“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəhbəri Teymur Abdullayevin mediaya açıqlamasına görə, cari ilin fevral ayında təməli qoyulan Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) ərazisində inşa edilən yeni elektrik stansiyasında tikinti işləri sürətlə davam etdirilir.
Artıq İtaliyanın “Ansaldo Energia” şirkətinin istehsalı olan qaz turbinləri və generatorlar gəmiyə yüklənərək Azərbaycana çatdırılıb. İndiyədək 4 qaz turbininin, generatorların və qazanların bünövrə, betonlanma əməliyyatları yekunlaşdırılıb.
Qeyd edək ki, 1280 meqavatlıq bu yeni elektrik stansiyası və “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud 7 və 8-ci bloklarının əlaqələndirməsi nəticəsində ümumi güc 1880 meqavat olacaq. Bununla da faydalı iş əmsalı 18 faiz artırılaraq 56 faizə çatdırılacaq.
Yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənən qaz utilizasiya yolu ilə suyu buxara çevirəcək və “Azərbaycan” İES-in 7 və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz istifadə olunmadan enerji almağa imkan verəcək. Əlaqələndirmə nəticəsində ildə 800 milyon kubmetr qaza qənaət olunacaq.
XQ

