“OPEC plyus” hasilatı 550 min barel artıracaq

post-img

“OPEC plyus” razılaşmasına daxil olan və neft hasilatını könüllü şəkildə azaldan səkkiz ölkə iyulun 5-də keçirilən iclasda gələn ay gündəlik neft hasilatını sutkada 548 min barel artırmaq barədə razılığa gəlib. Bununla bağlı məlumat “OPEK”in rəsmi açıqlamasında yer alıb. Məlumata görə, sentyabr ayı üzrə hasilat planının müzakirə olunacağı “OPEC plyus” “səkkiz”liyinin növbəti iclası avqustun 3-də keçiriləcək.

Xatırladaq ki, “OPEC plyus” təşkilatının səkkiz ölkəsi (Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt) 2024-cü ilin əvvəlindən etibarən gündəlik, ümumilikdə, 2,2 milyon barel həcmində hasilatı könüllü şəkildə azaldırdı. 2025-ci ilin aprelindən isə onlar azaldılmış həcmləri tədricən bazara qaytarmağa başlayıblar. Belə ki, apreldə “səkkizlik” gündəlik hasilatı 138 min barel, may-iyul aylarında isə sürətlənmiş templə hər ay 411 min barel artırıb.

Qeyd edək ki, “OPEC plyus” Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) və quruma daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC plyus” razılaşmasının iştirakçısıdır.

Yeri gəlmişkən, qurumun son iclasından sonra dünya bazarında neftin qiymətində azalma müşahidə olunmağa başlayıb. Bunu son günlərin ticarət məlumatları da sübut edir. Belə ki, həftənin ilk günündə Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,44 faiz azalaraq 1 barel üçün 68 ABŞ dolları, WTI markalı neftin avqust fyuçerslərinin qiyməti isə 0,36 faiz azalaraq 66,26 ABŞ dolları təşkil edib. Növbəti gün isə “Brent” neftinin ixracına dair 2025-ci ilin sentyabr müqaviləsinin dəyəri daha 0,47 faiz azalaraq 1 barelə görə 69,25 dollara, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,53 faiz azalaraq 67,57 dollara bərabər olub.

İyulun 8-də dünya bazarlarında “Azeri Light” markalı neftin qiymətində isə əksinə, bahalaşma müşahidə olunub. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,53 dollar və ya 0,71 faiz artaraq 74,7 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində neftin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

 

İqtisadiyyat