları var.
Ümumi fikir belədir ki, Yaxın Şərqdə davamlı və ədalətli sülh BMT-nin vaxtilə qəbul etdiyi “iki millət-iki dövlət” prinsipinin mümkün qədər tez icra olunması ilə mümkün ola bilər. Türkiyə dövləti bu qənaətdədir və dünya ictimaiyyətini buna nail olmağa çağırır. Dünyanın əksər dövlətləri bu ideyanı dəstəkləyir. Lakin onu həyata keçirmək heç cür mümkün olmur.
M.HACIXANLI
XQ