“Suraxanı” gəmi-muzeyi “Xəzərin irsi”ni dünyaya təqdim edib

post-img

Layihə beynəlxalq mükafata layiq görülüb

Bugünlərdə Beynəlxalq Muzeylər Şurasının (ICOM) təsis etdiyi “Muzey­lərdə Dayanıqlı İnkişaf Təcrübəsi üzrə ICOM Mükafatı”nın geniş siyahısı açıqlanıb. Sıralamada ölkəmizin “Suraxanı” gəmi-muzeyinin təqdim etdiyi “Xəzərin irsi” layihəsi də yer alıb. Bu barədə “Azərbaycan Xəzər Dəniz Gə­miçilyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) məlumat yayıb.

Bildirilib ki, ICOM-un 2024-cü ildə elan etdiyi müsabiqəyə, ümumilikdə, 124 ölkədən müraciət daxil olub. Münsiflər heyəti layihələr arasından ilkin seçim edərək 60 ölkənin 130 layihəsindən ibarət uzun siyahı formalaşdırıb. Növbəti mər­hələdə bu layihələr qiymətləndirilərək qısa siyahı müəyyənləşdiriləcək, yekunda isə 3 finalçı seçiləcək. Qaliblər 2025-ci ilin de­kabrında Dubayda ICOM-un Baş Konfran­sında elan olunacaq. Layihələr beynəlxalq münsiflər heyəti tərəfindən “2030 Gündə­liyi” və Dayanıqlı İnkişaf Məqsədlərinin beş əsas istiqaməti (İnsanlar, Planet, Fira­vanlıq, Sülh və Tərəfdaşlıq) üzrə qiymət­ləndirilir. 

Qeyd edək ki, “ICOM Mükafatı” mu­zey sahəsində dayanıqlı inkişaf istiqamə­tində innovativ təşəbbüsləri və nümunəvi təcrübələri tanıyan ilk qlobal mükafatdır. Bu mükafat ICOM-un bütün üzvlərinə ünvanladığı ilk beynəlxalq mükafat kimi xüsusi əhəmiyyət kəsb edir. Dünyanın ilk tanker muzeyi “ICOM Mükafatı”-na 2023-cü ildə “Heydər Əliyev İli” və “Azərbay­can Xəzər Dəniz Gəmiçiliyi”nin 165 illik yubileyi ilə əlaqədar sərgi olaraq həyata keçirilmiş “Xəzərin irsi”, eləcə də bu la­yihə çərçivəsində ötən il – “Yaşıl Dünya Naminə Həmrəylik İli” və “COP 29”-a həsr olunmuş “Daha az plastik, daha çox həyat:təmiz dəniz üçün birlikdə!” devizi ilə reallaşdırılmış “Art Plast” layihəsi ilə müraciət edib.

ASCO-nun məlumatına əsasən, “Xəzə­rin irsi” sərgisində dənizin dibindən çıxa­rılmış qədim eksponatlar, sualtı arxeoloji qrupun dalğıc avadanlığı və ləvazimatları nümayiş olunub. Eyni zamanda, ziyarət­çilər Azərbaycanın su altında qalmış şəhər­ləri, batmış orta əsr gəmiləri, zəngin mə­dəniyyəti və çoxşaxəli ticarət əlaqələri haqqında məlumat əldə edə biliblər. 

“Art Plast” layihəsi çərçivəsində isə plastik, metal və digər məişət tullantıların­dan istifadə olunaraq 5 metr uzunluğa ma­lik balıq, eyni zamanda, hər birinin hündür­lüyü, təxminən, 2 metrdən çox olan qağayı, suiti və dəniz atı formasında hazırlanmış installyasiyalar, plastik qablardan düzəl­dilmiş 4 metr uzunluğu olan dünya xəritəsi installyasiyası, eləcə də istismar müddətini başa vurmuş qayıqlardan güldanlar düzəl­dilərək “Suraxanı” gəmi-muzeyinin qar­şısında yerləşdirilib. Bu “eko-art”lar ətraf mühiti təmiz saxlamağın əhəmiyyətinə, plastik çirklənməsinin ekosistem üçün təhlükələrinə, xüsusilə dəniz canlılarının qorunmasının vacibliyinə diqqət çəkməklə yanaşı, tullantıların istifadəyə yararlı məh­sullara çevrilməsinin, hətta onlardan sənət əsərləri yaratmağın mümkünlüyünü əyani formada nümayiş etdirir.

İqtisadiyyat