Sülhə əngəl: Avropa İttifaqı – ABŞ səddi

post-img

Qərbin erməni avantürizminə açıq-gizli dəstəyi davam edir

Məlum olduğu kimi, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 5-də Brüsseldə bir araya gələcəklər. Bu görüş Ermənistan – Avropa İttifaqı – ABŞ formatı da adlandırılır. Siyasi ekspertlər belə bir formatın Azərbaycana qarşı yönəldiyini vurğulayırlar. Onların bildirdiklərinə görə, sözügedən təmas rəsmi Bakıya təsir vasitələrinin müzakirəsi məqsədini daşıyır. Azərbaycan dövləti də məhz bu səbəbdən Ermənistan – Aİ – ABŞ görüşünün inklüziv xarakter daşımadığını, Ermənistanı regionda sabitliyi pozmağa sövq edə biləcəyini açıqlayır. 

Məsələnin üzərində dayanmazdan əvvəl deyək ki, aprelin 5-nə nəzərdə tutulan üçtərəfli təmas Rusiyada da narahatlıq doğurub. Ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mari­ya Zaxarovanın bölüşdükləri fikirlərə əsasən bu qənaətə gəlmək mümkündür. M.Zaxarova özü­nün “Teleqram” səhifəsindəki paylaşımında yazıb ki, ABŞ və Aİ nümayəndələri Moskvanın tərəf­daşlarına əsas istiqamətlərinin yalnız Rusiyaya qarşı çıxmaq olduğunu deyirlər: “Bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur. Çünki Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbi özünün son dərəcə dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza daha da yerləşməsinə, orada yeni ayırıcı xətləri yarat­masına, ölkələri anti-Rusiya gündəminə məcbur etməyə, onların Moskva ilə çoxəsrlik əlaqələrini pozmağa, fəaliyyətdə olan regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini yerindən oynatmağa yönəlib. Rəsmi İrəvanın söhbətin nədən getdiyini anlamaması böyük sualdır. Axı Ermənistanı bütün dünyanın gözü qarşısında kollektiv Qərbin fövqəladə dərəcədə təhlükəli planlarının reallaşması üçün alətə çevirirlər. Bu, erməni xalqının köklü maraqları ilə tamamilə zid­diyyət təşkil edir”.

***

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Armenpress”in suallarını cavablandırarkən aprelin 5-nə nəzərdə tutulmuş Brüssel görüşünün Ermənistan – Aİ – ABŞ əmək­daşlığının gücləndirilməsinə həsr olunacağını və heç bir üçüncü tərəfə qarşı yönəldilmədiyini bildirsə də, mövzunu əsaslandırmaq üçün onun dilə gətirdiyi fikirlər tamam başqa mətləblərdən xəbər verir. Ən əsası isə Badalyan tam cəfəng məqamları qabardır. Mətbuat katibinin söylədik­lərinin cəfəng tərəfindən, istər Rusiyanın, istərsə də Azərbaycanın narahatlığının haqlı olduğu­nu təsdiqləyən digər cəhətlərdən söz açacağıq. Hələlik üçtərəfli görüşün ilk baxışdan yaxın keç­mişdə gerçəkləşmiş hansı təması xatırlatdığına diqqət yetirək.

Bəli, indidən demək olar ki, Er­mənistan – Aİ – ABŞ formatı ötən ilin oktyabrında keçirilmiş Qranada Sammi­tinə bənzəyir. Həmin sammitdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və Er­mənistan baş naziri N.Paşinyan iştirak etmişdilər. Başlıca müzakirə mövzusu Bakı–İrəvan münasibətləri olmuşdu. Gö­rüşün yekunları ilə bağlı sənəd də qəbul edilmişdi. Ermənistan rəhbərliyi həmin sənədi Qranada gündəliyi kimi ehkam­laşdırmaq yolu tutmuşdu. 

Təsəvvür edin, Azərbaycan Prezi­dentinin qatılmadığı görüşdə iki Cənubi Qafqaz ölkəsi arasındakı vəziyyət müza­kirəyə çıxarılır və hansısa razılığa gəlinir. Şübhəsiz, bu yanaşma yolverilməzdir və nəticə etibarilə dördlü təmasın çıxardığı kommunike lakmus kağızından o yana keçmədi. Sənəd İrəvana yalnız özünün avantürist baxışlarını sülh danışıqlarına sırımaq bəhanəsi verdi. Başqa heç nə...

Necə deyərlər, eyni dalğa, eyni ko­ordinat. Təkcə aktorlar dəyişib. Əlbəttə, buna dəyişiklik demək də olmaz. Aİ-ni Şarl Mişel yox, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen təmsil edə­cək. Yəni, Fransa ermənipərəst amp­luasını Aİ-yə təhvil vermiş durumdadır. Üstəlik, ABŞ-nin prosesə qoşulmasını görürük ki, bu da kollektiv Qərbin ermə­nipərəstlik ab-havalı qüvvətləndirici moti­vi kimi dəyərləndirilə bilər. 

Ermənistanın XİN rəsmisi A.Badalya­nın dediklərinə gəlincə, o, ölkəsinin dər­hal Azərbaycanla sülh müqaviləsini im­zalamağa, sərhədlərin delimitasiyasına və regional kommunikasiyaların açılma­sına hazır olduğunu bildirib. Mətbuat kati­bi onu da deyib ki, aprelin 5-dəki görüşdə müzakirəyə çıxarılacaq məsələlər Azər­baycanla artıq razılaşdırılıb. Görəsən, söhbət nədən gedir? Digər tərəfdən, meydana elementar sual çıxır: əgər ra­zılaşdırılmış hansısa məqamlar varsa, o zaman nə üçün Brüsseldə Azərbayca­nın da təmsil olunmasından söz açılmır? Deməli, üçlük ölkəmiz əleyhinə addım at­maq və görüş keçirməklə həmin addımı beynəlxalq ictimai rəydə, bir növ, leqal­laşdırmaq istəyir. 

Fikrimizin təsdiqi kimi A.Badalyanın haqqında söz açdığı üç prinsipə nəzər salaq. O prinsiplərə ki, onlar Ermənistan – Aİ – ABŞ formatı çərçivəsindəki gö­rüşdə müzakirə predmetinə çevriləcək. Yəni, bu yerdə mətbuat katibinin Ermə­nistan – Aİ – ABŞ əməkdaşlığının güc­ləndirilməsinə dəstək və görüşün heç bir üçüncü tərəfə qarşı yönəldilmədiyi mən­tiqi əhəmiyyətini tamamilə itirir. 

Konkret olaraq üç prinsipə gəldik­də, burada da, əslində, aydın olmayan heç nə yoxdur. Badalyan deyir ki, birinci prinsip Ermənistanın və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsa­sında bir-birinin suverenliklərini və ərazi bütövlüklərini qarşılıqlı olaraq tanımala­rıdır: “Bu prinsip Fransa prezidenti Em­manuel Makron və Avropa İttifaqı Şura­sının Prezidentinin vasitəçiliyi ilə 2022-ci il oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan arasında razılaşdırılıb, daha sonra Avropa İttifaqı Şurasının preziden­ti Şarl Mişelin vasitəçiliyi ilə 2023-cü il mayın 14-də və iyulun 15-də Brüsseldə təsdiqlənib”.

A.Badalyanın haqqında söz açdı­ğı ikinci prinsip özündə Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya işlərinin Alma-Ata Bəyan­naməsi əsasında aparılmasını ehtiva edir: “Bu prinsip Fransa prezidenti Em­manuel Makron və Avropa İttifaqı Şurası­nın prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 2022-ci il oktyabrın 6-da Praqada Ermə­nistan və Azərbaycan arasında razılaşdı­rılıb, daha sonra Avropa İttifaqı Şurasının prezidentinin vasitəçiliyi ilə 2023-cü il mayın 14-də və iyulun 15-də Brüsseldə təsdiqlənib. Bu, o deməkdir ki, Ermənis­tanla Azərbaycan arasında yeni sərhəd yaradılmamalı, 1991-ci il Alma-Ata Bə­yannaməsi qəbul edilən zaman SSRİ-nin tərkibində de-yure mövcud olan sərhəd­lər bərpa edilməlidir. Sərhədi təkrar ya­ratdıqdan sonra de-yure hər bir ölkəyə məxsus ərazilər həmin ölkənin nəzarətin­də qalmalıdır”.

Ermənistan XİN sözçüsü üçüncü prinsip kimi bərabərliyə və qarşılıqlılı­ğa əsasən ölkələrin suverenliklərinə və yurisdiksiyalarına hörmətlə yanaşılması xüsusunda regional kommunikasiyaların bərpasından söz açıb. Bunun 2023-cü il iyulun 15-də Brüsseldə Avropa Şurasının prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında razılaşdırıldığı­nı vurğulayan A.Badalyan, belə demək mümkünsə, köhnə havalara köklənmiş daha bir məqamı qabardıb. Söhbət rəs­mi İrəvanın irəli südüyü “Dünyanın kə­sişməsi” ideyasından gedir. Badalyanın sözlərinə görə, sözügedən ideya, guya, beynəlxalq ictimaiyyət tərəfindən geniş rəğbət qazanıb. 

Göründüyü kimi, A.Badalyan Ermə­nistan iqtidarının anti-Azərbaycan xəttinə sadiqliyini dilə gətirir. Ən əsası isə o, bu xəttin görüşün başlıca leytmotivini təşkil edəcəyini vurğulayır. Birincisi, Alma-Ata Bəyannaməsini ehkamlaşdırmaq yolve­rilməzdir. Çünki Ermənistan otuz ilə yaxın müddətdə həmin sənədə tam əhəmiyyət­siz yanaşıb, ölkəmizin ərazilərini işğal­da saxlayıb. İkincisi, Praqa görüşündən sonra təxminən bir ilə yaxın Qarabağda erməni separatçı rejimi saxlanıldı. Halbu­ki belə olmamalı, Ermənistan ordusunun hissələri bölgədən çıxmalı idilər. Üçün­cüsü, Alma-Ata Bəyannaməsində ərazi anlayışı yoxdur. Ona əsasən sərhədlərin delimitasiyası və demarkasiyası aparıla bilməz. Dördüncüsü, isə “Dünyanın kə­sişməsi” ideyası bilavasitə Azərbaycana qarşı çıxmaq ruhundadır. 

Rəsmi Bakı 44 günlük müharibədən sonra “Zəngəzur dəhlizi” təşəbbüsünü irəli sürmüşdü. Sözügedən təşəbbüs ölkəmizin digər ərazilərini Naxçıvanla birləşdirilən yol məntiqinə söykənmiş­di. O yola ki, rəsmi İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən ona təminat öhdəliyini üzərinə götürüb. Lakin hazırda bu öhdəliyi yerinə yetir­məkdən boyun qaçırır. “Dünyanın kəsiş­məsi” də belə destruktiv yanaşmanın zay məhsuludur. Məlumdur ki, Azərbaycanın razılığı olmadan sözügedən ideya ger­çəkləşə bilməz. Dövlətimizin tələbi budur ki, Naxçıvana yol “Azərbaycandan Azər­baycana yol” məntiqini rəhbər tutsun. Yəni, orada hansısa sərhəd və gömrük nəzarətin tətbiqindən uzaq dayanılsın. Əks halda yol İran ərazisindən keçəcək və bununla bağlı razılıq var. 

Mövcud xüsusdakı başlıca məsələ ondadır ki, Naxçıvana yol İrandan keçir­sə, o zaman Ermənistan təcriddə qalır. Kollektiv Qərbin istəyi hadisələrin belə bir səmtdə cərəyan etməsinin qarşısını almaqdır. “Dünyanın kəsişməsi” təşəb­büsü bu mərama söykənir. Deməli, Er­mənistan kollektiv Qərbə güvənərək, həm sözügedən təşəbbüsü şişirdir, həm də ona qarşı çıxan Azərbaycan əleyhinə təbliğat aparır. Ümumi məqsəd rəsmi Ba­kını İrəvanın maraqlarına uyğun sülhə razı salınmasıdır. 

Ölkəmiz isə mövqeyində qətidir. Ermənistan – Avropa İttifaqı – ABŞ for­matı Azərbaycanın qətiyyətini sındırma­ğa hesablanmış siyasi gedişin növbəti elementidir. Qərb Qranada Sammiti ilə bacarmadığını aprelin 5-dəki Brüssel görüşü ilə reallaşdırmaq yolunu tutur. Deməli, A.Badalyanın müsahibəsindəki anti-Azərbaycan köklənişinin məqsədi bəllidir. Diqqət yetirək, erməni XİN rəs­misi bildirir ki, Azərbaycan guya müxtəlif süni bəhanələrlə, o cümlədən, Aİ-nin və ABŞ-ın vasitəçilik təkliflərini daim rədd edərək, sülh prosesini ləngidir və pozur. “Azərbaycan inklüzivlikdən şikayət etmək əvəzinə, Vaşinqtonda xarici işlər nazirləri və Brüsseldə dövlət başçıları səviyyəsin­də görüş təkliflərini qəbul edə bilər. Həm­çinin Azərbaycanın davam edən hərəkət­lərini, Ermənistanı regional layihələrdən kənarda qoymaq cəhdlərini, inklüzivlik prinsipini hər cür pozmaq cəhdlərini qeyd etmək məqsədəuyğundur”, – deyən XİN rəsmisi Bakının İrəvanın Qara dəniz su­altı elektrik enerjisində iştirakına maneçi­lik törətməsindən söz açıb.

***

Gələk A.Badalyanın fikirlərindəki cəfəngiyyata diqqət yetirməyə. Erməni rəsmi Aİ-nin Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfində lövbər salmış mülki müşahidə missiya­sının fəaliyyətindən söz açarkən bildirib ki, guya, rəsmi Bakı 2022-ci ilin sentyab­rında bu missiyaya razılıq veribmiş, hətta onun şərti sərhədin öz tərəfində iş apar­masını da alqışlayıbmış. Lakin sonradan fikrindən daşınıb. Məlumdur ki, Badal­yanın dedikləri ağ yalandır. Çünki Azər­baycan dövləti lap əvvəldən missiyanın Qərbin manipulyasiya aləti kimi qiymət­ləndirmişdi və yenə mövqeyində qalır. Digər yandan, Ermənistan – Aİ – ABŞ formatı nəinki Badalyanın, eləcə də digər erməni rəsmilərinin Azərbaycana yönəlik işğalçı təqdimatları fonunda ortaya atıl­mış avantüradır. XİN rəsmisinin sözlərin­dən gəlinən qənaət budur ki, guya Aİ-nin missiyası olmasaymış, Bakı işğalını da­vam etdirəcəkmiş. Onun növbəti cəfəng məntiqi də elə budur. 

***

Ermənistan – Avropa İttifaqı – ABŞ nümayəndələrinin yüksək səviyyəli görüşünün üçüncü tərəfə qarşı yönəl­mədiyini bildirən və sözügedən təma­sın bu ölkələrin münasibətləri ilə bağlı məsələlərin müzakirəsi üçün dəyərli fürsət olduğunu vurğulayan A.Badalyan mövcud xüsusda bəzi məsələlərə də ay­dınlıq gətirib. O deyib ki, Ermənistan – Avropa İttifaqı – ABŞ formatı birincinin iqtisadi və enerji sahələrində imkanları­nın inkişafı, ölkənin üzləşdiyi humanitar problemlərin həlli ilə əlaqədar əsaslı mü­zakirələr meydanıdır. Yəni, rəsmi İrəvan üçtərəfli görüşə özünün himayəyə götü­rülməsi təminatı kimi baxır. Belə bir tə­minat isə Ermənistana avantürist baxış­larını gerçəkləşdirmək naminə lazımdır. Heç şübhəsiz, bu niyyət həm Aİ-yə, həm də ABŞ-a yaxşı məlumdur. Deməli, on­ların da məqsədi avantürizmə dəstək verməkdir. Bu, nəticə etibarilə Cənubi Qafqazda sülh mühitinin formalaşması­na sədd çəkməkdir. 

Sonda yenidən ötən ilin oktyabrın­da keçirilmiş Qranada Sammiti üzərinə qayıdaq. Daha doğrusu, həmin sammit zamanı qəbul edilmiş sənəd üzərində. Bildirdik ki, bu, Azərbaycanın üzərinə öhdəlik qoymağa hesablanmışdı, lakin alınmadı, ölkəmiz təzyiqlər qarşısında geri çəkilmədi. Belə görünür, Ermənistan – Avropa İttifaqı – ABŞ görüşündə Qra­nada sənədi tipli kommunike ortaya atıla­caq. Əlbəttə, onun indidən lakmus kağızı taleyini yaşayacağı şübhə doğurmur. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət