Bu dövlətlər Avropa İttifaqından böyük coğrafiyanı əhatə edir
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda “Türk dünyası iqtisadiyyatı: inteqrasiya və inkişaf” mövzusunda elmi müzakirə keçirilib. İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov tədbirdə çıxış edərək bu mövzuda müzakirələrin aparılmasının türk dövlətlərinin iqtisadiyyatlarının daha sıx inteqrasiyasına töhfə verəcəyini söyləyib.
Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı “Türk dünyası iqtisadiyyatı: inteqrasiya və inkişaf” mövzusunda məruzə edib. Bildirib ki, türk dövlətləri arasında münasibətlər yüksələn xətlə inkişaf edir və bu münasibətlərin daha da möhkəmləndirilməsi Azərbaycanın prioritet istiqamətlərindəndir.
Vüsal Qasımlı çıxışı zamanı Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Avropa İttifaqının ərazisindən daha böyük coğrafiyanı əhatə etdiyini vurğulayıb və deyib ki, əgər TDT bir dövlət olsaydı, dünyada “top-10”luğa düşərdi.
İqtisadçı professorun sözlərinə görə, türk dövlətləri dünya əhalisinin 2,2 faizini, ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ÜDM-in 1,6 faizini təşkil edir. Mövcud potensial isə bu rəqəmlərin gələcəkdə artırılmasına imkan verir. Professor türk dövlətlərinin logistik imkanlarından, eləcə də çoxtərəfli ticarət dövriyyəsinə təsir edən amillərdən də danışaraq deyib ki, “Heartland”də yerləşən Türk Dövlətləri Təşkilatı (TDT) Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əsas drayveridir.
Mərkəz rəhbəri türk dövlətləri arasında birbaşa xarici investisiya qoyuluşunun və ticarət əlaqələrinin şəbəkə analizinin nəticələrini açıqlayıb. O, eyni zamanda, “Qravitasiya modeli”nin nəticələrinə əsaslanaraq qeyd edib ki, türk dövlətlərində paytaxtlararası məsafənin böyük olması ticarət dövriyyəsinə mənfi təsir göstərsə də, ortaq dil, ÜDM, əhali sayı və ümumi sərhədlərin mövcudluğu ticarət dövriyyəsinə müsbət təsir göstərir.
İcraçı direktor türk dövlətləri arasında siyasi və iqtisadi inteqrasiyanın dərinləşməsində “Türk Dünyasına Baxış - 2040” sənədinin xüsusi rolu olduğunu söyləyərək qeyd edib ki, sənəddə türk dövlətləri arasında iqtisadi işbirliyi, nəqliyyat, gömrük, enerji, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın yol xəritəsi verilib. Mühazirənin sonunda Vüsal Qasımlı sualları cavablandırıb və müvafiq müzakirələr keçirilib.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Türk iqtisadi icmalı”nın 2023-cü ilin ilk sayına əsasən, 2021-ci il üzrə türk dövlətlərində ÜDM 1 milyard 383 milyon dollar, ticarət dövriyyəsi isə 8 milyard 56 milyon dollar təşkil edib. Cari ilin ilk rübündə Özbəkistan iqtisadiyyatı 5,5 faiz, Qazaxıstan iqtisadiyyatı 4,9 faiz, Qırğızıstan iqtisadiyyatı 4,6 faiz, Türkiyə iqtisadiyyatı 4 faiz, Azərbaycan iqtisadiyyatı isə 0,4 faiz böyüyüb.
2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin artımı baxımından isə ən yaxşı göstərici 100,6 faizlə Türkiyədə qeydə alınıb. Qardaş ölkənin dövlət büdcəsinin gəlirləri 147 milyard 122 milyard 2 milyon ABŞ dolları olub. Türkiyə bu ilin yanvar-mart aylarında da dövlət büdcəsinin gəlirlərinin artımında fərqlənib, 75,1 faiz təşkil edən 53 milyard 812 milyon dollar məbləğındə gəlirlə liderlik mövqetini saxlayıb.
Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 4 milyard 758 milyon dollar) və Azərbaycan (ticarət balansı 4 milyard 209 milyon dollar) malik olub. Bu dövr ərzində TDT-nin üzv ölkələrinin hər birində əsas kapitala yönələn vəsaitlərdə də artım müşahidə edilib.
“Türk iqtisadi icmalı”nın sözügedən sayında ilk dəfə olaraq türk dünyasından keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri də göstərilib. Həmin dəhlizlərin arteriyalar üzrə şaxələndirilməsi isə Avrasiya regionunda nəqliyyat daşımalarında türk dünyasının mövcud potensialını göstərib.
Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi prosesində aparıcı rola malik ölkələrdəndir. Rəsmi Bakı türk dövlətlərinin inteqrasiyası üçün fəal siyasi təşəbbüslərlə çıxış edir, iqtisadi maraqların uzlaşdırılması məqsədilə koordinasiyanın formalaşmasını gerçəkləşdirir. Bu, respublikamızın türk dövlətləri ilə iqtisadi münasibətlərində özünü aydın nəzərə çarpdırır. Məsələn, 2022-ci ildə Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4,4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlməsi, Türkmənistanla dövriyyədə 5,1 dəfə artım qeydə alınması bunun bariz nümunəsidir.
XQ

