“Qarabağ xanlığı: Tarixi və mədəni kimlik”

post-img

Dünən Roma Milli Mərkəzi Kitabxanasında Heydər Əliyev Fondunun himayəsi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə çap edilmiş “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” adlı albom-kitabın italyan dilində nəşrinin təqdimatı keçirilib.

Kitabxananın foyesində iyulun 1-dək davam edəcək “Qarabağın mə­dəni irsinin inciləri” adlı sərginin açılışı olub. Tədbir iştirakçıları sərgidə nüma­yiş edilən, Gürcüstan Milli Muzeyinin kolleksiyalarında qorunan, Qarabağ xanlığına (1747-1822-ci illər) aid mə­dəni artefaktların rəsmləri ilə tanış olublar. 

Kitabın təqdimatı ilə bağlı keçirilən konfransda italyan alim və professorlar, ictimaiyyət nümayəndələri iştirak edib­lər. Açılış nitqi ilə çıxış edən kitabxana­nın direktoru Stefano Kampanolo və Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov beş dildə işıq üzü görmüş nəşrin italyan dilində dərc edilməsini bu ölkənin ictimaiyyəti arasında Qafqa­zın incisi Şuşa və Qarabağ bölgəsində qədim tarixi, Azərbaycan mədəni irsi haqqında geniş məlumatın və təsəv­vürlərin formalaşmasında mühüm rol oynayacağını bildiriblər.

Müzakirələrə “Qarabağın Azərbay­can milli kimliyində rolu” mövzusunda məruzə ilə yekun vuran Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıq­lar üzrə səfiri Elşad İskəndərov işğal dövründə Qarabağ bölgəsində Ermə­nistan tərəfindən Azərbaycan mədəni və dini irsinin məhv edildiyini, gürcü alimləri tərəfindən Qarabağ xanlığı ir­sinin dərindən tədqiq olunmasının bu bölgənin Azərbaycan milli kimliyindəki rolu haqqında tarixi həqiqətlərin üzə çıxması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. 

Müəlliflər qrupunun rəhbəri pro­fessor Eldar Nadiradze olan “Qara­bağ xanlığı. Tarixi və mədəni kimlik” kitabında XIX əsrdə çar Rusiyasının Qarabağda həyata keçirdiyi hərbi və elmi ekspedisiyaları zamanı toplanan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan, Qarabağ xan­lığına aid olan 300-dən çox artefaktın rəsmi yer alıb. Kitab Azərbaycan, rus, ingilis, fransız, ərəb və italyan dillərin­də nəşr olunub.

“Xalq qəzeti”



Sosial həyat