Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ-ın Kaliforniya Universitetinin mühəndisləri kosmik şəraitdə bitkilərə zərər vermədən onlardan dəfələrlə əczaçılıq preparatları toplamağa imkan verən sadə və səmərəli metod hazırlayıblar
"npj Science of Plants" jurnalında dərc olunan tədqiqata görə, bu kəşf uzunmüddətli kosmik missiyalarda iştirak edən astronavtlara bitkiləri tamamilə məhv etmədən və tullantı yaratmadan göyərtədə təzə dərmanlar istehsal etmək imkanı verəcək. Metod eyni zamanda Yer kürəsinin resursları məhdud olan ucqar regionlarında da ucuz dərman istehsalını təşkil etməyə kömək edə bilər.
Kosmik səyahətlərin ən böyük problemlərindən biri dərmanların kosmosda sürətlə xarab olmasıdır. Beynəlxalq Kosmik Stansiyada (BKS) mövcud tibbi preparatların yarısından çoxunun yararlılıq müddəti üç il ərzində bitir ki, bu da Marsa uçuş üçün kifayət etmir. Müvafiq problemin həllində bitkilər yalnız işıq, su və torpaqdan istifadə edərək unikal "mini-fabriklər" rolunu oynaya bilər.
Tədqiqatçılar sınaq üçün xərçəng hüceyrələri ilə mübarizədə immun sistemini stimullaşdıran xüsusi bitki virusundan (CPMV) istifadə ediblər. Əvvəllər bu virusu çıxarmaq üçün bitkinin yarpaqları blenderdə tamamilə əzilirdi ki, bu da kosmos şəraitində qeyri-mümkündür. Kaliforniyalı bioloqlar isə fərqli metod təklif ediblər: yarpaqlar xüsusi məhlula salınır, vakuum vasitəsilə daxili boşluqları doldurulur və az dövriyyəli sentrifuqadan keçirilərək virus hissəcikləri olan maye dərhal süzülür. Bu zaman yarpaqlar tam saxlanılır və bitkidən dəfələrlə məhsul yığmaq mümkün olur. Alimlər 50 bitkidən ibarət qrupdan lazımi preparatı cəmi iki saatdan az müddətdə toplayıb təmizləyə biliblər.
Mikroqravitasiya, radiasiya və temperatur dəyişiklikləri kimi kosmik amillərin imitasiya edildiyi laboratoriya mühitində aparılan testlər zamanı əldə olunan dərman maddəsinin həcmi hətta bir qədər də artıb. Çünki xarici kosmik stres amilləri bitkiləri xəstəliklərə qarşı daha həssas edir, hədəf məhsul isə elə bitki virusunun özündən formalaşır. Layihə komandası növbəti mərhələdə bu metodu real kosmik missiyalarda sınaqdan keçirməyi və raket buraxılışlarının toxumlara olan təsirini araşdırmağı planlaşdırır.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

