Redaksiyaya məktub
Hörmətli redaksiya! Uzun illərdir səhhətimdə yaranan problemlərlə bağlı Mərkəzi Neftçilər Xəstəxanasına tez-tez müraciət etməli oluram. Mən sadə bir peşə sahibiyəm. Tam səmimiyyətlə deyə bilərəm ki, burada mənə böyük diqqət və qayğı göstərirlər. Belə münasibət mənə çox xoş gəlir.
Bu tibb ocağına tanınmış səhiyyə təşkilatçıları Həsənağa Əliyev və Fəxrəddin Cavadov kimi humanist həkimlər rəhbərlik ediblər, peşəkar, xeyirxah ab-hava yaradıblar. Xoşbəxtlikdən bu ənənəni hazırda xəstəxananın baş direktoru vəzifəsində çalışan Musa Abbasov qoruyub saxlayır.
Bu məktubu yazmaqda əsas məqsədim xəstəxananın həkimlərinin öz vəzifə borclarını layiqincə yerinə yetirmələrindən qısa da olsa söz açmaqdır. Reanimasiya şöbəsinin müdiri rəhmətlik Fikrət Əfəndiyevə, uzun illər müalicə həkimim olan Zəhra Məhərrəmovaya daim minnətdarlıqla xatırlayacağam.
Bu kollektivdə hamı öz işinə böyük məsuliyyətlə yanaşır. Müalicə şöbəsinin müdiri Laləxanım Hüseynova, oftalmoloq Elşən İbrahimov, LOR həkimi İradə Əlizadə, qastroloq Tünzalə Mirzəyeva və digər həkimlərdən yerdən göyə razıyam. Necə deyərlər, şəfqət rəğbət doğurur.
Sonda bildirmək istəyirəm ki, nə yaxşı ki, Azərbaycan səhiyyəsində belə peşəkar həkimlər, genişürəkli, xeyirxah insanlar var. Allah ömürlərini uzun, canlarını sağ eləsin!
Məzahir MƏMMƏDOV,
ikinci qrup əlil
Bakı sakini