Boz çöllərdə Cənubi Qafqazın ilk mobil suvarma sistemi istifadəyə verilib
Ölkəmizdə əkinə yararlı torpaqlardan səmərəli istifadə edilməsi və ekoloji təmiz məhsul istehsalının genişləndirilməsində aqroparkların xüsusi əhəmiyyəti var. Son illər aqrar bölmədə fəaliyyət göstərən yeni tipli müəssisələrin mütərəqqi suvarma sistemləri ilə təchizatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ceyrançöl ərazisindəki aqroparkda Cənubi Qafqazda ilk dəfə mobil (hibrid) suvarma sistemlərindən istifadəyə başlanılıb. Yeni texnologiyanın tətbiqi su itkisinin qarşısının alınmasında və suya qənaət edilməsində mühüm rol oynayacaq.
Bu barədə Şəmkir rayonunda “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında “Ehtiyatlara qənaət edən müasir suvarma və əkinçilik texnologiyaları” mövzusunda keçirilən tədbirdə ətraflı məlumat verilib. Xatırladaq ki, İZİA, “Azərşəkər” və “Gilan Pivot” məhdud məsuliyyətli cəmiyyətlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının əməkdaşları, fermerlər və KİV nümayəndələri iştirak ediblər.
Ölkədə mövcud aqroparkların fəaliyyətinə nəzarəti həyata keçiriən İqtisadi Zonaların İnkişafı Agentliyindən bildiriblər ki, tədbirdə “Strip till” texnologiyasının tətbiqinin üstünlükləri, həmçinin ən son suvarma texnologiyası olan mobil və ya hibrid suvarma sistemlərinin üstünlükləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Texnologiyanın təqdimatında mobil suvarma sistemlərinin, eləcə də paralel istifadə olunan “Strip till” əkin texnologiyasının üstünlükləri barədə məlumat verilib, bu texnologiyalarla becərilən qarğıdalı sahəsinə, həmçinin “Mzuri” əkin texnikası ilə aparılan arpa səpininə baxış keçirilib. Bildirilib ki, “Mzuri”nin üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanılması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.
Xatırladaq ki, Ceyrançöldəki aqroparkın əkinə yararlı 4 min hektar sahəsinin 1428,6 hektarında pivot, 17,2 hektarında sprinkler, 40 hektarında damlama olmaqla, ümumilikdə, 1485,8 hektarında əkin aparılıb. Bu il aqroparkda 421,6 hektar şəkər çuğunduru, 268 hektar qarğıdalı, 55,7 hektar soya, 341,6 hektar arpa, 24,6 hektar toxumluq xardal və 320 hektar ərzaqlıq buğda əkilib. Mövsüm ərzində zəmilərdən 1732 ton buğda və 1692 ton arpa yığılıb. Buğda və arpa üzrə hektarın orta məhsuldarlığı müvafiq olaraq 5,4 ton və 5 ton təşkil edib. Soya üzrə məhsuldarlıq isə 2,1 ton olub. Arpa biçinindən sonra sahələrdə təkrar əkin işləri həyata keçirilib. Ötən müddətdə 189 hektar ərazidə qarğıdalı əkilib.
Yeri gəlmişkən, Azərbaycanda aqroparklar ölkə Prezidenti İlham Əliyevin 2014-cü il aprelin 16-da imzaladığı “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılıb. Yeni tipli aqrar müəssisələrinin yaradılmasında məqsəd ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və regionlarda işsiziliyin aradan qaldırılmasından ibarətdir. Bu müəssisələr aqrar sahədə inkişafı sürətləndirməklə yanaşı, idxaldan asılılığın azaldılmasına, eləcə də ölkənin ixrac potensialının artırılmasına və milli brendlərin yaradılmasına mühüm töhfələr verir.
Qabaqcıl texnologiyalara və müasir innovativ idarəetmə sisteminə əsaslanan aqroparklarda istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətləri formalaşdırılır ki, bu da kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə olunmasına imkan yaradır. Aqroparklar innovativ üsulların geniş tətbiqi hesabına ölkənin əsas strateji məhsullarının istehsalının həcminin artırılması ilə bağlı növbəli və təkrar əkinlər, yüksək reproduksiyalı və keyfiyyətli toxumlardan istifadə, düzgün aqrotexniki qulluq və s. həyata keçirirlər.
Hazırda ölkəmizin 32 rayonu üzrə 51 aqropark və iri fermer təsərrüfatı fəaliyyət göstərir. Aqropark və iri fermer təsərrüfatlarının 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. Ümumi ərazisi 240 min kvadratmetr təşkil edən aqroparkların layihə dəyəri isə 2,4 milyard manatdır.
Ötən müddətdə aqroparklara 1,4 milyard manat özəl sərmayə qoyulub. Eyni zamanda, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 195 milyon manat güzəştli kredit verilib. Bunun da nəticəsində aqroparkların ərazilərində 2600 hektar fındıq, 2248 hektar zeytun, 1228 hektar qoz, 1010 hektar badam, 388 hektar alma, 355 hektar nar, 152 hektar üzüm, eləcə də 275 hektar müxtəlif növ yeni intensiv və superintensiv meyvə bağları salınıb. Yeri gəlmişkən, aqroparkların ərazilərindəki mövcud fındıq, zeytun və qoz bağları ölkədə sahəsinə görə ən böyük intensiv bağlardır.
Hazırda ölkə üzrə 40 aqroparkda taxıl əkilir və yüksək məhsuldarlıq əldə edilir. Belə ki, 2022-ci il ərzində aqroparkların 41 min hektar sahəsində buğda biçini aparılıb və 152 min tondan çox məhsul istehsal edilib. Bunun da 88,8 min tonu ərzaqlıq, 31,4 min tonu toxumluq, 32 min tonu isə yemlik buğdanın payına düşür. İlkin göstəricilərə əsasən, bu il isə aqroparklarda 145 min tona yaxın ərzaqlıq buğda istehsal olunub. Bu da ölkənin taxılla təminatına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə kimi dəyərələndirilə bilər.
“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn yeni dəstək tədbirləri çərçivəsində bu il aqroparkların pivotaltı sahələrində buğda əkinini 52 faiz və ya 11,3 min hektar artırmaqla 33 min hektara çatdırmaq nəzərdə tutulur. Növbəti 5 il ərzində isə pivotaltı sahələr 100 min hektara çatdırılacaq.
Qeyd etdiyimiz kimi, aqroparklar ölkədə məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Ötən müddətdə yeni tipli bu müəssisələrdə, ümumilikdə, 4 min nəfər daimi, 5 min nəfər isə mövsümi işlə təmin olunub. Gələcəkdə aqroparklarda daha 5 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur.
Mirbağır YAQUBZADƏ
XQ