...Otuz beş-qırx il öncə, isti yay günlərindən birində Cəlilabada gedirdik. Salyan ərazisində, bir yeməkxananın qarşısında sürücü avtobusu saxladı ki, mühərrik “nəfəsini dərsin”, biz də çay içək. Görkəmli xanəndəmiz Sabir Mirzəyev də orada idi. Hamımız sənətkarın başına toplaşdıq. “Bu istidə xeyir ola?” – deyə soruşduq. Cavabı qısa oldu: “Cəlilabada, doğma Bayxanlı kəndinə gedirəm. Yurd üçün darıxmışam”.
Xeyli söhbət elədik. Kimi xanəndənin həm bəm, həm də zil pərdədə heyran-edici səsindən, kimi “Çahargah”ı daha gözəl ifa etməsindən danışdı, kimi də onun “Mirzə Hüseyn segahı”nı, “Rast”ı, “Dəşti”ni məxsusi səsləndirdiyini vurğuladı. Təşəkkürünü bildirən sənətkar dedi: “Amma bəziləri məni İran muğam ifaçılığına xas zəngulələr vurmaqda suçlayır. Ola bilər, bəlkə də bu, mənə tanınmış xanəndə olmuş atam Nüsrət kişidən keçib. Hər bir halda, mən bunda bir qəbahət görmürəm”.
Sonralar öyrəndim ki, Sabir Mirzəyev Cəlilabad şəhər mədəniyyət evində muğam dərsləri keçir, gənc istedadları başına yığıb onlara sənətin sirlərini mənımsədir. O zamanlar həftədə iki dəfə Bakıdan rayona gedib cavanlara dərs keçmək asan deyildi. Amma o, bunu sevə-sevə edirdi. Əməkdar artist, Prezident təqaüdçüsü Sabir Mirzəyev indi aramızda yoxdur. Ancaq Cəlilabadda xeyli gözəl xanəndə yetişib. Aralarında unudulmaz sənətkarı xatırladanlar da var, doğma yurdun “səs açan” möcüzəli bulaqlarının sirrini-sehrini aləmə yayanlar da. Xanəndənin nəvəsi – balaca Sabir Mirzəyev də oxuyur, mərhum Xalq artisti Əlibaba Məmmədov onun ifalarını bəyənib, qabiliyyətini təqdir edib.
Bir neçə gün əvvəl Beynəlxalq Muğam Mərkəzində unudulmaz xanəndə Sabir Mirzəyevin 80 illiyinə həsr olunan xatirə gecəsi keçirilib. Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Xalq artisti Ağadadaş Ağayev onun həyat və yaradıcılığından, muğam sənətimizdə qoyduğu izdən söz açıblar. Qeyd olunub ki, Sabir Mirzəyev 40 ildən çox Dövlət Filarmoniyasında, “Azərkonsert” birliyində, teleradio şirkətində çalışıb, ifa etdiyi “Qarabağın maralı”, “Şuşanın dağları”, “Nazlana-nazlana”, “Gülə-gülə”, “Aşiqəm” xalq mahnıları, muğamlar Azərbaycan musiqi mədəniyyətinin “qızıl fond”una daxil olub.
Gecədə BMM-in solistləri – Əməkdar artistlər Sevinc Sarıyeva, Arzu Əliyeva, Səbuhi İbayev, xanəndə Rəvanə Qurbanova, həmçinin Əməkdar artist Yusif Mustafayev, eləcə də gənc xanəndələr Xəyal Hüseynov və Nemət Mirzəyevin ifaları təqdim olunub. İfaçıları tarzən Rövşən Qurbanovun rəhbərliyində ansambl müşayiət edib.
Əli NƏCƏFXANLI , “Xalq qəzeti”

