Son 20 ildə şəhər və rayonlar müasir tərəqqiyə qovuşub
Son 20 ildə ölkəmizdə regionların inkişafı daim diqqətdə saxlanılıb. Bununla bağlı qəbul edilən dövlət proqramlarının (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər) uğulu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərin siması köklü şəkildə dəyişilib, bölgələrin potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açılıb. Eyni zamanda, respublikada qeyri-neft sektorunun inkişafına, yeni müəssisələrin, iş yerlərinin yaradılmasına, nəticədə, əhalinin məşğulluğunun artırılması və yoxsulluq səviyyəsinin azaldılmasına nail olunub.
Bütün bunlar statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, son 20 il ərzində regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar 4 dövlət proqramında nəzərdə tutulan tədbirlərin gerçəkləşdirilməsi üçün yatırılan investisiyaların həcmi 104 milyard manata yüksəlib. Bunun nəticəsidir ki, 2022-ci ildə regionlar üzrə məhsul buraxılışının həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə çoxalıb, 2004-cü ildən indiyədək bölgələrdə 1,8 milyondan çox yeni iş yeri və 52 mindən çox yeni müəssisə yaradılıb.
2003-cü ildən regionlarda 8 hava limanı tikilib və ya yenidən qurulub, Laçın hava limanının inşasına başlanılıb. Bundan başqa 17 min kilometrdən çox avtomobil yolu salınıb, 500-dən çox körpü və tunel, 3 min 300-dək məktəb, 450-dən çox uşaq bağçası, 550-dən çox tibb müəssisəsi, 41 Olimpiya İdman Kompleksi istifadəyə verilib, yaxud təmir olunub.
Regionlarda özəl sektorun dəstəklənməsinə böyük önəm verilib. Bu sahədə Sahibkarlığın İnkişafı Fondu xüsusi fərqlənib. Belə ki, 2003-2022-ci illərdə fond tərəfindən 43 minədək investisiya layihəsinin maliyyələşməsinə 28 milyard manatdan çox güzəştli kredit verilib və onun 75 faizi regionlara ayrılıb. Bu layihələr hesabına 80 faizdən çoxu regionların payına düşməklə 178 mindən çox yeni iş yeri açılıb.
Regional inkişafdan bəhs edərkən Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan sənaye zonalarının fəaliyyətinə də diqqət yetirmək istərdik. Xatırladaq ki, indiyədək bölgələrdə 7 sənaye parkı və 5 sənaye məhəlləsi yaradılıb. Sənaye zonalarında, ümumilikdə, 10 milyard manatdan çox məhsul istehsal edilib ki, bunun da 3,4 milyard manatlıq hissəsi ixrac olunub.
Respublikada 2016-cı ildən tətbiq edilən investisiya təşviqi mexanizmi çərçivəsində 7 ildən artıq bir müddət ərzində 583 layihə təşviq olunub. Həmin layihələrin icrası nəticəsində iqtisadiyyata 5,6 milyard manatdan artıq sərmayə yatırılması, 39 minədək iş yerinin yaradılması nəzərdə tutulub. Sözügedən layihələrin 86 faizi regionların payına düşüb.
Bölgələrdə kənd təsərrüfatının inkişafı istiqamətində də çoxsaylı layihələr icra edilib, bu yöndə müxtəlif infrastruktur obyektləri istifadəyə verilib. Aqroparkların yaradılması diqqətdə saxlanılıb. Son illərdə fəaliyyətə başlayan 46 aqroparka sahibkarlar tərəfindən 1,5 milyard manatdan çox investisiya qoyulub, 4800-dən çox iş yeri açılıb.
Regional proqramlar çərçivəsində bölgələrdə sənayeləşmə siyasətinin həyata keçirilməsinə mühüm əhəmiyyət verilib, bu istiqamətdə yeni yaradılan sənaye parkları və məhəllələrinin səmərəli fəaliyyəti məqsədilə bir sıra layihələr reallaşdırılıb. Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz vadisi İqtisadi Zonası” sənaye parklarının və Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələrinin tabe müəssisələrində əlverişli investisiya mühiti formalaşdırılıb. Bu təsərrüfatlarda sahibkarlığın müasir dünya təcrübəsi əsasında formalaşması üçün rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad olunub.
Regionlarda sosial–iqtisadi inkişaf strategiyasına uyğun olaraq sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə real sektora özəl investisiyaların cəlbi gücləndirilib. Dövlət başçısının 2016-cı il 18 yanvar tarixli fərmanı ilə təsdiqlənən “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na əsaslanaraq həmin sənədlərin təqdim olunması nəticəsində təkcə ötən il ərzində 49 sahibkarlıq subyekti tərəfindən yerli istehsala 665 milyon manat investisiya yatırılıb və 2 min 323 yeni iş yeri açılıb.
Son 20 il ərzində ölkəmizdə həyata keçirilən regional inkişaf strategiyasının prioritet istiqamətlərindən biri də yol infrastrukturunun müasir standartlara cavab verən səviyyədə yenidən qurulması olub. Bu mühüm vəzifənin uğurla icrası məqsədilə dövlət büdcəsindən hər il böyük həcmdə vəsait ayrılıb və bunun hesabına dünya standartlarına cavab verən yüksək keyfiyyətli avtomobil yolları salınıb. Belə ki, 2003-cü ildən indiyə kimi respublikamızda 6,2 milyon nəfər əhali yaşayan, 2 min 210 yaşayış məntəqəsini birləşdirən kəndlərarası 5 min 100 kilometr uzunluğunda avtomobil yolu tikilib, yenidən qurulub və təmir olunub.
Yuxarıda diqqətə çatdırılan göstəricilər son illər respublikamızın bütün şəhər və rayonlarının sürətlə müasirləşməsi, abadlıq-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsi, böyük infrastruktur layihələrinin gerçəkləşdirilməsi, yeni iş yerlərinin yaradılması və vətəndaşların sosial rifahının yüksəldilməsinin, bir sözlə, regional strategiyanın uğurla icrasının məntiqi nəticəsidir.
Samir HEYDƏROV,
iqtisadçı
Uzunmüddətli iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin regionlarının davamlı və tarazlı inkişafı təmin olunub, yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat formalaşdırılıb. Bir sözlə, Prezident İlham Əliyevin 20 illik prezidentliyi dövründə regionların sosial¬-iqtisadi inkşafı daim prioritet istiqamət kimi diqqətdə saxlanılıb.
Artıq bir neçə gündür ki, ölkəmizdə cənab İlham Əliyevin Prezident seçildiyi ötən 20 il ərzində əldə edilən uğurlardan danışılır və dövlət başçısının Xankəndi şəhərində Azərbaycan Bayrağının qaldrılmasının xoş ovqatı yaşanılır.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən başlayaraq yeni iqtisadi inkşaf strategiyasını uğurla həyata keçirir. Bu müddətdə 4 regional sosial-iqtisadi inkşaf proqramı qəbul olunub və yüksək səviyyədə icrası nəticəsində milli iqtisadiyyatın real həcmi 4 dəfə, ixrac isə 15,6 dəfə artıb. Regional siyasət nəticəsində bölgələr arası qeyri-bərabərlik azaldılıb, 1,5 milyondan çox iş yeri açılıb. 2003-cü ildə ÜDM-in nominal həcmi 7,1 milyard manat olduğu halda ötən il həmin göstərici 133,7 milyard manata yüksəlib.
Bütün bunlarla yanaşı, 2019-2023-cü il dövlət proqramı çərçivəsində elektrik enerjisi sahəsində ciddi addımlar atılıb. Qazlaşdırma prosesi uğurla davam etdirilib. Bu gün demək olar ki, respublikanın bütün bölgələrinə təbii qazın verilişi təmin olunub. Avtomobil yollarının keyfiyyətinə görə, Azərbaycan dünyada 20-ci yerdə qərarlaşıb.
Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa-quruculuq layihələri uğurla davam etdirilir. Yaşayış binaları, sosial obyektlər tikilir, yollar çəkilir, kommunikasiya xətləri qurulur, bir sözlə, bu yerlərdə həyat yenidən canlanır.
Vaqif BAYRAMOV
XQ




