Yubilyar ədibin növbəti sənət hesabatı

post-img

Xalq yazıçısı və ictimai xadim Elçin Əfəndiyevin anadan olmasının 80 illiyi münasibətilə ölkəmizdə yubiley tədbirləri davam edir. Dünən Akademik Milli Dram Teatrında keçirilən təntənəli mərasimdə çağdaş ədəbiyyatımızın görkəmli nümayəndəsinin mənalı həyat yolu və zəngin yaradıcılığı xalqımızın sevgi-sayğısının və dövlətimizin yüksək qiymətinin hədəfi oldu. 

Mədəniyyət Nazirliyinin təşkil etdiyi yubiley toplantısında dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət xadim­ləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Xalq artisti Nurəddin Mehdixanlı Xalq yazıçısı Elçinin müasir ədəbiyyatı­mızı zənginləşdirən və dünya miqyasın­da da yüksək səviyyəsində təmsil edən nəsr və dramaturgiya yaradıcılığından söz açaraq bildirdi: “Xalq yazıçısı Elçi­nin yaradıcılığı Azərbaycan ədəbiyyatı­nın təkrarolunmaz səhifələrindəndir. O, ilk hekayəsini 1959-cu ildə yazıb. Onun ilk hekayələr kitabı 1966-cı ildə yazılıb, çoxsaylı povestlərdədən sonra yazdı­ğı ilk romanı da “Mahmud və Məryəm” yazıçıya geniş şöhrət qazandırıb. Elçin müəllim dramaturgiya yaradıcılığı ilə Azərbyacan səhnəsində öz teartını da yaratmağa nail olub. Sevimli ədibimizin əsərləri təkcə Azərbaycanda deyil, keç­miş SSRİ respublikalarında, eləcə də digər xarici ölkələrdə çap olunub, pyes­ləri tamaşaya qoyulub”.

Teatrşünas professor Məryəm Əli­zadə Elçini çağdaş Azərbaycan drama­turgiyasının aparıcı siması kimi təqdim edib: “60-cı illər ədəbi nəslinin parlaq nümayəndəsi olan Elçinin dramatur­giyası da özünəməxsusluğu ilə seçilir. Elçin yaradıcı insan kimi həyatın çağı­rışlarını və auditoriyanın tələbatını həs­saslıqlam duyan və çevik cavablandıran yazıçıdır. O, Azərbaycanın dünya səviy­yəliədibidir. Onun pyesləri, əsərləri dün­yanın bir çox ölkələrində səhnələşdirilir və sevilir”.

Sənətşünaslıq professoru İlham Rəhimli Xalq yazıçısı Elçinin yüksək estetik dünyagörüşünün onun bədii yaradıcılığını sənətkarlıq baxımından yüksək səviyyəyə qaldırdığına diqqət yetirərək görkəmli dramaturqun milli teatrımızı mövzu və ideya baxımından davamlı olaraq müasirləşdirdiyini vur­ğulayıb: “Elçin Azərbaycan dramatur­giyasında ilk ədibdir ki, 26–27 yaşında postmodernizm üslubunda pyes yazıb. O, Azərbaycan teatrında son 70 ildə İlyas Əfəndiyevdən sonra ikinci drama­turqdur ki, Akademik Milli Dram Teatrı­nın səhnəsində 11 tamaşası oynanılıb. Elçin Əfəndiyev yeganə dramaturq­dur ki, onun 3 nəsr əsəri – “Ağ dəvə”, “Mahmud və Məryəm”, həmçinin “Ölüm hökmü” romanları səhnəşdirilib və ta­maşaya qoyulub. Onun əsərləri təkcə öz ölkəsində deyil, dünyada da böyük auditoriya qazanıb.

Yubiley mərasiminin davamında El­çinin eyniadlı pyesi əsasında hazırlanan “Cəhənnəm sakinləri” tamaşası təqdim olunub.

Quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılov olan tamaşa böyük maraqla qarşılanıb və hərarətlə alqışlanıb. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olu­nub. Əsas rollarda Xalq artistləri Mə­leykə Əsədova, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Musta­fayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev və Xədicə Novruzlu çıxış ediblər.

1937-ci ilin məşum repressiyasının qaranlıqlarına işıq salan “Cəhənnəm sakinləri” tamaşası kədərli və amansız epizodları ilə xalqımızın yaşadığı faciə­nin dəhşətlərini canlandırıb.

Təntənəli mərasimdə tanınmış sənətçi və sənətşünasların Elçin yara­dıcılığına verdiyi dəyəri, səslənən təb­rikləri yazıçı 60 ildən artıq bir müddətdə yüksələn xətlə davam edən sənətinə verilən qiymət olaraq qəbul etdi. Göstə­rilən tamaşa isə yazıçının öz pərəstiş­karlarına növbəti yubiley hədiyyəsi və növbəti yaradıcılıq hesabatı kimi dəyər­ləndirildi. 

 

Tahir AYDINOĞLU, “Xalq qəzeti”



Mədəniyyət