Milli kimlik uğrunda mübarizə öncülü

post-img

Şıxəli Qurbanov – 100

Azərbaycan ədəbiyyatı və ictimai həyatında xüsusi yeri olan unudul­maz ziyalı, ötən əsrin 50–60-cı illərində idarəçilikdə və cəmiyyətdə milli ruhun, azad düşüncənin fədakar müdafiəçisi, görkəmli şair-dramaturq, ədəbiyyatşünas, siyasət və dövlət xadimi Şıxəli Qurbanovun anadan olma­sının 100 illik yubileyini ölkənin elmi-mədəni ictimaiyyəti dərin ehtiram və qədirbilənliklə qeyd edir. 

Cəfər Cabbarlı adına Respublika Gənc­lər Kitabxanasında dramaturqun mənalı ömür yolundan və fədakar elmi, ictimai fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kitabxananın rəsmi saytında yerləş­dirilən elektron məlumat bazasında Şıxəli Qurbanovun həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, layiq görüldüyü mükafatlarla yanaşı, Əməkdar elm xadimi, professor Əziz Mirəhmədovun “Şıxəli Qurbanov fenomeni” və filologiya elmləri doktoru, professor Ramin Əhmədo­vun “Unudulmaz şəxsiyyət: Şıxəli Qurba­nov” kimi məqalələri də yer alıb. 

Elektron bazada görkəmli yazıçının müəllifi, redaktoru olduğu, Azərbaycan və rus dillərində nəşr edilən kitablarının, məqalələrinin, eləcə də onun haqqında qələmə alınan kitabların, dövri mətbuat nümunələrinin siyahıları yer alır. Şıxəli Qurbanovun 100 illik yubileyi ilə əlaqədar hazırlanan məlumat bazasında “Filmoqrafi­ya”, “Notlar”, “Dissertasiya və avtoreferat­lar”, “İzomateriallar”, “Elektron resurslar”, “Virtual sərgi”, “Foto və videoqalereya” kimi bölmələr yubiliyarın həyat və yaradı­cılığı barədə geniş təsəvvür yaradır.

***

Təqdim edilən materiallarda sovet döv­ründə milli kimlik uğrunda mübarizənin öncüllərindən olmuş Şıxəli Qurbanov XX əsr tariximizin ən mürəkkəb dövrünün cə­sur ziyalısı və mübariz siyasətçisi kimi ta­nıdılır. Bildirilir ki, onun fəaliyyəti yalnız ədəbiyyat, dilçilik və teatr sahəsi ilə məh­dudlaşmır. Şıxəli Qurbanov milli ideyala­rın, xalq bayramlarının və azərbaycançılıq düşüncəsinin dövlət səviyyəsində dirçəli­şinin əsas təşkilatçısı, yeni elmi yanaşma­ların və maarifçiliyin daşıyıcısı, sovet rep­ressiyasının təqibindən qorxmayaraq milli şüur uğrunda mübarizə aparan unudulmaz simalardan biridir. Onun zəngin və məna­lı həyat yolu, irsi və mübarizəsi bu gün də Azərbaycan cəmiyyətinə ilham verir və öy­rədici nümunə kimi yaşayır. 

Şıxəli Qurbanov 16 avqust 1925-ci ildə Bakı şəhərində anadan olub. Atası Qurban kişi sadə, zəhmətkeş bir insan olub, anası isə milli-mənəvi dəyərlərin qorunmasına və övladların maariflənməsinə böyük önəm verib. Şıxəli uşaqlıqdan oxumağa, poeziya­ya və teatra xüsusi maraq göstərib. Mək­təbdə əlaçı şagird kimi seçilib, ədəbiyyat dərslərində fəallığı ilə müəllimlərin diqqə­tini cəlb edib. Orta məktəbi bitirdikdən sonra həyatını xalqına və Vətəninə xidmətə həsr etmək qərarına gəlib.

Yaxın gələcəyin ədibi və siyasi xadi­mi 1942-ci ildə könüllü orduya yazılıb, II Dünya müharibəsinin ölümsaçan cəbhələ­rində vuruşub. Onun hünəri orden və me­dallara layiq görülüb. 

Müharibədən qayıtdıqdan sonra Şıxəli Qurbanov 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsi­ni fərqlənmə diplomu ilə bitirib. Elmi işə marağı onu aspiranturaya, elmi-tədqiqat fəaliyyətinə yönəldib. 1956-cı ildə “Puş­kin və Azərbaycan poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib və filologiya elmləri namizədi elmi dərəcəsini alıb.

Gənc alim elmi-pedaqoji fəaliyyətlə yanaşı, Azərbaycan və dünya ədəbiyyatın­da interkultural əlaqələrin öyrənilməsində xüsusi rol oynayıb. Onun tədqiqatları xari­ci ədəbi əlaqələrlə yanaşı, Azərbaycan di­linin zənginlikləri, milli ədəbi düşüncənin inkişafı kimi fundamental mövzuları əhatə edib.

Şıxəli Qurbanovun ədəbi irsi çoxşaxə­lidir. O, milli ədəbiyyatımızda lirik şeirlər, publisistik yazılar, pyes və librettolar müəl­lifi kimi tanınır. Onun “Rəis məşğuldur”, “Milyonçunun dilənçi oğlu”, “Sənsiz” kimi pyesləri sovet dövründə teatrlarımızın re­pertuarında böyük uğurla səhnələşdirilib. Bu əsərlərdə təkcə dövrün reallıqları deyil, insan münasibətləri, mənəvi-əxlaqi dəyər­lər, dürüstlük, sevgi, vətənə bağlılıq, azad­lıq arzusu kimi dərin mövzular öz əksini tapıb.

Şeirlərində və publisistikasında Şıxəli Qurbanov humanizm, insanpərvərlik, milli qürur, azadlıq sevgisi, xalqına bağlılıq kimi ideyaları əsas yer tutub. Onun dili rəvan, düşüncəsi aydın, obrazları canlı və xalqın ruhuna yaxındır.

Şıxəli Qurbanovun elmi fəaliyyəti Azərbaycan Dövlət Universiteti, Azərbay­can Elmlər Akademiyası kimi nüfuzlu elm və təhsil müəssisələri ilə sıx bağlı idi. O, Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik edib, burada milli ədə­bi irsin toplanmasına, tədqiqinə və gələcək nəsillərə çatdırılmasına böyük önəm verib. O həm də pedaqoji fəaliyyətdə yeni meto­dik yanaşmaları, milli dəyərlərin tədrisdə əsas prinsip kimi tətbiqi ideyasını sınaqdan keçirib.

Şıxəli Qurbanovun ictimai fəaliyyə­ti də olduqca geniş idi. O, Azərbaycan KP MK-nın Təbliğat və təşviqat şöbəsi­nin müdiri, sonra isə MK-nın katibi olub. Xalqını ürəkdən sevən bu ziyalı insan azad­lıq ruhunun dövlət səviyyəsində inkişafına töhfə vermək üçün bütün imkanlarından istifadə edib

Şıxəli Qurbanovun Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri Novruz bayramının bərpası və dövlət səviyyəsində qeyd olunmasına nail olması­dır. 1967-ci ildə o, böyük cəsarət və siyasi iradə göstərərək Sovet rejiminin ideoloji yasaqlarına baxmayaraq, Novruz bayramı­nın – Bahar bayramının rəsmi qeyd olun­masına nail olub. Bakının mərkəzində keçi­rilən bu bayram tədbiri xalq arasında böyük coşqu və milli ruhun oyanışı ilə qarşılandı. Həmin günün fotoları, video və xatirələr bu gün də Azərbaycan milli kimliyinin dirçəli­şi kimi dəyərləndirilir.

Lakin bu təşəbbüs Sovet hökumətinin mərkəzi orqanlarında böyük narazılığa sə­bəb olub. Şıxəli Qurbanov bayramın dini kökü olmadığını, milli ənənə və mədəniy­yətin ayrılmaz hissəsi olduğunu sübut et­mək üçün Moskvada partiya rəhbərliyinə 22 səhifəlik izahat təqdim edib. O, ideoloji təzyiqlərə baxmayaraq, milli maraqlar na­minə prinsipial və ardıcıl mövqe nümayiş etdirib.

Şıxəli Qurbanovun ədəbi və elmi irsi bugünkü Azərbaycan üçün də böyük əhə­miyyətə malikdir. Onun əsərləri, pyesləri, elmi məqalələri, filologiya və pedaqogika sahəsində apardığı tədqiqatlar milli düşün­cənin, milli dilin və azadlıq ruhunun inki­şafı üçün möhkəm bünövrə yaratmışdır. Şıxəlinin adını daşıyan küçələr, məktəblər, abidələr, teatr və elm dünyasında onun xa­tirəsini daim yaşadır.

Onun həyatı və mübarizəsi müstəqil Azərbaycan dövləti üçün nümunə, azərbay­cançılıq ideologiyasının formalaşmasında ilham mənbəyi və milli kimliyin bərpası yolunda ilhamlandırıcı və təsviqedici ör­nəyə çevrilib.

Şıxəli Qurbanovun həyatı – xalqı, vətə­ni, dil və mədəniyyəti üçün heç nədən və heç kimdən qorxmadan mübarizə aparan, gələcək nəsillərin milli qürur və vətən sev­gisi ilə yetişməsi üçün ömrünü fəda edən bir ziyalının örnək həyatıdır. 

Hazırladı:
Tahir AYDINOĞLU
XQ

Mədəniyyət