ChatGPT yaradıcısından tarixi addım: OpenAI bir trilyon dollarlıq dəyərlənmə hədəfləyir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

"ChatGPT" platformasının yaradıcısı "OpenAI" şirkəti ABŞ-da ilkin kütləvi təklif (IPO) keçirmək üçün Qiymətli Kağızlar və Birja Komissiyasına konfidensial müraciət daxil edib

Maliyyə bazarlarında böyük rezonans doğuran bu addım, investorların süni intellekt (AI) sektoruna artan marağı fonunda reallaşır. Rəsmi sənədləşmədə səhmlərin yerləşdirilmə həcmi və dəqiq tarixlər gizli saxlanılsa da, "OpenAI"ın bu IPO çərçivəsində rəsmən 1 trilyon dollar bazar dəyəri hədəflədiyi bildirilir. Bazar şərtlərindən asılı olaraq birjaya çıxış prosesi artıq cari ilin sentyabr ayında baş tuta bilər.

Şirkət rəhbərliyi yaydığı rəsmi bəyanatda konfidensial müraciəti təsdiqləyərək qeyd edib:

"Biz bu qərarla birjaya daha tez çıxmaq imkanı qazanırıq. Hazırda konkret zaman çərçivəsi müəyyən etməmişik, çünki qapalı özəl şirkət statusunda həyata keçirmək istədiyimiz bəzi strateji planlarımız var. Lakin bu addım bizə ən doğru addımı seçmək üçün çeviklik verir."

Süni intellekt sektorunda rəqabət kəskinləşdikcə şirkətlərin qiymətləndirilmə yarışında da rekordlar yenilənir. Son maliyyələşmə mərhələsində "OpenAI"ın dəyəri təxminən 852 milyard dollar statusunda qərarlaşmışdı. Onun əsas rəqibi olan və "Claude" neyroşəbəkəsini inkişaf etdirən "Anthropic" şirkəti isə bənzər şəkildə IPO üçün müraciət etdikdən sonra dəyərini 965 milyard dollara çatdırıb. Ekspertlərin fikrincə, qısa müddət ərzində bir neçə trilyonluq süni intellekt nəhənginin açıq bazara daxil olması dünya birja tarixində nadir hadisələrdən olacaq.

Hazırda "OpenAI" kommersiya baxımından böyük yüksəliş dövrünü yaşayır. "ChatGPT" istifadəçilərinin sayı həftəlik 900 milyon aktiv şəxsi ötüb, pullu abunəçilərin sayı isə 50 milyona çatıb. Şirkətin aylıq gəliri artıq 2 milyard dollar səviyyəsində qiymətləndirilir. "OpenAI" rəhbəri Sem Altman cari mərhələni süni intellektin idarə etdiyi daha geniş iqtisadi keçidin başlanğıcı kimi xarakterizə edib.

Şirkətin birja hazırlıqları həm də daxili idarəetmə strukturunun ictimai xeyriyyə korporasiyasına çevrilməsi prosesi və böyük texnoloji tərəfdaşlarla (Microsoft, Amazon, Google) əlaqələrin dərinləşməsi ilə müşayiət olunur. Eyni zamanda, "OpenAI"ın ortaq təsisçisi olmuş İlon Mask ilə yaşanan uzunmüddətli hüquqi mübahisənin ABŞ məhkəməsində şirkətin xeyrinə həll olunması, onun birjaya gedən yolundakı sonuncu qeyri-müəyyənliyi də tamamilə aradan qaldırıb.

Hazırladı:

Arzu ƏLİYEVA
XQ

İKT