Üzeyir Hacıbəyli – 140
Böyük bəstəkarımız Üzeyir bəyin yubileyi ərəfəsində onun özü qədər məşhur digər sənət adamları və ziyalılarla dostluğu mövzusu da gündəmdə yer tutur. Bu mənada Üzeyir–Səməd dostluğu əsl örnəkdir.
Böyük ictimai xadim olan bəstəkar əsərlərini nəğmə kimi dinləyib heyran qaldığı Səməd Vurğun haqqında deyib: “Mən poeziyanı musiqisiz təsəvvür edə bilmirəm. Bu mənada Səmədin şeirləri əvəzsizdir”.
Xalq şairi Səməd Vurğun da Üzeyir bəyə yüksək dəyər verənlərdən olub. Oğlu Yusif Səmədoğlu xatirələrində yazırdı ki, Kislovodskda istirahətdə olduqları vaxt Üzeyir bəy də Yessentukidə dincəlirmiş. Bir gün atası onları da götürüb Üzeyir bəylə görüşə aparır. Yolda bərk-bərk tapşırır ki, görüşəndə Üzeyir bəyin əlindən öpərsiniz. Atasının bu sözü Yusifə bir qədər qəribə gəlir. Görüş zamanı Səməd Vurğunun övladlarının hər üçü – Yusif, Aybəniz və lap kiçik olan Vaqif də Üzeyir bəyin əlindən öpürlər. Üzeyir bəyin təkidlərinə baxmayaraq, ehtiram əlaməti olaraq Səməd Vurğun bütün görüş boyu oturmur. Görüşdən sonra Yusif atasından soruşur ki, nəyə görə biz Üzeyir bəyin əlindən öpməliydik. “Üzeyir bəy musiqimizin peyğəmbəridir. Peyğəmbərin əlindən öpərlər” – deyə Səməd Vurğun izah edir.
Üzeyir bəyi musiqimizin şairi, Səməd Vurğunu isə şeirimizin bəstəkarı sayanlar yanılmırlar. Hələ ötən əsrin əvvəllərində Qori müəllimlər seminariyası Qazaxa köçürüldükdən və onun əsasında Qazax Müəllimlər Seminaryası təşkil edildikdən sonra oraya daxil olan uşaqlar arasında balaca Səməd də var idi. Seminariyada oxuduğu illərdə onun gözəl şeirlər oxuması və yazması, monoloqlar söyləməsi, məlahətli səsi, sazı və skripkanı məharət və ehtirasla çalması hamının diqqətini çəkirdi. O, seminariyada təşkil edilən tamaşalarda aparıcı rollarda çıxış edir, “Leyli və Məcnun”da Məcnun, ”Əsli və Kərəm”də Kərəm rollarını məharətlə ifa edirdi. Ədəbiyyat müəllimi Yusif Qasımov Səməddəki bu istedada və qeyri-adi qabiliyyətə yüksək dəyər verərək demişdi: “Bu Səməd fitneyi-dövran olacaqdır”.
Böyüyəndən, tanınandan sonra Səməd Vurğunun Xan Şuşinski və gənc Fikrət Əmirovla dostluğu, Üzeyir bəyi “musiqimizin peyğəmbəri” sayaraq daim rəğbətləndirməsinin kökündə ilk növbədə məhz musiqiyə qeyri-adi sevgisi durur. Məşhur bəstəkarımız Fikrət Əmirov da həmişə bu münasibətdən ilham alıb. O, Azərbaycan xalqının 3 böyük oğlunu – Üzeyir Hacıbəyli, Bülbül və Səməd Vurğunu “sənətimizin parlaq məşəlləri”, “üç müdrik sima” adlandırmışdır.
Qeyd etdiyimiz kimi, Səməd Vurğunun Üzeyi Hacıbəyli dühası ilə ilk qiyabi tanışlığı seminariyada oxuduğu illərdə onun əsərləri ilə tanışlığından başlayırdı. Üzeyir bəyin musiqisi Səmədi gözəgörünməz tellərlə bir cazibə qüvvəsi kimi özünə çəkirdi. Qələmdaşımız Ramiz Göyüş yazır ki, böyük bəstəkarla ünsiyyət qurmaq hissi Səmədi tərk etmirdi. Bu dostluq Səməd Vurğun Moskvadan Bakıya qayıtdıqdan sonra, 1931-32-ci illərdən başlayıb. “Həmin illər artıq Üzeyir bəy keçmiş SSRİ-də və dünyada tanınan məşhur bir bəstəkar idi. Səməd Vurğunun isə istedadı getdikcə parlayır, yaradıcılığı geniş kütlələri özünə cəlb edirdi. 1934-cü ilin iyun ayında, respublikamızda mühüm hadisələrin cərəyan etdiyi bir dönəmdə, Azərbaycan ədəbiyyatının və musiqisinin inkişafında sonralar mühüm rol oynayan və əlamətdar bir hadisə kimi tarixə düşən Azərbaycan Yazıçılar İttifaqı və Bəstəkarlar İttifaqı yaradıldı. Üzeyir bəy Bəstəkarlar İtifaqının sədri, gənc Səməd Vurğun isə Yazıçılar İttifaqının fəal üzlərindən idi. Həmin illər bu birliklər respublikanın nüfuzlu yaradıcı ziyalılarını və istedadlı sənət adamlarını öz ətrafına toplayaraq ictimai-siyasi həyatımızın bütün sahələrində mühüm rol oynayırdı. Bu iki ittifaq bir çox hallarda tədbirlərini birgə təşkil edirdi. Bu tədbirlərdə Üzeyir bəylə Səməd Vurğun indi daha çox ünsiyyətdə olurdular. Bütün istedadlı gənclərə bir atalıq qayğısı göstərən Üzeyir Hacıbəyli Səməd Vurğuna xüsusi diqqəti ilə şairin musiqiyə qeyri-adi sevgisi onun Üzeyir bəylə də dostluq əlaqələrinin yaranmasına səbəb olmuşdu.
Bu illərdə Səməd Vurğun və Üzeyir Hacıbəyli bütün ideoloji basqılara baxmayaraq, özlərinin şah əsərlərini yaratmaqla, həm də bir ictimai xadim olaraq respublikanın ictimai-siyasi həyatında mühüm rol oynayırdılar. 1941-ci ildə Səməd Vurğun Azərbaycan Yazıçılar İttifaqının sədri seçildikdən sonra onun Üzeyir bəylə təmasları tez-tez olurdu. Və bu təmaslar artıq onlar arasında böyük yaş fərqinin (21 il) olmasına baxmayaraq, dostluğa çevrilmişdi. Həm də onlar arasında bir-birinə ata-oğul münasibətləri səviyyəsinə qədər yüksələn bir ünsiyyət formalaşmışdı”.
Həm alovlu vətənpərvər, həm də yaradıcılıq ittifaqlarının rəhbəri kimi Üzeyir bəylə Səməd Vurğun müharibə illərində qələbə çağırışlarının önündə gedirdilər. Təsadüfi deyil ki, həmin illərdə Üzeyir bəy 3 marşı – “Vətən Ordusu”, “Ey Vətən”, “Döyüşçülər marşı” və qələbəyə həsr olunmuş “Zəfər himni” Səməd Vurğunun sözlərinə yazılmış nadir sənət nümunələridir. Bəstəkar şairin “Şəfqət bacısı” şeirini yazmasının da mövzuverəni olub və Mehdixan Vəkilov demişkən, Üzeyir Hacıbəylinin qadir nəğməsində xalq himni kimi qəlblərə yol açıb.
Gəl ana yurdumun qızı, gəlini,
İndi namus vaxtı, qeyrət dəmidir,
Sən də əsirgəmə kömək əlini,
Hər sözün, söhbətin can məlhəmidir.
Üzeyirbəyşünas kimi tanınan hörmətli tələbə yoldaşım Səadət Qarabağlı isə yazır: “Üzeyir bəy hər zaman Səməd Vurğun yaradıcılığına yüksək dəyər vermiş, bir çox hallarda onu nümunə kimi göstərmişdir. Bu baxımdan Səməd Vurğunun dili haqqında onun “Fərhad və Şirin” əsərinin Stalin mükafatına təqdim edilməsi münasibətilə Stalin mükafatı komitəsinin iclasında Ü.Hacıbəylinin söylədiyi nitq çox maraqlıdır. Üzeyir bəy çıxışında demişdir: “Səməd Vurğun - müasir Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən biridir. Burada mən deyərdim ki, nəinki parlaq nümayəndələrindən biri, hətta ən istedadlı nümayəndəsidir. Azərbaycan dilinin nümunələrini Azərbaycan ədəbiyyatı xəzinəsinə daxil edərək o, Azərbaycan xalqının həyatının bütün sahələrini müxtəlif yollarla əks etdirməyi bacarmışdır. Şairin şeirləri ana vətənə dərin hisslərlə həd-siz məhəbbətlə doludur. O, şeir sənətinə mükəmməl yiyələnmişdir... Bir dramaturq kimi Səməd Vurğunun əsas cəhəti odur ki, onun əsərlərində real xarakterlər verilir və lirik şairin dərin psixologizmi hiss olunur.
Bir dramaturq olaraq onun yaradıcılığının ikinci əsas tərəfi odur ki, o, insan həyatını romantik və filosof şair kimi təsvir edir. Hazırkı “Fərhad və Şirin” əsəri bizim ədəbiyyatımızda və teatrda böyük əhəmiyyət kəsb edən hadisədir...”
1940-cı ildən, yəni yarandığı gündən, ömrünün sonuna kimi Stalin komitəsi üzvü olan Üzeyir bəy Hacıbəylinin bu çıxışından sonra Səməd Vurğunun “Fərhad və Şirin” əsəri qeydsiz-şərtsiz Stalin mükafatına layiq görülmüşdür”.
Bu isə şairin “Musiq və opera sənətimizin mükəmməl abidəsi olan “Koroğlu” operası haqqında dedikləridir: Üzeyir bəyin “Koroğlu” operası dünya musiqi mədəniyyətinin yüksək nailiyyətlərini özündə təcəssüm etdirən, bütün mədəni ölkələrinin mənəvi tələbinə cavab verən Azərbaycan musiqi mədəniyyətinin yüksək bir zirvəsi oldu”.
S.Vurğun “Leyli və Məcnun” operasına da yüksək qiymət verir, çox doğru olaraq Üzeyir Hacıbəyliyə “Ey Füzuli şerinin bəstəkar qardaşı” – deyə müraciət edirdi.
“...1948-ci ildə Üzeyir bəyin xəstəliyi şiddətlənməyə başladı. Həmin ilin noyabrında böyük bəstəkar artıq ömrünün son günlərini yaşayırdı. Xəstəxanada yatarkən Üzeyir Hacıbəyliyə baş çəkənlərdən biri də hələ uşaqlıqdan musiqiyə məftunluğu ilə seçilən Səməd Vurğun olub. Şair yataq otağının açıq qapısından içəri boylanır. Üzeyir bəy əlləri sinəsi üstə çarpaz, maddım-maddım ona baxırdı. Üzünün rəngi qaçmışdı. Şair yatağa yaxınlaşanda xəstə qalxıb ona əl vermək istədi, bacarmadı. Səməd Vurğun ustadın soyuq əllərindən öpür.
– Oğul, könlüm səni necə istəyirdi, biləsən. Görürsən də... Deyəsən, vaxtdır. Sən yaxşı bilərsən, oğul, necə deyib o şair? Köçmək gərək bu dari-fənadan yavaş-yavaş...
Səməd Vurğunun ürəyi dözmür. Diz üstə çöküb Üzeyir bəyin yatağını qucaqlayır, uşaq kimi ağlamağa başlayır. Xəstə titrəyən ipək əlləri ilə onun saçlarını oxşayır.
Köçmək gərək bu dar fənadan yavaş-yavaş...”
(Qulam Məmmədli).
Həmin il noyabrın 24-də dahi bəstəkarın yaşamaq və yaratmaq eşqilə döyünən ürəyi dayandı. “Musiqimizin Peyğəmbəri” Peyğəmbər yaşında əbədiyyətə qovuşdu. Dəfn mərasimində şıxış edənlərdən biri də Səməd Vurğun idi: “Öz gözəl əsərləri ilə bütün sovet xalqının məhəbbətini qazanan dahi sənətkar Üzeyir Hacıbəylinin vəfatını Azərbaycan ziyalıları və zəhmətkeşləri böyük hüznlə qarşılayırlar. Üzeyir Hacıbəyovun sənətkarlığı misilsizdir, onun böyük istedadı sənətkarın adını əbədi yaşadacaqdır. Xalq tərəfindən tanınmaq... sənətkar üçün böyük şərəfdir. Xalq Üzeyir Hacıbəylini ona görə sevir ki, o, öz unudulmaz əsərlərində xalqın ən yaxşı duyğu, düşüncə və arzularını ifadə etmiş, xalq üçün yaşamış və yaratmışdır. Üzeyir Hacıbəyli yalnız görkəmli bəstəkar və alim deyil, həmçinin sovetlər ölkəsinin böyük vətəndaşı idi...Azərbaycan bəstəkarları, şairləri, ifaçıları və rəssamları tərəfindən yaradılacaq yeni mahnılar, simfoniyalar, operalar və poemalar...bizim unudulmaz və çox sevimli Üzeyir Hacıbəyliyə ən yaxşı abidə olacaqdır.”
Sonralar Səməd Vurğun Üzeyir Hacıbəylinin vəfatı münasibətilə “Ölüm sevinməsin qoy” misraları ilə başlayan məşhur şeirini yazıb...
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər...
Əli NƏCƏFXANLI
XQ