Bu gün alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerjiyə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. 2003-cü ildən başlayaraq İlham Əliyevin Prezident kimi məqsədyönlü fəaliyyəti ölkəmizin enerji strategiyasını keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Ümummilli Liderin bütün ideallarını gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyev 20 il ərzində Azərbaycanın nəinki qüdrətli enerji dövləti kimi inkişafına nail oldu, eyni zamanda, qətiyyəti, dəmir iradəsi sayəsində ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tam təmin edərək liderliyi ilə yeni tarixi reallıqlar yaratdı.
Azərbaycanın yaşıl enerji kursunda Qarabağ və Şərqi Zəngəzurun öz yerini tutması, azad edilmiş ərazilərimizin enerji şəbəkəsinin vahid enerji sisteminə inteqrasiyası, ölkəmizin enerji potensialının daha da güclənməsi və enerji təhcizatçısı missiyamızı uğurla davam etdirmək üçün yeni imkanların qazanılması bu reallığın ayrı-ayrı elementləridir. Bu aspektdə, İlham Əliyev dünyanın müasir tarixinin ən parlaq liderlərindəndir.
Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən, külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23000 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.
Ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb.
Bərpaolunan enerjiyə keçid qısa zamanda baş verə bilməz, bunun üçün uzun illər boyu gərgin iş aparılması, böyük sərmayələr yatırılması tələb olunur. Perspektiv planda Azərbaycan bu prosesin tədricən həyata keçirilməsini hədəfləyir və enerji mənbələrini şaxələndirir. Ənənəvi enerji növlərinə alternativ olaraq yaşıl enerjinin inkişaf etdirilməsi həyata keçirilir. 2020-ci ildə Səudiyyə Ərəbistanın “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə 240 meqavat gücündə külək və 230 meqavat gücündə günəş enerjisi üzrə pilot layihələrlə başlayan yaşıl enerji tərəfdaşlığının miqyası qısa müddətdə genişləndi. Az bir vaxtda “Masdar”, “ACWA Power”, BP, “Fortescue Future Industries”, “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy” və “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 28 qiqavatdan çox layihələrə dair əməkdaşlıq sənədlərinin imzalanması məhz Azərbaycan Prezidentinin yaşıl enerji kursuna beynəlxalq marağın, ölkəmizin yaşıl gələcəyinə olan inamın göstəricisidir.
Yaşıl enerji planları artıq real nəticələrə çevrilir. Ötən ilin oktyabr ayında açılışı olan 230 meqavat gücündəki “Qaradağ” GES ölkəmizdə 225 milyon dollar məbləğində xarici investisiya hesabına inşa edilmiş ilk stansiyadır. Bu stansiya sayəsində enerji balansımıza ildə 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Həmçinin “Masdar” ilə 10 qiqavatadək həcmdə müqavilələr bağlanıb. İlkin mərhələdə quruda sənaye miqyaslı 1 qiqavat gücündə günəş və 1 qiqavat gücündə külək enerjisi, həmçinin 2 qiqavat gücündə dənizdə külək və inteqrə olunmuş yaşıl hidrogen istehsalı layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi imzalanıb. Bu çərçivədə Neftçalada 390 meqavatlıq günəş, Biləsuvarda 445 meqavat günəş və Qobustanda 200-300 meqavat gücündə külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. 240 meqavat gücündə “Xızı-Abşeron” KES-in isə 2025-ci ildə istismara verilməsi qrafikinə uyğun işlər davam etdirilməkdədir. “ACWA Power” şirkəti ilə dənizdə və quruda ümumi gücü 2,5 qiqavatadək külək layihəsinin həyata keçirilməsinə dair İcra müqavilələri çərçivəsində ötən il Batareya Enerji Saxlama Sistemi və quruda 200 meqavat külək layihələri üzrə Yol Xəritəsi imzalanıb. Cəbrayılda BP tərəfindən cari il 240 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulacaq. Həmçinin Cəbrayılda “Nobel Energy”, Füzulidə isə Çin şirkəti ilə günəş elektrik stansiyalarının tikintisi üçün danışıqlar aparılıb.
Bundan başqa, Böyükşor gölündə 100 kVt gücündə pilot layihə üzrə ölkəmizdə ilk üzən günəş stansiyası quraşdırılıb.
Ötən il işğaldan azad edilən ərazilərdə olan 12 bölgədə tikilən yarımstansiya və su elektrik stansiyalarının açılışı olub. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası istismara verilib. Həmçinin yaşıl enerji strategiyasına uyğun olaraq 2023-cü ildə Kəlbəcər rayonunda 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Paralel olaraq “AzərEnerji” tərəfindən Laçında yeni tikilən 110 kilovoltluq “Qorçu” yarımstansiyasının və “Laçın” şəhər qovşaq yarımstansiyasının da ötən il açılışı həyata keçirilib. Bununla yanaşı, Laçın rayonunda yenidən qurulan 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” kiçik su elektrik stansiyaları yenidən qurularaq istismara buraxılıb. Prezident İlham Əliyev, həmçinin “AzərEnerji”nin yeni tikilən 10,5 meqavat gücündə “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında da iştirak edib. Həmçinin ötən ilin dekabr ayında isə 110 kilovoltluq “Ağdam” qovşaq yarımstansiyasının açılışı həyata keçirilib. Ötən il işğaldan azad edilən ərazilərdə “AzərEnerji”nin 9 elektrik stansiyasının tikintisinə başlanılıb və hazırda həmin 9 stansiya da daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edəcək su elektrik stansiyalarının tikintisi davam edir və onların bir neçəsində işlər tamamlanıb
Bundan başqa, 2027-cı ilin sonunadək 1862 meqavat həcmində “yaşıl güclər”in ölkənin enerji sisteminə inteqrasiyasını təmin etmək üçün elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi üzrə Dövlət Proqramının hazırlanması nəzərdə tutulur. Eyni zamanda, 2030-cu ilədək “Xəzər-Aİ yaşıl enerji dəhlizi” və Azərbaycan-Türkiyə-Avropa dəhlizini yaratmaq və şaxələndirilmiş marşrutlarla təxminən 5 qiqavat həcmində yaşıl elektrik enerjisi ixrac etmək məqsədilə intensiv işlər görülür. Xəzər dənizindən başlayan Azərbaycan, Gürcüstan, Qara dənizdən keçməklə Rumıniya, Macarıstanı əhatə edən və Bolqarıstanın da qoşulduğu dəhlizin texniki iqtisadi əsaslandırması və Birgə Müəssisənin yaradılması istiqamətində müvafiq addımlar atılır. Həmçinin Azərbaycan, Özbəkistan, Qazaxıstan və Türkmənistan arasında elektrik enerjisinin Mərkəzi Asiyadan ölkəmizə, buradan Avropaya ixracı təşəbbüsü dəyərləndirilir. Burada İlham Əliyevin daha bir müdrik yanaşmasına şahid oluruq. Bu da ondan ibarətdir ki, enerji resurslarının işlənilməsi və dünya bazarlarına çıxarılması vəhdətdə həyata keçirilməlidir. Məhz bu cür yanaşma sayəsində Avrasiyada enerji xəritəsi Azərbaycan vasitəsilə davamlı tərtib edilməkdədir. Ümumən, mərhələli şəkildə 2030-cu ilədək 7 qiqavat həcmində istehsal güclərinin yaradılması planlaşdırılır. İxrac tələblərindən asılı olaraq 2037-ci ilə qədər bu həcm əhəmiyyətli dərəcədə arta bilər.
Ötən il fevralın 3-də Bakıda keçirilən ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası ilə yanaşı, ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası baş tutub. Bu iclas Azərbaycanın bərpaolunan enerji istehsalı məsələsinə nə dərəcədə önəm verdiyini göstərir. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını yaşıl enerji zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il ölkəmizdə keçirilməsini İlham Əliyevin növbəti təntənəsi kimi qeyd etmək olar. COP29 konfransına ev sahibliyi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi olmaqla yanaşı, ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının davamı kimi qiymətləndirilir.
“Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”, - deyə Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə vurğulayıb.
COP29-un Bakıda keçirilməsi qərarı, həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir. Buna uyğun olaraq, ötən il dekabrın 25-də Prezident İlham Əliyev iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması barədə” Sərəncam imzalayıb. Sənəddə rəqabətqabiliyyətli iqtisadiyyatın dayanıqlı inkişafı, ölkənin təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi kimi əsas prioritetlər nəzərdə tutulur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili AZƏRTAC-a şərhində bildirib ki, son 20 ildə həyata keçirilən layihələr nəticəsində Azərbaycanın enerji sektorunda bərpaolunan enerjinin payı sürətlə artır və hazırda görülən işlər ölkədə dayanıqlı enerji təhlükəsizliyinin təmin olunmasını, Azərbaycanın regionda əsas bərpaolunan enerji ixracatçısına çevrilməsi məqsədini özündə ehtiva edir. Azərbaycanın bərpaolunan enerji sahəsində böyük inkişaf potensialına malik olduğunu da sözlərinə əlavə edən deputat ölkənin böyük külək və günəş resurslarına, həmçinin biokütlə, geotermal və su elektrik stansiyaları baxımdan əhəmiyyətli perspektivlərə malik olduğunu qeyd edib.
Onun sözlərinə görə, ölkəmizdə elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faizə çatdırılması hədəflənir.
“Bərpaolunan enerji mənbələri iqtisadiyyatın şaxələndirilməsi təşəbbüsünün dəstəklənməsində mühüm rol oynaya bilər. Qlobal miqyasda məqsəd bərpaolunan enerji mənbələrinin 2050-ci ilə qədər enerji istehlakının üçdə ikisini və elektrik enerjisi istehsalının 86 faizini təmin etməkdir. Bu transformasiya, həmçinin dünya ÜDM-nin 2,5 faiz artımını və adi ssenari ilə müqayisədə qlobal məşğulluğun daha 0,2 faiz artımını təmin edəcək. Bərpaolunan enerji mənbələrinin enerji balansında daha yüksək payı iqtisadiyyatın şaxələndirilməsindən başqa digər çoxsaylı faydalar da gətirə bilər. Bərpaolunan enerji mənbələri ənənəvi olaraq neft və qazın üstünlük təşkil etdiyi ölkədə texnoloji innovasiyalara imkanlar yaratmaqla və iqtisadi dəyərin və bununla bağlı ÜDM artımının təmin edilməsi üçün yeni sektorlar açmaqla yeni məşğulluq imkanlarının katalizatoru qismində çıxış edə bilər. Bundan başqa, enerji effektivliyinin davamlı artması ilə birlikdə bərpaolunan enerji mənbələrindən sürətli istifadə ölkə daxilində neft və qaz istehlakının azalmasına da gətirib çıxara bilər. Bu sahənin inkişaf etdirilməsində əsas məqsədlərdən biri də Azərbaycanın enerji sektorunda ənənəvi yanacaqlardan istifadəni və aslılığı azaltmaq, enerji tələbatını davamlı şəkildə ödəmək məqsədilə bərpaolunan enerji istehsalı güclərinin genişləndirilməsidir”, - deyə T.Mirkişili bildirib.
Deputat xüsusilə qeyd edib ki, ölkəmizdə xarici sərmayeçilər üçün yaradılan əlverişli investisiya mühiti və zəngin bərpaolunan təbii enerji resursları sayəsində bu sahəyə irimiqyaslı investisiyalar qoyulur: “Şübhəsiz ki, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna yatırılan ən böyük xarici investisiyalardan biri, regionun ən böyük günəş elektrik stansiyası olan 230 meqavat gücə malik Qaradağ Günəş Elektrik Stansiyası layihəsi Azərbaycanın yaşıl enerji ölkəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Mərhələli şəkildə həyata keçiriləcək layihələr əsasında ümumilikdə 700 meqavatdan artıq günəş və külək enerjisinin istehsalı nəzərdə tutulub ki, bu da ölkəmizə bərpaolunan enerjinin istehsalı, ekosistemin qorunması, enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyat kimi məsələlərlə bağlı regionda üstün mövqeyə malik olmasına zəmin yaradacaq. Həmçinin Azərbaycanın cari ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkəmizin iqlim dəyişikliyi ilə bağlı öz səylərini daim göstərdiyini, hökumətin iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər həyata keçirmək strategiyasını və bu sahədə öhdəliklərini anladığını bir daha sübut edir. Eyni zamanda, bu mühüm qərar beynəlxalq arenada Azərbaycana olan dərin etimadın sübutudur və ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Belə bir əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi etmək həm də bərpaolunan enerji layihələrində gələcək sərmayə və əməkdaşlığa təkan verəcək. Belə ki, bu, Azərbaycana digər ölkələrlə müvafiq sahədə əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq, bərpaolunan enerji və iqlim fəaliyyəti ilə bağlı qlobal müzakirələrə töhfə vermək üçün geniş platforma təmin edəcək”.