Demə, Səməd Vurğun gəldi-gedərdir...

post-img

“Xanı tarixə yazdım”

Azərbaycan muğamlarını böyük sənətkarlıqla ifa edən məşhur xanən­də Xan Şuşinski ilə Səməd Vurğun lap gənc yaşlarından dost imişlər. Bir gün Xan küçə ilə gedərkən Səməd ona rast gəlir:

– Xan, səni də tarixə yazdım.

Xanəndə şairin sözlərindən nə de­diyini başa düşmür. Belə olanda S.Vur­ğun ona yazdığı “Azərbaycan” şeirin­dən aşağıdakı bəndi söyləyir:

Könlüm keçir Qarabağdan, 

Gah bu dağdan, gah o dağdan,

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi. 

“Bu “Vaqif” alındı”

Məlumdur ki, S.Vurğu “Vaqif” mən­zum dramını böyük məhəbbətlə yazıb. Əsər tamaşaya qoyulandan böyük uğur qazanıb. S.Vurğun, demək olar ki, hər gün, baxmağa gedərmiş. Bir neçə tamaşadan sonra o, dostlarından birinə deyir:

– Öz aramızda qalsın, heç kim bilməsin. Mən lap uşaqlıqdan özü­mü Vaqifə borclu bilirdim. Bir poema yazdım, tutmadı. Amma, deyəsən, bu “Vaqif” alındı.

Həqiqətən, Vaqif mənzum dramı Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində danılmaz iz qoymuş əsərdir. S.Vurğun tamaşada rol alan bütün aktyor­larla dostluq edirmiş. Çox vaxt onları obrazların adları ilə çağırarmış. Belə müraciət aktyorların da ürəyincə imiş. 

“Bu saz olmasaydı...”

1923-cü ilin yayında, bir dəstə gənc furqonda Dilicandan Qazaxa gəlirmiş. Səməd lap qabaqda oturub atları qo­vurmuş. Kərəm körpüsü deyilən yerə çatanda, furqonu iki atlı saxlayır. On­lardan biri Səmədə diqqətlə baxandan sonra soruşur:

– Sən Yusif ağanın oğlusan?

– Bəli.

– Kəndləri gəzib saz çala-çala kom­somolluq edən sənsən?

– Bəli.

– Yaxşı, onda bir hava çal görüm. 

– Başqa heç nəyə razı olmazdım. Ancaq saza hörmət olaraq, nə istəsə­niz çalaram.

S.Vurğun sazı sinəsinə sıxıb xeyli çalır. Atlılar heyran-heyran onu dinlə­yirlər, gözləri yaşarır. Sonra işarə edir­lər ki, getsinlər. Səməd atların cilovunu tərpədir, atlar dördnala götürülür.

Qazaxda öyrənirlər ki, həmin iki atlı qaçaq dəstəsindən imiş. Sonralar Səməd zarafatla dostlarına deyərmiş:

– Siz mənim sazıma çox borclusu­nuz. Bu saz olmasaydı, qaçaqlar sizi birtəhər eləmişdilər.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat