Misir Ərəb Respublikasının Qahirə şəhərində D-8 – İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 4-cü iclası keçirilib. İqtisadiyyat Nazirliyindən nazir müavini Səməd Bəşirli iclasda çıxış edərək Azərbaycanın D-8 ölkələri ilə səmərəli tərəfdaşlıq əlaqələrinə malik olduğunu vurğulayıb.
D-8 təşkilatının üzv dövlətlər arasında ticarət üzrə dayanıqlığın gücləndirilməsi, bazarların şaxələndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından effektiv platforma olduğu qeyd edilib. Təşkilat daxilində ticarət həcmlərinin artırılması və daha səmərəli iqtisadi əlaqələrin formalaşdırılması istiqamətində aparılan müzakirələrin önəmi diqqətə çatdırılıb. Azərbaycanda mövcud əlverişli biznes mühiti, ölkəmizin strateji nəqliyyat-logistika üstünlükləri, sənaye potensialı və geniş investisiya imkanları barədə məlumat verilib.
Məclisdə iqtisadi əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi məqsədilə ticarət forumlarının təşkili, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və birbaşa biznes əlaqələrinin qurulmasının əhəmiyyəti xüsusi vurğulanıb. D-8 ölkələri arasında ticarətin dövriyyəsinin artırılması üçün birgə səylərin gücləndirilməsinin zəruri olduğu diqqətə çatdırılıb. İclasda D-8 üzvü olan dövlətlərin ticarət üzrə məsul nazirləri və nümayəndə heyətləri iştirak edib və Ticarət Əməkdaşlığı haqqında Qahirə Bəyannaməsi qəbul edilib.
Ümumiyyətlə, regionun təhlükəsizliyinin, dayanıqlı inkişafının və sabitlik mühitinin təmin edilməsində D-8 formatının əhəmiyyəti olduqca böyükdür. 1997-ci ildə İstanbulda əsası qoyulan bu birlik hazırda dünya müsəlman ölkələrinin ən irimiqyaslı iqtisadi təşkilatı kimi tanınır. Təşkilat 3 qitəni əhatə edən, 4 trilyon ABŞ dollarından artıq ümumi daxili məhsul (ÜDM) ilə qlobal iqtisadiyyata mühüm töhfə verən bir təşkilatdır. Həmçinin 130 milyard dollar həcmində ticarət dövriyyəsinə malik bu təşkilat öz üzv dövlətləri ilə geniş iqtisadi əlaqələrin mövcudluğunu nümayiş etdirir. Təşkilatın nominal ÜDM-i 5 trilyon 199 milyon dollar, real ÜDM-i isə 18 milyard 182 milyon dollar olmaqla, böyük iqtisadi potensialı ilə diqqət çəkir.
2024-cü ilin dekabrında Azərbaycan bütün üzv ölkələrin yekdil dəstəyi ilə təşkilata tamhüquqlu üzv seçildi. Dünyada təqribən 60 müsəlman dövlətinin mövcudluğunu nəzərə alsaq, məhz Azərbaycanın qəbul olunması ölkəmizə göstərilən yüksək rəğbətin və beynəlxalq arenadakı nüfuzunun bariz göstəricisidir. Qlobal nizamın yenidən formalaşdığı bir zamanda yeni iqtisadi və siyasi güclərin ortaya çıxması reallığın diktə etdiyi bir zərurətə çevrilib. Məhz buna görə də siyasi liderlərin aktiv təşəbbüslərlə çıxış etməsi, dünyada baş verən prosesləri düzgün təhlil etməsi və birqütblü sistemin yaratdığı disbalansları aradan qaldırmağa çalışması xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə D-8-in yaranmış boşluğu doldurmaq istiqamətində mühüm rola sahib olacağı düşünülür.
D-8, həmçinin üzv ölkələr arasında ticarət, sərmayə və texnologiya sahələrində əməkdaşlığın genişlənməsi üçün müxtəlif proqramlar həyata keçirir, onların beynəlxalq bazarlara çıxış imkanlarını artırmaq məqsədilə təşviq mexanizmləri tətbiq edir. Təhsil, mədəniyyət və sosial sahələrdə həyata keçirilən birgə təşəbbüslər isə üzv dövlətlər arasında yaxın humanitar əlaqələrin formalaşmasına töhfə verir.
Bir məqam xüsusi vurğulanmalıdır ki, onsuz da Azərbaycan bu ölkələrin, demək olar ki, hər biri ilə çoxillik siyasi və iqtisadi tərəfdaşlıq münasibətləri qurmuşdu. Yeni status isə həm ikitərəfli, həm də təşkilat daxilində əməkdaşlığın daha sistemli və intensiv şəkildə inkişafına imkan yaradır. Məlumdur ki, Azərbaycanın Bakı–Tbilisi–Qars dəmir yolu xətti, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı D-8 coğrafiyası üçün mühüm tranzit və logistika mərkəzinə çevrilməkdədir. Bu quruma üzvlük Azərbaycana yeni iqtisadi perspektivlər açmaqla bərabər, beynəlxalq arenada daha möhkəm və təsirli mövqe qazanmasına da şərait yaradır. Tarix boyu Şərqlə Qərbi birləşdirən strateji körpü funksiyasını yerinə yetirmiş, İslam mədəniyyəti və dini irsinin aparıcı mərkəzlərindən biri kimi tanınan Azərbaycanın D-8 ailəsinə qoşulması, İslam həmrəyliyinin gücləndirilməsinə və bu dəyərlərin dünya səviyyəsində daha geniş təbliğinə əhəmiyyətli dəstək verəcək.
Nurlan ABDALOV
XQ

