“Qarabağ”, biz səninləyik!

post-img

Ağdam komandası Budapeştə yüzfaizli nəticə ilə gedib 

Zarafat deyil, Çempionlar Liqasının hər bir azarkeşin həsrətlə gözlədiyi, liqa himninin sədaları ilə xeyir-dua verilən pley-off mərhələsinə aparan yolda Azərbaycan çempionu heç bir itkiyə yol verməyib: 4 oyun-4 qələbə! Üstəlik də, bu görüşlərdən ikisində hakimlər böyük hesab qeydə alıblar. İrlandiyanın paytaxtı Dublində ”Şelburn”un qapısına 3 cavabsız top vu­rulub, Bakıda isə “Şkendiya”hesabı açmasına peşman edilib, ”Qarabağ” Şimali Makedoniya komandasına sanki “1 özündən deyəndə 5 də məndən danış” mövzusunda ustad dərsi keçib.

Təmsilçimizin 4 oyundan ibarət qələbələr seri­yası ona əvvəlcə Konfrans Liqasının qrup mərhələ­sini təmin etmişdisə, Avropa Liqasının qrup sınaq­larına da vəsiqəni çox gözləmək lazım gəlmədi. İndi isə Çempionlar Liqasının nəhənglər meydanının qapısı ağzındayıq. Amma bu meydana UEFA-dan “viza” almaq üçün Macarıstanın “Ferentsvaroş” səddini keçmək mütləq şərtdir. “Qarabağ” bunu da bacaracaqmı? Sualımıza bir həftədən sonra, avqus­tun 27-də Bakıda mərhələnin ikinci raund görü­şündən sonra cavab alacağıq. Hələlik isə bugünkü rəqiblərin ilk oyununa şahidlik edəcəyik. 

Portuqaliyalı hakimin Macarıstan paytaxtında Bakı vaxtı ilə saat 23-də başlanacaq oyunun sona çatdığını bildirəcəyi anlarda ölkəmizdə artıq gecə­yarısı olacaq. Amma azarkeşlər, həm də təkcə “Qa­rabağ” pərəstişkarları deyil, Azərbaycanın bütün futbol ictimaiyyəti ayıq-sayıqdır. Hamı Budapeşt matçını maraqla, həyəcanla, ümidlə gözləyir. Hər qarışına dərindən bələd olduğu stadionda tamaşaçı­lardan güclü dəstək alacaq Macarıstan çempionu nə qədər hörmətli klub olsa da, “Qarabağ” onun mey­dançasında özünü itirməyib, uğurlu oyunlar seriya­sına layiq olduğunu sübuta yetirmək əzmindədir. 

“Ferentsvaroş”un 3-cü təsnifat mərhələsində Bolqarıstanda “Ludoqorets” ilə 1-ci raund döyüşün­dən qolsuz heç-heçə ilə ayrıldıqdan sonra öz azar­keşləri qarşısında böyük hesabla qələbə qazanması (3:0) belə təsəvvür yaradır ki, bu axşam hər iki ko­manda müdafiədə ciddi təzyiqlə üzləşəcək. Görək arxa xətdə kim daha etibarlı oynayacaq. Ölkə çem­pionumuzun ilk 4 görüşdən ümumi 10:1 hesabı ilə qalib ayrılması düşünməyə əsas verir ki, komanda bu oyunlarda bütün xətlərdə kifayət qədər yüksək ustalığı ilə Avropanın diqqət mərkəzində olub.

İki il əvvəl Çempionlar Liqası turnirinin 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”la yollarımız kəsişmişdi. Yaxşı yadınızda olar, onda bizimkilər Bakıda 1:1 hesablı heç-heçə ilə kifayətlənməli ol­muşdularsa, Budapeştdə çox inamlı qələbə qazan­mışdılar (3:1).

Azərbaycan və Macarıstan çempionları yenə üz-üzədir və onların hər biri iki oyunun ümumi ye­kununda qalib olub, Liqanın baş meydanında oyna­maq, Avropa futbolunun ən parlaq komandalarını öz şəhərinə, ölkəsinə gətirmək, ulduz futbolçulara qarşı oynamaq eşqi ilə alışıb-yanır.

“Qarabağ” indiki avrokuboklar mövsümündə beşinci oyununa çıxır. Ardıcıl dörd qələbədən sonra növbəti görüş bizə nə vəd edir? Cavabı çətin sualdır. Yalnız onu deyə bilərik ki, bitərəf mütəxəssislər də yekdilliklə bildirirlər ki, pley-off mərhələsinin “Fe­rentsvaroş”- “Qarabağ” cütündə qüvvələr nisbəti bərabərdir, tərəflərdən hər biri sevinə bilər. Bununla da bir daha təsdiq olunur ki, Azərbaycan klubunun səfərdən sərfəli nəticə ilə qayıtmaq iddiası əsassız deyil. Komanda özünə inanır. Bu isə uğura aparan yolda başlıca şərtdir. 

Xarici icmalçılar və şərhçilər “Qarabağ”ın ardı­cıl 12-ci dəfə avrokubokların qrup mərhələsi sınaq­larının iştirakçısı olduğunu, Qurban Qurbanovun səbrlə, təmkinlə, məqsədyönlü şəkildə mübariz, möhkəm iradəli komanda yaratdığını bildirib, səmi­mi kollektivimizin daha da böyüyəcəyinə inamları­nı ifadə etmələri Azərbaycanın futbol ictimaiyyəti üçün çox xoşdur, ümidlərimizi artıran dəyərdir. 

Hə, yatmayaq, “Qarabağ” oynayır. Uzaqdan da olsa, ölkə çempionumuza layiq əzmkarlıq göstərək, ona möhkəm dəstək olaq. Güc birlikdədir, qələbə birgə səylə qazanılır. 

Bu arada ötən hər dəqiqə bizi saat 23-ə yaxınlaş­dırır. Hakimin start işarəsinə getdikcə daha az vaxt qalır...

Zərbələrin dəqiq olsun, “Qarabağ”! 

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman