Vaşinqtonda “Ukrayna razılaşması” müzakirəsi

post-img

Vaşinqtonda keçiriləcək görüş Ukraynanın gələcəyi və Avropanın təhlükə­sizliyi baxımından Alyaska sammitindən daha əhəmiyyətli ola bilər. Bu fikirlə razılaşmaq olar ki, Alyaskadakı görüş nəticəsiz başa çatdı: Nə atəşkəs əldə olundu, nə sanksiyaların ləğvi müzakirə edildi, nə də böyük bəyanatlar səs­ləndi. Lakin bu, Ukraynanın kənarda qalacağı demək deyil. Əksinə, avqustun 18-də Vaşinqtonda keçirilən danışıqlar Kiyevin öz mövqeyini müdafiə etməsi üçün yeni imkan açır.

Ukrayna Prezidenti Volodimir Zelens­ki ilə yanaşı, Böyük Britaniya Baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron, Avropa Komissisyasının Alma­niya Kansleri Fridrix Merts və NATO baş katibi Mark Rütte də görüşdə iştirak edə­cək. Bu, Ukraynanın tək qalmadığını və Avropanın vahid mövqeyini nümayiş et­dirmək niyyətində olduğunu göstərir. Av­ropa liderləri Donald Trampa aydın mesaj çatdırmaq istəyirlər: Ukraynanın iştirakı olmadan heç bir sülh razılaşması mümkün deyil və istənilən müqavilə real təhlükəsiz­lik zəmanətləri ilə möhkəmləndirilməlidir.

ABŞ Prezidenti Donald Trampın mü­haribənin bitməsilə bağlı səsləndirdiyi son bəyanatlar Avropanı narahat edir. Bu sə­bəbdən də liderlər Vaşinqtona gələrək, Uk­raynanın və Avropanın birliyini nümayiş etdirməyi hədəfləyirlər. Prezident Trampın Britaniya Baş naziri Starmerə və NATO baş katibi Rütteyə simpatiyası Kiyevin mövqeyini gücləndirə bilər. Bununla belə, Makronun mövqeyi daha zəifdir, çünki ABŞ administrasiyası onun BMT Baş As­sambleyasında Fələstini dövlət kimi tanı­maq təşəbbüsünü sərt tənqid edib.

Moskvanın mövqeyi isə dəyişməz ola­raq qalır. Vladimir Putin Donbasın tam işğalına nail olmaq və Krımı heç vaxt qay­tarmamaq niyyətindədir. ABŞ və Rusiya arasında müzakirə edilən variantlardan biri Ukraynanın müəyyən əraziləri güzəştə get­məsi müqabilində təhlükəsizlik zəmanətlə­ri əldə etməsidir. Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın sözlərinə görə, Uk­raynanın qələbəsi yalnız torpaqların azad olunması ilə ölçülməməlidir. Əgər Kiyev NATO-nun 5-ci maddəsinə bənzər zə­manətlər əldə edə bilsə, bu da Ukraynanın müstəqilliyini qorumaq baxımından tarixi nəticə ola bilər.

Mütəxəssislərin sözlərinə görə, Tramp administrasiyası Birləşmiş Ştatları mühari­bəyə sürükləyə biləcəyindən qorxduğu hər hansı öhdəlikdən son dərəcə ehtiyatlıdır. Amma əgər Prezident Tramp indi Ame­rikanın Ukrayna üçün təhlükəsizlik zə­manətləri məsələsinə qayıtmağa hazır olsa, potensial sülh sazişinin digər aspektləri, o cümlədən ərazilər mübadiləsi də işə düşə bilər. “Axios” nəşri də Prezident Donald Trampın müşavirlərindən birinə istinadən yazır ki, Ukrayna üçün təhlükəsizlik zə­manətləri ölkə ərazisinə ABŞ qoşunlarının yerləşdirilməsini əhatə edə bilər. Başqa bir müşavir nəşrə bildirib ki, Ukrayna üçün təhlükəsizlik təminatı məsələsi hələ həll olunmayıb və “biz mətbuatda danışıqlar aparmayacağıq”. Bundan əvvəl ABŞ döv­lət katibi Marko Rubio Vaşinqtondan zə­manətin verilməsinin “çox mühüm addım olacağını” bildirmişdi.

Almaniya Kansleri Fridrix Merts isə həftə sonu demişdi ki, ABŞ Aİ ilə birlik­də Ukraynaya təhlükəsizlik zəmanəti ver­məyə hazırdır. “Bloomberg” mənbələrə istinadən xəbər verir ki, zəmanətlər arasın­da “hava qalxanı” ola bilər. CNN-in mə­lumatına görə, Donald Tramp Aİ liderləri ilə NATO Nizamnaməsinin 5-ci maddəsinə “oxşar” təminatların verilməsini müzakirə edib. O güman edir ki, üzv dövlətlərdən birinə silahlı hücum bloka hücum hesab olunur. Kanal NATO-nun təminatlarda bir­başa iştirak etməyəcəyini yazıb.

Bununla belə, bəzi suallar açıq qalır. Ukrayna minlərlə insanın həyatını qurban verdiyi əraziləri güzəştə gedə bilərmi? Do­netskin qalan hissəsindən imtina edilməsi Rusiyanın Kiyevə yolunu açmayacaqmı? Əvvəllər müzakirə olunan “İstəklilərin Koalisiyası” planı çərçivəsində on minlər­lə əsgərin Ukraynaya yerləşdirilməsi artıq gündəmdən çıxarılıb. İndi əsas diqqət hava və dəniz təhlükəsizliyinə, həmçinin Ukray­na ordusunun bərpasına yönəlib.

Buna baxmayaraq, ekspertlər xəbər­darlıq edirlər ki, hərbi əməliyyatlar dayan­sa belə, Moskva ordusunu bərpa edib üç-dörd il ərzində yeni hücuma hazır ola bilər. Belə olan halda Ukraynanın təhlükəsizliyi Qərb qırıcı pilotlarının Rusiya tank ko­lonlarını dayandırmağa hazır olub-olma­masından asılı olacaq. Vaşinqton görüşü isə bu təhlükəli gələcəyin qarşısını almaq üçün həlledici məqam ola bilər.

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət