Bu dünyadan 99 yaşında köç edən Göyçək nənəm adına layiq tərəkəmə qadını idi – gözəl, ucaboy. Yeddi taxta tuman geyinərdi. Uşaq vaxtı mən onun tumanının ətəyindən tutub kənd-kəsəyi gəzərdim.
Faşizmə qarşı müharibəyə bizim nəsildən babam, atam və əmim gediblər. Babam Səməndər kişi şöhrətli 416-cı Taqanroq diviziyasının əsgəri kimi Berlinədək döyüş yolu keçib, qələbədən bir müddət sonra həlak olub.
Atam Kerç uğrunda döyüşlərin iştirakçısı olub, iki dəfə yaralanıb. Xeyli orden, medal alıb. Onun pasportunda doğum günü yazılmamışdı. Atam deyirdi ki, müharibədən sağ çıxmışamsa mənim doğum günüm 9 maydır.
Ələsgər əmim cəbhəyə gedəndə 17 yaşı olub. O, əvvəlcə Mahaçqalada hərbi məktəb bitirib və leytenant rütbəsi alıb. Dəstəsi ilə Ahiska türklərinin vətənində almanlara qarşı vuruşub. Döyüşlərin birində həlak olub.
Müharibə illərində kənddə nənəm, üç ayın gəlini anam və 4 yaşlı əmim qalıb. Ailənin yükünü çəkən nənəm o illərdə çiynində qoşalülə gəzdirərmiş. Qaçaq, quldur gecələr həyətlərə basqın edib, mal-qaranı aparırmış. Buna görə də nənəm yazda, yayda həyətdəki çardaqda yatarmış. Səs eşidən kimi qoşalüləni gecənin qaranlığına boşaldarmış. Kənddə qalan əhali deyirmiş ki, Cöyçək arvad sayıqdı, kimsə onun qorxusundan kəndə girə bilməz.
Anam danışardı ki, nənəniz bəzən alatoranda durub xalçalardan birini kürəyinə alar, piyada Qarasu stansiyasına gedərdi. Oradan da Bakıya. Qayıdanda un, qənd, yarma, sabun gətirərdi. Atam Kerç döyüşlərində yaralanıb Gürcüstandakı hospitallarda yatanda nənəm gəzə-gəzə onu tapıb, oğluna və digər yaralı əsgərlərə qulluq edib.
Babamın və Ələsgər əmimin müharibədən qayıtmaması nənəmin qəlbində heç vaxt qaysaqlanmayan yara açıb. O, bu dərdi illərlə çəkə-çəkə yaşayıb, ağlamaqdan gözləri işığa həsrət qalıb. Tale ona çox ağrı-acı yaşadıb, ömrü-günü əriyib gedib.
Eldar əmim evlənəndən sonra Göyçək nənəm onlara köçdü. Amma biz ayrıla bilmirdik, onun üçün darıxırdıq. Onu da deyim ki, nənəm nəvələrindən ən çox məni istəyirdi. Bunun səbəbini hamı yaxşı bilirdi. Çünki mən cəbhədən qayıtmayan Ələsgər əmimə oxşayırdım. Anam deyirdi ki, sən qapıdan girəndə elə bilirəm Ələsgər qayıdıb. Mən, demək olar ki, hər gün nənəmə baş çəkməyə gedərdim. O, məni görən kimi gülümsəyərdi. Tez-tez bişirib tavaya tökdüyü südün qaymağını kasaya yığıb, qarşıma qoyar və deyərdi:
– Yaman sınıxmısan, ye. O müəllim verən kitabları da az oxu, gözlərinin qarası gedər... O kitablarda yazılanların hamısı yalandı...
İllər sonra mən bildim ki, nənəmin "yalan" deməsi nə ilə bağlı imiş. Sən demə, kolxoz qurulanda nənəmin atası əlində qalan bir cüt öküzü və arabanı kolxoza vermək istəməyib. Elə buna görə onu "kulak" adı ilə harasa sürgün eləyiblər. Böyük babamın oğlanları "xalq düşməni" adının ağrısını illərlə yaşamalı olublar. Bu söylədiklərim də nənəmin ürəyində bir ağrılı düyünə cevrilmişdi. O, bəzən saatlarla eyvanda oturub sonu ilğıma dönən tozlu yollara baxar, öz-özü ilə sakitcə danışardı. Hərdən mən ona yaxın dayanıb dediklərini öyrənmək istəyirdim. Ancaq o, küləyin oynatdığı yarpağın səsinə bənzər səs çıxardığından heç nə başa düşmürdüm. Bəlkə də nənəm cəbhədən dönməyən əzizlərinin ruhu ilə danışırdı. Bəlkə də biz nəvələrinə görə Uca Rəbbimizə dualar edirdi. Bəlkə yola saldığı ağrılı həyata görə "üsyan" edirdi. Nə bilim...
Mən universitetə girəndə nənəm sevinmədi. Dedi ki, oxuyub, nə bilim harada yaşayacaqsan, üz-gözünə həsrət qalacam. Buna görə də mən tələbəlikdə, həm də təyinatla Şamaxıda işləyəndə kəndə dönən kimi nənəmi görməyə gedərdim. O illərdə artıq nənəm bu dünyanı alatoran görürdü. Gözləri əməliyyat olunsa da tam açılmamışdı. Nənəm uzaqdan qaraltı görəndə soruşarmış ki, gələn Səməddi?
O, əllərimi tutub danışır, atamdan mənə şikayət edərdi. DeyirdI ki, dədən mənim yanıma niyə gec-gec gəlir? Mən isə nənəmin söylədiklərini atama deməkdən çəkinirdim, çünki o, sərt adam idi.
Bəzən də deyirdi ki, yenə kağız qaralayırsan?
Mən isə cavabında:
– Kağız qaralamıram ee, nənə, qəzet üçün yazı yazıram.
O isə başını bulayıb:
– O nə işdi?, – deyirdi. Sonra da əlavə edirdi ki, bu kənddə ev-eşik sahibi olan tay-tuşlarına bax, heç ağlı səninkinin yarısı olmayanlar özlərinə necə şərait qurublar. Sən nə ağıla qulluq eləyirsən, bilmirəm. Kişinin evi olar, həyəti olar, darvazası olar, iti, pişiyi olar....
Həyatımın ən gözəl illərini şəhərdə “yelə” verəndən sonra bir vaxtlar mənə həyat dərsi verən nənəmə haqq qazandırdım. Bir də illərin mənə verdiyi dərs bu oldu ki, insan hansı sənət, peşə sahibi olursa-olsun, hansı vəzifəni tutursa-tutsun, ancaq doğmalarının yanında, öz el-obasında daha xoşbəxt ola bilər.
Yazıq nənəm, gözəl nənəm, ömrü-günü ağrılar içində əriyən Göyçək nənəm.
Səməd MƏLİKZADƏ