İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda respublikada “Dayanıqlı inkişaf perspektivləri: iqtisadi və iqlim diplomatiyası, enerji təhlükəsizliyi və bağlantılar” mövzusunda keçirilən paneldə iştirak etdiyini, toplantıda Azərbaycanın beynəlxalq enerji, nəqliyyat və ticarət platformalarında strateji rolu, regional əməkdaşlığın şaxələndirilməsi, özəl sektorun xarici bazarlara çıxışının artırılması, “yaşıl” enerji resurslarından istifadənin təşviqi, eləcə də iqlim fəaliyyətinin gücləndirilməsi barədə müzakirələr aparıldığını bildirib.
Qeyd edək ki, müasir dövrdə enerji təhlükəsizliyi, dayanıqlı nəqliyyat və regional iqtisadi əməkdaşlıq dünya gündəmində prioritet mövzulardan birinə çevrilib. Bu kontekstdə Azərbaycan yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının strateji aktorlarından biri kimi çıxış edir. Ölkənin geosiyasi mövqeyi, zəngin enerji resursları, dayanıqlı nəqliyyat infrastrukturu və artmaqda olan “yaşıl” enerji potensialı respublikamızın beynəlxalq platformalarda artan rolunu şərtləndirir.
Azərbaycan neft və qaz ehtiyatları ilə uzun illərdir ki, beynəlxalq enerji bazarının etibarlı tərəfdaşı kimi tanınır. “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası ölkəmizi Cənubi Qafqazda mühüm enerji ixracatçısına çevirib. Hazırda “Cənub Qaz Dəhlizi” kimi irimiqyaslı layihə vasitəsilə Azərbaycan qazı Avropa ölkələrinə çatdırılır. Bu, həm Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir, həm də respublikamızın geoiqtisadi mövqeyini gücləndirir.
Bakı – Tbilisi – Ceyhan (BTC) və Bakı – Tbilisi – Ərzurum (BTƏ) kimi boru kəmərləri regionun enerji xəritəsini dəyişib, Azərbaycanı Xəzər dənizindən Aralıq dənizinə qədər uzanan enerji arteriyasına çevirib. Bu layihələr indiyədək iqtisadi inkişafı şərtləndirməklə bərabər, siyasi sabitliyin də təminatında mühüm rol oynayıb.
Enerji ilə paralel olaraq, Azərbaycan nəqliyyat sektorunda da regional inteqrasiyanın mərkəzindədir. Orta dəhliz adlanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə Azərbaycan Avropa və Asiyanı birləşdirən mühüm tranzit ölkəsinə çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı – Tbilisi – Qars dəmir yolu bu dəhlizin əsas sütunlarıdır. Bu layihələr Azərbaycanın nəqliyyat – logistika potensialını artırmaqla yanaşı, özəl sektorun da xarici bazarlara çıxışını asanlaşdırır.
Eyni zamanda, Zəngəzur dəhlizinin reallaşması perspektivi Azərbaycanın Şərq –Qərb və Şimal – Cənub dəhlizləri arasında qovşaq rolunu daha da möhkəmləndirəcək. Bu da region ölkələri arasında ticarətin genişlənməsi, yeni investisiya imkanlarının yaranması və iqtisadi şaxələnmənin sürətlənməsi deməkdir.
Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafını və özəl sahibkarlığın dəstəklənməsini milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyən edib. “Made in Azerbaijan” brendinin təşviqi, ixracın stimullaşdırılması və azad iqtisadi zonaların yaradılması kimi təşəbbüslər nəticəsində sahibkarların xarici bazarlara çıxış imkanları əhəmiyyətli dərəcədə genişlənib. Ələt Azad İqtisadi Zonası bu baxımdan mühüm rol oynayır. Burada fəaliyyət göstərəcək müəssisələr üçün vergi və gömrük güzəştləri nəzərdə tutulub ki, bu da həm yerli, həm də xarici investorlar üçün cəlbedici mühit yaradır. Nəticədə Azərbaycan regional ticarət və istehsal mərkəzi olmaq potensialını reallaşdırmağa doğru irəliləyir.
Azərbaycanın 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransına – COP29-a ev sahibliyi etməsi də ölkəmizin iqlim gündəliyində fəallığının bariz təsdiqidir. Bu qlobal layihə yalnız beynəlxalq iqlim çağırışlarına cavab deyil, həm də Azərbaycanın “yaşıl” enerji strategiyasını dünyaya təqdim olunması üçün unikal platformadır.
Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atılır. Günəş və külək enerjisi sahəsində aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlıq nəticəsində böyük həcmlərdə bərpa olunan enerji layihələri həyata keçirilir. 2030-cu ilə qədər, ümumilikdə, 2 qiqavatdan çox “yaşıl” enerji istehsal gücünün yaradılması planlaşdırılır. Karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və ekoloji tarazlığın qorunması istiqamətində milli fəaliyyət planı hazırlanır. Bu, Azərbaycanın “yaşıl” inkişaf yoluna sadiqliyini bir daha nümayiş etdirir.
Ölkəmiz bu gün həm də regional əməkdaşlığın fəal təşəbbüskarı kimi çıxış edir. Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər platformalarda fəal iştirakı çoxtərəfli diplomatiya və inteqrasiya siyasətini gücləndirir. Enerji, ticarət və nəqliyyat sahəsində birgə layihələr təkcə iqtisadi deyil, siyasi sabitlik və sülhə də xidmət edir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr regional inteqrasiyanın möhkəmləndirilməsinə və qarşılıqlı asılılığın artmasına səbəb olur ki, bu da münaqişə risklərini azaldır, iqtisadi inkişafa zəmin yaradır.
Azərbaycan indi, sadəcə, enerji ixracatçısı deyil, həm də nəqliyyat, ticarət, “yaşıl” enerji və iqlim fəaliyyəti sahəsində etibarlı tərəfdaş, regionun inkişaf lokomotivi kimi tanınır. Strateji baxımdan əlverişli mövqe, məqsədyönlü siyasət və çevik diplomatiya ölkəmizi Qafqazın gələcək inkişafında aparıcı rola çıxarır. COP29 çərçivəsində qlobal diqqətin Azərbaycana yönəlməsi isə bir daha göstərir ki, ölkə təkcə resurslara deyil, həm də məsuliyyətə sahib bir aktordur. Bu məsuliyyət çərçivəsində Azərbaycan gələcək nəslə daha sabit, “yaşıl” və dayanıqlı bir region miras qoymağa qadirdir.