Sənayenin inkişafında maneələrin və çətinliklərin aradan qaldırılmasına start verildi

post-img

Dövlət başçısının tapşırığı ilə iqtisadiyyatın gələcək dövrün çağırışlarına uyğunlaşdırılmasına imkan verməsi məqsədilə yaradılan İqtisadi Şuranın 11 aprel 2025-ci il tarixli Qərarına əsasən, Şuranın tərkibində Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrupu yaradılmışdır. İşçi qrupunun yaradılmasında əsas məqsədlər sahibkarlıq fəaliyyətinə maneə yaradan, habelə qurumların səlahiyyətlərindən irəli gələn sui-istifadə hallarının müəyyən edilməsi və aradan qaldırılması, qanunvericilikdə olan boşluqlardan sahibkarların əleyhinə istifadə hallarının qarşısının alınması, iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların üzləşdiyi problemlərin dərindən araşdırılması və təhlili, müvafiq təkliflərin hazırlanması və təqdim olunmasında çevik və səmərəli fəaliyyətin təşkilindən ibarətdir.

Ölkə başçısı İşçi qrupunun qarşısında sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması tapşırığı qoymuşdur.

İqtisadi sahənin əsas sütünu olan sənaye sahəsində sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üzrə Koordinasiya Qrupunun rəhbəri “Mətanət A” Şirkətinin Müşahidə Şurasının sədri və Azərbaycan Tikinti Materialları İstesalçıları Assosiasiyasının (ATMİA) İdarə Heyətinin sədri Bəşirov Elxan Hidayət oğlu seçilmişdir. Koordinasiya qrupu ölkənin 100-dən çox aparıcı şirkətini özündə birləşdirir. Qrupun rəhbəri koordinasiya üzvləri ilə birgə maneə və çətinliklərlə bağlı təklifləri müzakirə edir, onları təhlil edərək optimallaşdırır və qanunvericiliyə uyğun formada layihələndirərək ölkə başçısının köməkçisinə təqdim edir.

Sahibkarlara yaradılan maneələr dövlət proqramlarının icrasını gecikdirir. Bu maneələr birdəfəlik aradan qaldırılmalı və bunun üçün lazımi tədbirlər görülməlidir.

Ölkənin sosialyönümlü iqtisadiyyatı və dövlət başçısı tərəfindən nümayiş etdirilən güclü siyasi iradəyə uyğun olaraq ölkədə iqtisadi aktivliyin artırılması və insanların iş yerləri ilə təmin edilməsi iqtisadi siyasətin prioritetliyinin göstəricisidir.

Həyata keçirilən bütün bu tədbirlər və aparılan islahatlar sənaye sahələrinin sürətlə inkişafına daha da təkan verəcəkdir. Cənab Prezidentin sözü ilə desək, Azərbaycanda sənayeləşmə sürətlə inkişaf edir. Sənaye sahələrinin inkişafı isə güclü Azərbaycan deməkdir. Ulu öndərimizin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı bu gün cənab Prezidentin həyata keçirdiyi iqtisadi islahatlarla reallığa çevrilmişdir.

Güclü iqtisadiyyat əhalinin rifahı, ölkənin sabitliyi, ordunun gücü, dövlətin təhlükəsizliyi deməkdir. Məhz iqtisadi gücümüzə söykənərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində torpaqlarımız düşmən tapdağından azad edildi. Hazırda iqtisadi gücümüz ilə doğma torpaqlarımıza həyat yenidən qayıdır.

Cənab Prezident dəfələrlə “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir” deyə bildirib.

Hər bir sahibkar ölkəmizin sosial-iqtisadi inkişafı, istehsal potensialını artırmaq üçün öz öhdəsinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirməlidir. Azərbaycanda dövlət tərəfindən sahibkarlar üçün hər cür şərait yaradılıb, bütün lazımi dəstək göstərilir. Şübhəsiz, dövlət və özəl sektorun birgə fəaliyyəti ölkənin sosial-iqtisadi inkişafı üçün qarşıya çıxan maneə və çətinliklərin həlli istiqamətində həyata keçirilən tədbirlər öz töhfəsini verəcəkdir.

Bu səbəbdən sahibkarlar dövlət tərəfindən yaradılan portal (https://economicreforms.gov.az/) vasitəsilə maneə və çətinlikləri qeyd etməklə öz təkliflərini verməlidirlər.

“Mətanət A” Şirkəti

İqtisadiyyat