BMU-nun iki komandası “Robotex Azərbaycan”da birinci yeri tutub

post-img

Bakı Mühəndislik Universitetinin (BMU) “Robotex Azərbaycan Avrasiya Çempionatı” Festivalında çıxış edən hər iki komandası – “ROBOXIDE” və “A-MAZE” birinci yerin qalibi olub.

“Robotex Türkiye” çərçivəsində keçirilən Azərbaycan mərhələsində çıxış edən BMU-nun tələbələrindən ibarət “ROBOXIDE” komandası “1 Kg-Lego Sumo” kateqoriyası, “A-MAZE” komandası isə “Maze solving” (“Labirint həlli”) kateqoriyası üzrə ilk yeri tutub.

“Robotex Azərbaycan Avrasiya Çempionatı” Festivalının açılış mərasimində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, BMU-nun rektoru Yaqub Piriyev, həmçinin bir sıra ali təhsil müəssisələrinin rektorları və digər qonaqlar iştirak ediblər.

Festival robot texnologiyalarının inkişafını təşviq etmək və yeni ideyaların ortaya çıxması üçün uyğun zəmin hazırlamaq məqsədi daşıyır. Azərbaycanda ilk dəfə reallaşdırılan, 18 kateqoriya və 4 yaş qrupu (ibtidai, orta, yuxarı siniflər və tələbələr) üzrə təşkil edilən festivalda 250-dən çox komanda, 1500-dən çox iştirakçı, 5000-dən çox qonaq iştirak edib.

Hər kateqoriyada ilk 3 yeri qazanan komandalar ölkəmizi yarımfinal mərhələsində 20-21 aprel 2024-cü il tarixlərində Antalyada keçiriləcək “Robotex Türkiyə” Milli Cempionatında təmsil edəcəklər. 18 ölkənin qatılacağı bu mərhələdə fərqlənən komandalar isə noyabr ayında Estoniyada təşkil ediləcək dünya çempionatında iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, BMU əməkdaşları Əli Həsənov və Elməddin Hüseynovun mentorluğu ilə yarışmada iştirak edən komandaların üzvlərindən yeddisi BMU və Cənubi Koreya Respublikası arasında icra olunan ikili diplom proqramının tələbələridir.

Rövşən TOĞRUL 
XQ











İKT