Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin nümayəndə heyəti Belarusun Qomel şəhərinin 881-ci ildönümü münasibətilə bu şəhərdə keçirilən tədbirlərdə iştirak edib.
Ənənəvi olaraq sentyabrın 15–17-də təşkil olunan bayram tədbirləri hər il Belarusun Milli həmrəylik günlərinə təsadüf edir və ayrı-ayrı ölkələrdən minlərlə qonaq dəvət olunur. Qomel Şəhər İcraiyyə Komitəsinin dəvəti ilə bu dəfə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Gəncə Avtomobil Zavodunun direktoru Kamran Nəzərov “Şəhər günləri” tədbirlərində iştirak ediblər. Onlar, eyni zamanda, şəhər icraiyyə komitəsinin sədri Vladimir Privalovla görüşüb, Gəncə şəhər rəhbərliyinin və ictimaiyyətinin təbriklərini, xoş arzularını çatdırıblar. A.Tağıyev görüşdə Azərbaycan–Belarus arasında qardaşlıq münasibətlərinin və iqtisadi-ticari əlaqələrin çox yüksək səviyyədə olduğunu qeyd edib.
Bildirilib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi hər il artır və müəssisələrimiz arasında birgə əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. A. Tağıyev Gəncə ilə Qomel şəhərlərinin qardaşlaşması ilə bağlı niyyət protokolunun imzalandığını və bununla da müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərinin müzakirə edildiyini qeyd edib. Başçının müavini Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun salamlarını və bayram təbrikini çatdırmaqla bərabər, Qomel şəhərinin icraiyyə komitəsinin sədri Vladimir Privalovu Gəncəyə dəvət edib.
Gəncə Avtomobil Zavodunun direktoru Kamran Nəzərov görüşdə bildirib ki, rəhbərlik etdiyi müəssisə Belarus şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində müxtəlif model yük avtomobilləri və traktorlar, taxılyığan kombaynlar, avtokranlar, ağır yükdaşıyan dartıcılar, maye qazla işləyən avtobuslar və müasir elektrobusların yığımını həyata keçirir.
Hamlet QASIMOV,
“Xalq qəzeti” nin bölgə müxbiri