Bu günlərdə UNESCO onun bu dəyərini təsdiqlədi
Bu günlərdə respublikamıza daha bir xəbər yayıldı: Azərbaycanın qədim Hirkan meşələri relikt və endemik zənginliyinə və landşaftına görə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu barədə qurumun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında qəbul olunub.
Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən nadir meşə massivi və planetimizdə bənzərsizliyini qoruyub saxlayan ekosistemlərdən biri olan Hirkan Milli Parkı ölkəmizin Ümumdünya İrs Siyahısına daxil edilən ilk təbiət ərazisidir. Təbii ki, bu gerçəyin layiqli qiymətini alması təkcə ekoloqlarımızı, təbiətsevərlərimizi deyil, bütün xalqımızı ürəkdən sevindirdi və qürurlandırdı. Tarixi qaynaqlar göstərir ki, Lənkəran həmişə öz əsrarəngiz təbiəti ilə səyyahların, qonaqların, tarixçilərin, ekoloqların diqqətini cəlb edib. Bu, hər şeydən öncə, onun əlverişli coğrafi mövqeyindən və iqlim şəraitindən irəli gəlib. Axı, bu yerlərdə necə deyərlər, təbiət öz səxavət süfrəsini açanda xəsislik etməyib, əsrarəngiz gözəlliklərlə bərabər bu torpağa bol-bol nemətlər, zəngin təbii sərvətlər bəxş edib.
Əsrlərin şahidi qocaman Talış dağları bu diyarın qədimliyinin əsas göstəricisidir. Hələ mavi Xəzər! Bürkülü yay günlərində onun lacivərd sularına baş vurmaq, qızıl qumlu sahillərdə gəzib dolaşmaq, günəş vannası qəbul etmək kimin ürəyindən keçmir. Bu yerlərdə bir dəfə olmuş xarici qonaq, turist təbii kondisioner kimi sərinlik yayan, bu torpağın rəmzinə çevrilən və dünyanın heç bir yerində təsadüf olunmayan ağaclar şahı Dəmirağacın, şabalıdyarpaq palıdın, Lənkəran akasiyasının və palıdının, Hirkan ağcaqayınının və şümşadının, müxtəlif nadir heyvanların, zəngin bitki örtüyünün məskəni olan qədim Hirkan meşələrinin qoynunda təkrar-təkrar olmaq arzusundadır.
Ölkəmizdə ilk təbiət abidəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi “Heydər Əliyev ili”nə təsadüf etməsi ikiqat sevindiricidir. Çünki Hirkan meşələrinin ayrıca təbiət qoruğu kimi yaradılması məhz Ulu öndərin adı ilə bağlıdır. Sonralar bu diqqət və qayğını Prezident İlham Əliyev ardıcıl ekoloji siyasəti ilə davam etdirdi. Beləliklə, qədim Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ekoloji sahədə illər boyu apardıqları məqsədyönlü fəaliyyətinin məntiqi nəticədir.
Hirkan Milli Parkı da həmişə Dövlət qayğısı ilə əhatə olunub. Qoruq 888 hektar sahədə 1936-cı il dekbar ayının 8-də ilk dəfə olaraq Lənkəran Qoruğu adı ilə yaradılıb, sonradan onun sahəsi 15 min hektara qədər artırılıb. 1961-ci ildə o, Qızılağac Dövlət Qoruğunun filialına çevrilib. 1969-cu ildə isə Ulu öndər Heydər Əliyevin tapşırığı ilə Hirkan Dövlət Qoruğu müstəqil qoruq elan edilib
Parkın relikt və endemik bitkilərinin, heyvanat aləminin, zəngin bitki örtüyünün mühafizəsi ilə əlaqədar son illərdə xeyli iş görülüb. Bu park, Talış dağları və meşələri haqqında danışarkən akademik Həsən Əliyevin 1957-ci illərdən başlayaraq, burada apardığı elmi işlərə nəzər salmaq kifayətdir. Keçmiş SSRİ-nin tanınmış təbiət alimləri ilə bu yerlərdə tez-tez olan, geniş tədqiqatlar aparan akademik XVII əsrin əvvəllərində bura səfər edən Almaniyanın Rusiyadakı səfiri Adam Olerinin Muğan səhrası, keçilməz Lənkəran meşələri, Talış dağları barədəki məlumatlarını aşkar edərək sistemləşdirib. Diplomat yazıb ki, buranın füsunkarlığını görmədən, oranı təsəvvür etmək çətindir. Bura elə “cənnət bağı”nın özüdür.
Hirkan meşələrini bir botanika bağına və zooloji parka çevirməyi təklif edən akademik Həsən Əliyev bu yerlərin gələcəyinə böyük inam bəsləyirdi. elmi araşdırmalara, apardığı çoxsaylı tədqiqatlara, müşahidələrinə əsaslanaraq deyirdi ki, Talış meşələri dünyada tayı-bərabəri nadirlərin nadiridir və bunu qoruyub artırmaq yerli sakinlərin və dövlətin borcudur.
Geniş sahəsinə, hər qarış torpağa düşən bitkinin zənginliyinə görə üstün olan Hirkanın özünün ətraf mühitə, təbiətə böyük təsiri var. Burada hər ağac, hər kol can dərmanıdır. Cənub bölgəsinin bu zəngin parkı şəfa qaynağıdır. Azərbaycan təbiətşünasları dəfələrlə Hirkanın təbii gözəliklərindən savayı, onun bitkilərinin min bir dərdin dərmanı olduğunu sübut ediblər. Onlardan biri – Seyid Əli Kazımbəyov “Səidiyyə” əsərinda yazır ki, “taun və vəba xəstəlikıəri bütün ətrafı–Ərdəbil, Rəşt, Qarabağ, Şirvan və qeyri yerləri tutduğu halda Talışa sirayət etmədi”. Məlum olmuşdur ki, dünyanın müxtəlif yerlərində baş verən xəstəliklərin əli bu füsunkar diyara çatmır. Səbəbi nədir? Tədqiqatlar nəticəsində bəlli olmuşdur ki, bu yerlərdə bitkilərin biomüxtəlifliyi, yüzlərlə ağac və kolun təbii dərman mənbəyi olması, landşaftın özündə ayrı-ayrı xəstəliklərə qarşı müvazinətin güclü olması və s. əlamətlərdir.
Milli Park flora və faunası ilə zəngindir. Buradakı ağacların əksəriyyətində Hirkan adı çəkilməsi fərdi xüsusiyyət daşıyır, bunların ancaq adıçəkilən əraziyə mənsubluğunu təsdiq edir. Hirkan ağcaqayını, Hirkan armudu, Hirkan ənciri, Hirkan bikəvəri, Hirkan şümşadı və daha onlarca bu ünvanlı ağac və gül kolu... dəmirağac, şabalıdyarpaq palıd, yarpaqvarı qızılağac, qanadmeyvə, yalanqoz... Bütün bunlar qiymətli, nadir ağaclardır və bunlardan hazırlanan qiymətli əşyalar dünyanın məşhur muzeylərində indi də saxlanılır.
Bəs, Milli Parkın heyvanat aləmi? Xallı maral, cüyür, çöl donuzu, bəbir, oxlu kirpi, porsuq, dələ, Hirkan arıquşu... Adlarını çəkdiyimiz heyvanat növləri də məhz Hirkan Milli Parkında yaşayır və bu yerlərin zəngin iqliminə uyğunlaşıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev Hirkan təbiət abidəsinin UNESCO-nun İrs siyahısına daxil edilməsi ilə əlaqədar gördükləri işlər barədə bildirdi:
– Hirkan meşələrinin UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilməsi ilə əlaqədar ötən müddət ərzində onlayn formatda bir çox işçi görüşləri keçirilib. Görüşlərdə yerli ekspertlərlə yanaşı, nominasiya sənədinin hazırlanmasında beynəlxalq ekspertlər də iştirak edib. Sonralar müəyyən səbəblər üzündən nominasiya təklifləri barədə qərarın qəbul edilməsi qeyri-müəyyən vaxta təxirə salınıb.
Ölkəmizin ərazisində geoparkların yaradılması və qlobal geoparklar şəbəkəsinə qoşulmasına dair işlər davamlı şəkildə aparılır. “Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri və Obyektləri haqqında” Azərbaycan Respublikasının qanununda müvafiq dəyişikliklər edilib, “Azərbaycan Respublikasının geoloji parkların ümumi əsasnaməsi” təsdiq olunub.
1 saylı Regional ETSİ-nin rəisi, təcrübəli ekoloq Ceyhun Hüseynov Hirkan meşələrinin UNESKO-nun İrs siyahısına salınması ilə əlaqədar sevincini bizimlə bölüşərək dedi:
– Təbiətin varlığı, onun bütün sərvətləri hamımız üçündür. Odur ki, insanın şüuruna, düşüncəsinə təsir göstərmək, onda təbiətə vurğunluq hissi oyatmaq borcumuzdur. Respublikamızda da həmin vəzifələr ayrı-ayrı müvafiq təşkilatlar və təbiəti sevən insanlar tərəfindən həyata keçirilir.
Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi bizə qürur hissi yaşatmaqla bərabər, eyni zamanda, təbiətimizin flora və faunasının zənginliyini qorumaq baxımından məsuliyyətimizi qat-qat artırır.
Bəxtiyar HÜSEYNOV,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-ekoloq