Aİ-nin Macarıstan qorxusu

post-img

Brüssel Budapeştin Ukrayna ilə bağlı planını pozacağından əndişələnir

Avropa İttifaqının (Aİ) dekabr sammiti yaxınlaşdıqca, Ukraynanın ittifaqa daxil olması ilə bağlı danışıqlara başlamaq üçün gözlənilən qərar ətrafında intriqa bir o qədər şiddətlənir. İntriqa da Macarıstanın məsələ ilə bağlı sərgilədiyi sərt mövqe ilə əlaqəlidir. Baş naziri Viktor Orban açıq şəkildə buna qarşı çıxır və danışıqların gündəmdə olmaması ilə bağlı təkliflə çıxış edir. Ekspertlər hesab edirlər ki, Budapeşt Ukraynanın Avropaya inteqrasiya zəfərinə kölgə sala bilər, lakin prosesi dayandırmaq mümkün olmayacaq. 

Baş nazir Viktor Orban de­kabrın 1-də “Kossuth” radiosun­da Ukrayna ilə bağlı yeni açıqla­malar verib. Qərb mətbuatı yazır ki, Macarıstanın baş naziri çıxı­şında Ukrayna hakimiyyəti üçün yaxşı heç nə deməyib. Bundan əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeilə məktub göndərərək, Ukraynaya dəstəyi tənqid edən cənab Orban yenə də bu məsələyə şübhə ilə yanaşdığı­nı açıqlayıb: “Ukraynanın Aİ-yə qəbulunun nə ilə nəticələnəcəyi­ni bilmiriksə, o zaman bu barədə danışmağa belə başlamayaq”. Bunun əvəzində o, Kiyevlə beş-on il müddətinə strateji tərəfdaş­lıq müqaviləsi bağlamaq barədə düşünməyi və bundan sonra nə ediləcəyinə qərar verməyi təklif edib. Cənab Orban, həmçinin bildirib ki, Aİ liderləri Kiyevə tam dəstək strategiyasını nəzər­dən keçirməyə razılıq versələr, Ukraynanın bloka üzvlüyünə veto qoyacaq. 

Xatırladaq ki, Aİ-də qərar­lar konsensusla qəbul edilir. Bir ölkə hər hansı bir təklifə qarşı çıxırsa, qərar qəbul olunmur. Belə bir perspektiv də Kiyev və Brüsseldə narahatlıq doğurur. Buna görə də, noyabrın 27- də Avropa İttifaqı Şurasının pre­zidenti Şarl Mişel Macarıstan liderini Ukraynaya maliyyə ay­rılması, eyni zamanda, Kiyevin “Köhnə dünya”ya inteqrasiyası ilə bağlı ümumavropa planları­nı pozmamağa inandırmaq üçün Macarıstana xüsusi səfər etmiş­di. Səfərin yekunu barədə mət­buata hər hansı bir açıqlamanın verilməməsi görüşün nəticəsiz yekunlaşması barədə ehtimalları gücləndirmişdi. Belə bir vəziy­yət də Aİ-nin bu ayın ortalarında keçiriləcək sammitinə diqqəti daha da artırır. “Politico” bunun­la bağlı yazıb ki, Avropa İttifaqı daxilində Budapeştin səsvermə hüququndan məhrum edilməsinə qədər müxtəlif “sakitləşdirmə” variantlarını nəzərdən keçirirlər. Düzdür, belə radikal ssenari Av­ropa İttifaqı daxilində daha da parçalanmanın mümkünlüyü ilə bağlı narahatlıq doğurur. 

Belə bir parçalanmanın müxtəlif müstəvilərdə olduğunu yalnız Macarıstanın mövqeyi göstərmir. Məsələn, dekabrın 1-də Slovakiyada yerli daşıyı­cılar Ukrayna ilə sərhəddə nəq­liyyatın hərəkətini bloklayıblar. Bununla onlar Ukrayna daşıyıcı­ları üçün icazə sisteminin bərpa­sına nail olmaq istəyən ölkənin Nəqliyyat Nazirliyinə dəstək ifadə ediblər. Bu məsələyə dekabrın 4-də Aİ-nin Nəqliyyat, Te­lekommunikasiya və Energetika Şurasının iclasında baxılacağı bildirilir. Mütəxəssislər bildirir­lər ki, problemin daha bir tərəfi də var. Məsələ ondadır ki, Mol­dova Ukrayna ilə birlikdə Aİ-yə üzvlüklə bağlı danışıqların baş­lanmasına ümid etdiyi üçün Ki­yevlə bağlı qərarın verilməməsi Kişinyova da zərbə vura bilər. İndiyədək iki qonşu dövlətlə bağlı qərarlar Brüssel tərəfindən eyni vaxtda qəbul olunurdu. Xa­tırladaq ki, Ukraynaya və Mol­dovaya Avropa İttifaqına üzv olmağa namizədlik statusu ötən ilin yayında verilmişdi. Bu ilin payızında Avropa Komissiyası Avropa Şurasına hər iki ölkə ilə danışıqlara başlamağı tövsiyə etmişdi.

Bəs Macarıstanın vetosu Av­ropanın Ukrayna ilə bağlı planla­rını poza bilərmi? Kiyevdə fəa­liyyət göstərən “Penta” Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Vladimir Fesenko hesab edir ki, Macarıstan Ukrayna ilə bağlı gözlənilən qərarı poza bilər: “Risklər böyükdür. Düşünürəm ki, Orbanın taktikası mümkün qədər payı artırmaq və dekabrda Ukrayna ilə danışıqlara dair qə­rarın qəbul edilməsinin qarşısını almaqdır”. Eyni zamanda, cənab Fesenko Budapeştin Ukraynanın Aİ-yə daxil olmasını tamamilə əngəlləmək niyyətində olmadığı­nı da düşünür. 

Mülki təhlükəsizlik sekto­runun islahatları üzrə Aİ-nin Ukrayna üzrə Məsləhətçi Missi­yasının keçmiş rəhbəri, hazırda Moldova hakimiyyətinə məs­ləhət verən Kalman Mizsei Vik­tor Orbanın hazırda Macarıstana maliyyə yardımı ilə bağlı Aİ ilə çətin danışıqlar apardığını bil­dirib. Brüssel daha əvvəl etiraf etmişdi ki, Budapeştə ayrılan 13 milyard avronu dondura bilər: “Aİ hesab edir ki, Macarıstan ölkədə qanunun aliliyi ilə bağ­lı öhdəliklərini yerinə yetirmir. Bu səbəbdən Macarıstan Avro­pa İttifaqından gözlədiyi pulu almır”. Onun sözlərinə görə, Macarıstanın baş naziri maliyyə ayrılması ilə bağlı danışıqlarda Aİ-yə üzv ölkələrin konsen­susunun tələb olunduğu bütün məsələlərdən yararlanır. Daha dəqiq desək, cənab Orban Bu­dapeştin prinsipial mövqeyini nümayiş etdirir. 

Bununla belə, mütəxəssislər düşünürlər ki, Budapeştə Kiyev­lə Aİ arasında danışıqlara razılıq vermək üçün qərarların qəbulu­nun yaza qədər təxirə salınması daha faydalıdır. Bu halda Maca­rıstan Kiyev üzərində təsir rıçaq­ları əldə edəcək və ondan Uk­raynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar prosesində uzun müddət istifadə edə biləcək. An­caq bu variant Aİ-ni qane etmir. Brüssel Macarıstanın etirazlarını aradan qaldırmaq üçün keçən həftə dondurulmuş vəsaitin bir milyard dollarını Budapeştə təqdim etsə də, bunun kifayət edib-etməyəcəyi bəlli deyil. Buna görə də, siyasi təhlilçilər ehtimal edirlər ki, Aİ yardımı­nın bloklanması və ya Ukray­nanın üzvlük müraciətinə veto qoyulması Budapeşt və Brüssel arasında kəskinləşən mübahisə riskini daha da artıracaq.

S.ELAY
XQ

Siyasət