Vətənə sevgi, dövlətçiliyə sədaqət nümunəsi

post-img

Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili tamam oldu. Müstəqil ölkəmizin təhlükəsizliyinin keşiyində dayanmış bu güc strukturunda xidmət keçənlərin peşə bayramı kimi qeyd etdikləri bu gün milli dövlətçiliyimizin bərta edilməsi tarixində önəmli yer tutur.

1919-cu ilin 28 martında Azərbaycan Xalq Cüm­huriyyəti hökuməti müstəqil dövlətin zəruri qurumu olan kəşfiyyat və əks-kəşfiyyat orqanını təsisi edib. 71 illik sovet dövründə ittifaq dövlətinin təhlükəsizlik sis­temi tərkibində fəaliyyət göstərmiş respublika DTK-si sovet imperiyasının süqutundan sonra AXC hakimiy­yətinin yaratdığı qurumun varisi kimi suverenliyə xid­mət mahiyyətinə qayıtmışdır. Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı sərəncama əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları işçilə­rinin peşə bayramı günü kimi qeyd edilir. 

Milli təhlükəsizlik xidməti AXC Hərbi Nazirliyi Baş Qərargahının nəzdində kəşfiyyat və əks-kəşfiy­yat bölməsi şəklində 1919-cu il martın 28-də hərbi nazir Səmədbəy Mehmandarovun əmri ilə yaradılıb. Qurumun birinci rəhbəri Məmmədbağır Şeyxzamanlı olub, ondan sonra bu vəzifəyə qar­daşı Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə struktur əvvəlcə Fövqəladə Komissiya adlanıb və bir müddət Xalq Daxili İşlər Komissar­lığının tərkibində fəaliyyət göstərib. Sonrakı dövrdə müstəqil Dövlət Təh­lükəsizlik Komitəsi yaradılıb. Sovet hakimiyyətinin 70 illik dövründə respublikada dövlət təhlükəsizlik orqanlarının vəzifəsi mövcud com­munist rejimini qorumaq və sovet ideologiyasına zidd düşüncə tərzi­nin yayılmasının qarşısını almaqdan ibarət olub.

Mərkəzi ittifaq hakimiyyətinin yerli kadrlara etimatsızlığı səbəbindən uzun müddət təhlükəsizlik orqanlarında milli kadrlara yüksək vəzifələr tutmaq imkanı verilməyib. Yalnız Heydər Əliyev Azərbay­canın dövlət təhlükəsizlik orqanlarında rəhbər mövqe tutduqdan sonra yerli və milli kadrların sayının artı­rılması, onların irəli çəkilməsi, eləcə də milli ruhda tərbiyə olunması mümkün olub. 1967-ci ildə ümum­milli lider Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə bu qurumun tarixində yeni mərhələ başlanıb. Ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr edən Ulu öndər bu dövrdə həmin sistemdə milliləşmə və yumşalma prosesi gedib. Əsası ulu öndər tərəfindən qoyulmuş bu siyasət sovet zamanında milli maraqlara, müstəqil illərində isə suverenliyin qorunmasına və si­yasi sabitliyin təmin edilməsinə təminat yaradıb.

Bu sahədə ciddi keyfiyyət dəyişikliklərinə nail olunması ulu öndərin dövlətçilik xəttini uğurla da­vam etdirən Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının rəhbərliyi ilə apa­rılan əsaslı islahatlar sayəsində təhlükəsizlik orqan­larının fəaliyyəti yeni səviyyəyə yüksəldilib. Dövlət təhlükəsizliyi ilə bağlı məsələlərə hər zaman sistemli və qayğıkeş yanaşma nümayiş etdirən Prezident İlham Əliyev bu sahədə struktur islahatlarının aparılmasına xüsusi önəm verib. Azərbaycan Prezidentinin 14 de­kabr 2015-ci il tarixli fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilərək, onun əsasında Dövlət Təhlükə­sizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradılıb. Bu, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyi­nin artırılmasına, yeni dövrün tələblərinə uyğunlaşdı­rılmasına və dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edib. 

Əlbəttə, bu islahatlar antiterror koalisiyasının fəal üzvü olan Azərbaycanda sabitliyin təmin edilməsi, ter­rorizm və qaçaqmalçılıqla mübarizə tədbirlərinin daha da gücləndirilməsi üçün geniş imkanlar açıb. Məhz buna görə də son illər terror fəaliyyəti ilə məşğul olan və buna cəhd edən çoxsaylı silahlı birləşmə və şəxs zərərsizləşdirilib, onlar məsuliyyətə cəlb edilib. Bu dövrdə transmilli cinayətkarlığa qarşı mübarizədə də ciddi irəliləyişlər əldə olunub. Son illər Azərbaycan ərazisindən tranzit keçməyə cəhd edilərkən tonlarla narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb, ki­bertəhlükəsizliyin təmin edilməsi istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib. 

Azərbaycanda təhlükəsizlik orqanlarına göstərilən böyük diqqət və qayğı onu göstərir ki, təhlükəsizlik mühitinin formalaşdırılması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsiz­liyinin daha etibarlı müdafiəsi dövlət siyasətinin mü­hüm tərkib hissəsidir. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbənin vurulmasında və Qələbənin qazanıl­masında, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz­liyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının xüsusi rolu olub. Müharibə başa çatdıqdan sonra isə milli təhlükəsizlik orqanları işğaldan azad edilmiş ərazilərdə öz rəsmi fəaliyyətləri­ni uğurla davam etdirir. 

Prezident İlham Əliyevin 29 oktyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının işğalından azad edilmiş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Sərəncamına uyğun olaraq, qısa müddətdə Dövlət Təhlükəsizliyi Xidmətinin yerli şö­bələri fəaliyyətə başlayıb. 

Bu gün öz peşə bayramlarını böyük ruh yüksəkliyi və Vətənə sədaqət duyğuları ilə qeyd edən Azərbay­can dövlət təhlükəsizlik və xüsusi xidmət orqanlarının əməkdaşları xalqımızı və dövlətimizi düşmən qüv­vələrin qəsd və təxribatlarından ayıq-sayıqlıqla qoru­yurlar. bu fədakar insanlar milli təhlükəsizliyin təmin edilməsində, xarici kəşfiyyat orqanlarının kəşfiyyat və təxribat fəaliyyətinin qarşısının alınmasında yaxından iştirak edirlər. 

Beynəlxalq terrorizmə, transmilli mütəşəkkil ci­nayətkarlığa qarşı, eləcə də dini ekstremizmə qarşı mübarizədə xalqımıza və dövlətçiliyimizə sevgi və əsl vətənpərvərlik nümunəsi nümayiş etdirən Dövlət Təh­lükəsizliyi Xidmətinin bütün əməkdaşlarını peşə bay­ramları münasibətilə təbrik edir,onlara şərəfli və məsul fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

XQ

Sosial həyat