5 ildə azad edilmiş ərazilərin bərpasına 20 milyard manat vəsait ayrılacaq
İqtisadiyyat Nazirliyinin beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, tənzimlənən qiymətlərin artırılmaması fərziyyəsi, eləcə də antiinflyasiya tədbirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,1 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın tədricən azalaraq 2029-cu ildə 3,8 faiz olacağı gözlənilir.
Maliyyə Nazirliyinin hazırladığı “2025-2029-cu illər üzrə ortamüddətli büdcə çərçivəsi”ndə bu barədə geniş məlumat verilib. Bildirilib ki, proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2029-cu ildə 123 milyard manata, xərclərinin isə 119,4 milyard manata qədər yüksələcəyi gözlənilir. İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozlarında isə 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi isə sabit, cari ilin səviyyəsində gözlənilir.
Proqnozlara əsasən, 2026-cı ilin sonuna ÜDM-in həcmi 136 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 101 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə ÜDM-in 163 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 129 milyard manata qədər artacağı gözlənilir.
Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,8 faiz, qeyri-neft-qaz ÜDM-in 5,1 faiz olacağı proqnozlaşdırılır. 2025-ci ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 1,2 faiz artacağı proqnozlaşdırılır. 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 79,4 faizə çatacağı, neft-qaz sektorunun payının isə 20,6 faizə bərabər olacağı proqnozlaşdırılır. Cari ildə ÜDM-in tərkibində qeyri-neftqaz sektorunun payının isə 71,3 faiz təşkil edəcəyi gözlənilir.
Yuxarıda qeyd edilənlərlə bərabər, sənəddə bu ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 29 milyard manata çatacağı, bununla da borcun ÜDM-in 22,2 faizini təşkil edəcəyi proqnozlaşdırılır. Eyni zamanda, 2026-2029-cu illərdə dövlət borcunun isə 32,7 milyard manata yüksələcəyi və 2029-cu il üzrə proqnozlaşdırılan ÜDM-in 20,1 faizi qədər olacağı gözlənilir.
“2025-2029-cu illər üzrə ortamüddətli büdcə çərçivəsi”ndə bildirilir ki, qarşıdakı dövrdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası xərclərinin 20 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Sənədə əsasən, bu xərclərin dövlət büdcəsinin əsaslı xərclərinin təxminən 30 faizini təşkil edəcəyi bildirilir.
Xatırladaq ki, 2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb. 2025-ci ildə isə bu istiqamətdə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub.
Maliyyə Nazirliyinin məlumatına əsasən, “2025-2029-cu illər üzrə ortamüddətli büdcə çərçivəsi”ndə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli fərmanı ilə təsdiqlənən “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na və “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Nazirlər Kabinetinin 2025-ci il 28 yanvar tarixli sərəncamına əsasən hazırlanıb.
“2025-2029-cu illər üzrə ortamüddətli büdcə çərçivəsi”ndə büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, milli xərc prioritetlərini, ortamüddətli resurs zərfini, icmal və dövlət büdcələrinin gəlir və xərclərinin proqnozları barədə məlumatları ehtiva edir.