Heydər Əliyev dərsləri

post-img

(əvvəli qəzetimizin ötən saylarında)

“Bakıda torpaqlar dağıdılıb”

Heydər Əliyev torpaqdan düzgün istifadə edilməsinə xüsusi əhəmiyyət verir və deyirdi ki, dünyada torpaqdan qiymətli heç nə yoxdur. Ulu öndər bu barədə danışarkən demişdir: 

– Heç kəs düşünməsin ki, Azərbay­can Prezidenti fərdi tikinti prosesinə maneçilik törətmək, yaxud onun qarşı­sını almaq istəyir. Yox! Mən istəyirəm ki, bizim o yaxşı inşaatçılar, son vaxtlar tikdikləri kimi, çoxmərtəbəli evlər tik­sinlər. İstəyirəm ki, o pullu adamlar – o pulları haradan toplayıblarsa, öz vic­danları bilər – özlərinə yaxşı ev tiksin­lər. Mən etiraz etmirəm. Ancaq dövlətin mənafeyinin pozulmaması şərtilə. 

Dövlətin mənafeyi torpaqdır. Tor­paqdan qiymətli dünyada heç nə yox­dur. Hər şeyi almaq, düzəltmək, tikmək olar. Amma Azərbaycanda yenidən bir hektar torpaq sahəsi yaratmaq olmaz. Əgər olanları biz bu cür məsuliyyətsiz, özbaşına buraxsaq ki, kim nə istəyir onu etsin… Ona görə də, mən birinci növbədə Bakının bütün rayonlarının icra hakimiyyəti başçılarının bu barədə fəaliyyətlərini pisləyirəm, onların işi­ni qeyri-qənaətbəxş hesab edirəm. O cümlədən Bakı Şəhər İcra Hakimiyyə­tinin də. Hacıbala Abutalıbov gələndən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi, çox iş görüb və indi, yəqin ki, bu barədə ona böyük ittiham irəli sürmək düzgün olmazdı. Amma təəssüflər ol­sun ki, ondan öncəki dövrdə Bakıda torpaqlar dağıdılıbdır. İndi də bəzən mənimlə danışanda görürəm ki, öz gücsüzlüyünü göstərir. Filan icra ha­kimiyyəti başçısı etdi… Deyirəm, niyə qoyursan? Deyir, qadağan edirəm, sö­zümə baxmır. Soruşuram niyə? Deyir ki, yuxarıdan kimsə onu dəstəkləyir. Mən açıq söhbət edirəm. Kim dəstək­ləyir? Kim yuxarıdan dəstəkləyir? Belə qanunsuz hərəkətləri Prezident Apa­ratından, Nazirlər Kabinetindən, Milli Məclisdən, haradan dəstəkləyirlər? Amma mən düşünmürəm ki, Abuta­lıbov bu barədə yalan məlumat verir. Gəlin danışaq, əgər bizim üçün Azər­baycan və onun paytaxtı Bakı hər şey­dən əzizdirsə, torpaq bizim müstəqil Azərbaycanın ən yüksək sərvətidirsə, bunu ayrı-ayrı adamların marağına təslim etmək olarmı? Bu barədə hər kəs düşünməlidir

“Sənin yanına 2 nəfər əlavə dayə də qoyaydım?”

Bəzi məmurlar ona göstərilən eti­madı doğrultmadıqlarına görə ulu ön­dərin ciddi tənbeh və tənqid hədəfinə çevrilirdilər. Bunlardan birini təqdim edirik.

– Çörəklə təminat sahəsində yaran­mış vəziyyət də, bəli, bu proseslərin nəticəsidir. Feyruz Mustafayev (Taxıl Məhsulları Dövlət Şirkətinin preziden­ti – F.S.) burada indi and-aman edir ki, mən Heydər Əliyevi belə istəyirəm, belə istəmişəm. Buna mənim şübhəm yoxdur. Bəli, mən Azərbaycanda vax­tilə işləyəndə Feyruz Mustafayev mə­nim tərəfimdən irəli çəkilmiş və yüksək qiymətləndirilmiş bir adamdır. Raykom katibi oldu, fəxri adlar verildi və s. İndiki vəzifəyə də Feyruz Mustafayev mə­nim şəxsi təşəbbüsümlə təyin olunub. Onu məhz mən təklif etmişəm, başqa adam təklif etməyib. Ancaq mən Fey­ruz Mustafayevi bu cür məsul vəzifəyə təyin edəndə hesab edirdim ki, o, uzun müddət rayonlara rəhbərlik edib, kənd təsərrüfatı işini bilir, taxılçılıq işini bilir, başqa işləri bilir. Sonrakı dövrdə Na­zirlər Kabinetində Aqrar-Sənaye Birli­yində işləyib, Baş nazirin müavini olub, təcrübəli adamdır. Yaxşı, indi, Feyruz, bəs işin nəticəsi nə olub ? Yaxşı, mən səni bu vəzifəyə təyin edəndən sonra sənin yanına iki nəfər əlavə dayə də qoyaydım ? Əgər təcrübəsiz adam ol­saydın, deyərdin ki, bəli, təcrübəm ol­mayıb. Sən həyat görmüsən, təcrübə keçmisən. Məhz o ağır sahəyə mən səni çağırdım. Dedim ki, get ora, ağır sahədir, burada oğurluq olub, qanun­suzluqlar var. İndicə burada deyildi ki, o vaxt biz gələndə orada on milyon dollarlıq müqavilə bağlanmışdı, onun hesabına bir qram da buğda gəlmə­mişdi. Dedim get otur, oranı düzəlt. İndi düzəltmək əvəzinə sən min cür bəhanə gətirirsən... 

“Guya böyük iş görülüb”

Bakıda Benəlxalq Bankın yeni bina­sının açılışında Heydər Əliyev banklar tərəfindən kreditlərin veriməsində və qaytarılmasında yol verilən nöqsanları ciddi tənqid etmişdi: 

– Hər bir kredit ona görə verilir ki, bank bundan qazanc götürsün. Onu müəyyən faizlə verir və hər ay onun faizini almalıdır. Yaxud, hansı müddətə verirsə, onun faizini almalıdır. İndi faiz kənarda qalıb, verilən kreditin özünü qaytara bilmirlər. Bu qədər dəhşətli hal­lara yol vermək olarmı? Heç kəs güman etməsin ki, bunlar bağışlanacaq, heç kəs güman etməsin. Mən, ola bilər, bu sözləri bu yaxınlarda deyəcəkdim. Bu gün mənə yaxşı fürsət vermisiniz, mən bunları deyirəm və həm Beynəlxalq Bankın, həm Milli Bankın, həm Maliy­yə Nazirliyinin, həm də başqa bankla­rın rəhbərliyindən tələb edirəm ki, bu məsələləri tezliklə həll etmək lazımdır. Verilmiş kreditlər qaytarılmalıdır və banklar gələcəkdə yalnız sağlam prin­siplər əsasında fəaliyyət göstərməlidir. Bizim valyuta imkanlarımız onsuz da məhduddur. Bu, respublikamızın iqti­sadiyyatında baş vermiş çətinliklərlə əlaqədardır. Bunun bir çox obyektiv səbəbləri vardır. Belə bir şəraitdə hər manat, dollar, sent bizim üçün əhə­miyyətlidir. Amma yüz minlərlə, yaxud milyonlarla kredit verirsiniz, mən də pro­kurorluq işçilərini səfərbər edirəm, üç-dörd ay bunu axtarsınlar ki, krediti alan bu adam hara gedib, haradadır, nə cür gedib, bunu qaytaraq, qaytaranda da mənə çox sevinclə məlumat versinlər ki, iki, üç milyon qaytardıq. Guya, böyük iş görülüb. Özümüz öz əlimizdə olan val­yutanı yaramaz adamlara veririk, ondan sonra da nə qədər vaxt, iş sərf olunur ki, bunları geri qaytaraq. Kimdir günahkar? Bunun günahkarları bank işçiləridir, hə­min bu bank işçilərinə havadarlıq edən, onlarla bu çirkin əlaqələrə girən adam­lardır. Təəssüf ki, vəzifəli adamlar da bu çirkin əməllərə girirlər...

Energetika rəisi elektrik enerjisinə pul vermir. Niyə?

Nəqliyyat xidmətində və kommunal xərclərin ödənilməsində güzəştlərin aradan ləğvi barədə hökumət məcbu­ri qərar vermişdi. Ulu öndər tədbirlərin birində bu qərarın əsaslı olduğunu işti­rakçıların diqqətinə çatdırmışdı:

– Bizdə son vaxtlara qədər, bu güzəştləri ləğv edənə qədər polis, pro­kurorluq işçiləri şəhər nəqliyyatından pulsuz istifadə edirdilər. Bilmirəm niyə indiyə qədər buna yol verilmişdir. Keç­mişdə belə çıxırdı ki, bunlar dövlət işi ilə məşğuldurlar, ona görə də pulsuz ge­dirlər. Biz bunu ləğv elədik. Amma mən Moskvada olanda öyrəndim ki, nəinki polis, prokurorluq və ya digər inzibati orqanların işçiləri, hətta bütün hərbi qul­luqçular şəhər nəqliyyatından pulsuz is­tifadə edirlər. Mənə dedilər ki, Moskva­da şəhər nəqliyyatından, ola bilər ki, 80 faiz camaat pulsuz istifadə eləyir, cəmi 20 faizi pul verir. İndi ola bilər, Moskva şəhərinin, yaxud digər şəhərlərin başqa iqtisadi imkanları var ki, onlar dotasiya­nı verirlər, nəqliyyatı saxlayırlar. Amma bu da daimi deyil. Bunu çox saxlaya bilməyəcəklər. Bu, mümkün deyil. Ona görə də biz bu güzəştləri ləğv etdik. Ta­mamilə düz etmişik və bunu da düzgün başa düşmək lazımdır. Eşitmişəm ki, bəzi ayrı-ayrı qüvvələr istəyirlər ki, bu təbəqələrdən istifadə etsinlər, bunları qızışdırsınlar, bunlar bir hay-küy sal­sınlar. Bunlar əhəmiyyətsizdir. Çünki bu insanlar bizim siyasətimizə, o cümlədən iqtisadi siyasətimizə də, sosial siyasə­timizə də inanırlar. Əgər kimisə yoldan çıxaracaqlarsa, biz onların da qarşısı­nı almağa qadirik. Mən hesab edirəm ki, çox düzgün iş görmüşük və bunun da nəticələri alınacaqdır. Bu nə cür ola bilər? Rasizadə dəfələrlə gəlib mənə danışır ki, Müslüm İmanov – energeti­ka sisteminin rəisi elektrik enerjisinə pul vermir. Niyə vermir? Çünki arvadı müəl­limədir. Yaxud, böyük bir biznesmen bilmir pulu hara qoysun, amma elektrik pulu vermir, çünki arvadı müəllimədir. Bilirsiniz, bunlar tək-tək hallar deyil, belələri çoxdur. Ailədə 5-6 adam var, biri biznesmendir, biri başqa yerdə işlə­yir, yaxşı məvacib alır, amma biri müəl­limdir, ya müəllimədir, – onun hesabına bunlar elektrik enerjisinin pulundan, ya qaz pulundan, başqa şeylərdən, – ha­mısından azaddırlar. Bu, ədalətlidirmi belə? Ədalətli deyil! Biz müəllimlərin məvacibini artırdıq, o cümlədən Müs­lüm İmanovun arvadının məvacibini artırdıq. Amma Müslüm İmanov elektrik enerjisinin pulunu verməlidir. O biznes­menin də arvadının məvacibini artırdıq. Amma o biznesmen də elektrik enerji­sinin, yaxud başqa məişət xidmətinin pullarını verməlidir. 

Yığışdırmaq lazımdır

Müşavirələrin birində Heydər Əliyev nəqliyyatın normal hərəkətinə süni maneələrə də toxunmuş və onla­rın aradan qaldırılması barədə konkret tapşırıqlar vermişdi:

– Ona görə də bu postlar məsələ­sinə Daxili İşlər Nazirliyi baxmalıdır. Sonra, deyir, bizim Milli Təhlükəsizlik Nazirliyi də post qoyur, başqaları da qoyurlar. Onlar da buna baxmalıdır və o postlar, hansı ki, doğrudan da, cinayətkarların qarşısının alınması üçün, axtarılıb tapılması üçün lazımdır, – onlar olmalıdır, amma qalanları olma­malıdır. Yığışdırmaq lazımdır. Buradan Dağıstan sərhədinə qədər, hələ Cama­lova cənubu dedi, şimalda da belədir. Yaxud, buradan Gürcüstan sərhədinə qədər, Gəncədən Qazaxa qədər, – ora­da da belədir. Bunlar hamısı bizim həm iqtisadiyyatımıza zərər verir, həm in­sanlara zərər verir. Ayrı-ayrı adamlara qeyri-qanuni gəlir gətirir, ancaq ümu­mi işimizə tamam zərər verir. Bunları aradan götürmək lazımdır. Mən tələb edirəm və bizim aparata tapşırıram ki, siz bunların hamısına nəzarət edin: – həm o yoxlamaların aradan götürül­məsinə, həm də bu məsələlərə. 10-15 gündən sonra mənə bu barədə rəsmi məlumat verin.

Bunu təsəvvür etmək mümkün deyil

Çıxışlarının birində ulu öndər Dağ­lıq Qarabağın işğalını şərtləndirən sə­bəblərin analitik təhlilini vermişdir:

– Təsəvvür etmək mümkün deyil ki, Azərbaycanın ərazisində – Dağ­lıq Qarabağda olan yüz minə qədər erməni əhalisi onu əhatə edən mil­yonlarla azərbaycanlı əhalidən güclü oldu və Dağlıq Qarabağdan azərbay­canlıları zorla çıxardı. Xankəndidən azərbaycanlıları zorla çıxardılar və azərbaycanlılar həmin yüz min erməni­nin əlində aciz qaldılar. Bunu təsəvvür etmək mümkün deyil. Bunlar hamısı o səbəbdən meydana gəldi ki, bir tərəf­dən, Azərbaycanı idarə edənlər öz xalqına xəyanət etdilər, ikinci tərəfdən də ayağa qalxmış xalqın milli azad­lıq hərəkatından ayrı-ayrı adamlar öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışdılar. Hamısı birləşib Ermənistan təcavüzünün əleyhinə getmək əvəzinə, Azərbaycanın daxilində hakimiyyət mübarizəsi, çəkişmələr, qruplaşmalar getdi. 

Bəzən mən soruşuram: Necə oldu ki, Dağlıq Qarabağda ermənilər bir günün içərisində qalxdılar və Azərbay­can Respublikasına tabe olmadıqlarını elan etdilər? Bu, necə oldu? Azərbay­can Respublikasının – həm hərbi gücü, həm də insani gücü var idi ki, onları öz yerlərində oturtsun. Deyirlər ki, guya, artıq ermənilərin əlində silah var idi. Bəs azərbaycanlıların əlində silah niyə yox idi? Ermənistan silahlanmağa baş­ladı. 1989-cu ildə bütün Sovetlər İtti­faqının mətbuat, informasiya orqanları bağırırdılar ki, Ermənistanda qeyri-qa­nuni silahlı dəstələr var. Hətta o vaxt Qorbaçov prezident kimi Ermənistanda olan silahlı dəstələrin dağıdılması, tərk­silah olunması haqqında bir fərman da verdi. Doğrudur, bir neçə aydan sonra özü onu ləğv etdi. Bəs Ermənistan o qədər silahlanırdısa, Azərbaycanda düşünmək lazım deyildimi ki, bunlar nə üçün silahlanırlar? Bunlar kimə qarşı silahlanırlar – Rusiyayamı qarşı, qonşu Türkiyəyəmi, İranamı, Gürcüstanamı qarşı? Yox, Azərbaycana qarşı silahla­nırdılar. Bəs nə üçün o illər, o aylar, o günlər həmin proseslərə lazımi qiymət verilmədi? Azərbaycan Ermənistanda olan vəziyyətə uyğun özü üçün bir şə­rait yaratmadı, öz torpaqlarını müdafiə etməyə qadir olmadı? Nə üçün? Son­ra Azərbaycanda da silahlar meydana gəldi. Amma o silahların çoxu daxili çə­kişməyə, vuruşmağa yönəldildi. 

Şübhəsiz ki, Moskvanın – Sovetlər İttifaqının o vaxtkı rəhbərliyinin Azər­baycana və Ermənistana münasibət­ləri fərqli idi. Mən bunu keçmişdə də dəfələrlə demişəm, indi də deyirəm ki, Azərbaycana ögey, Ermənistana isə doğma münasibət var idi. Bu, tarixi həqiqətdir. Təsadüfi deyil ki, o illərdə, məsələn, 1989-cu ildə Azərbaycanda da, Ermənistanda da insanlar mitinqlər keçirirdilər. Ancaq 1990-cı ilin yanvar ayında Azərbaycana sovet ordusunun qoşun hissələri yeridildi. Azərbayca­na qarşı Ermənistanın təcavüzündən savayı, sovet ordusunun da təcavüzü baş verdi. Amma Ermənistanda gedən mitinqlər üçün Ermənistana heç bir qo­şun hissəsi yeridilmədi, heç bir qırğın da olmadı. Bu, o vaxt mərkəzin Azər­baycana və Ermənistana olan münasi­bətlərinin fərqini aşkar göstərir.

(ardı var)

Faiq SADIQOV,
Əməkdar jurnalist

Sosial həyat