Araqarışdıran Aram kimə və nəyə xidmət edir?

post-img

Kilsə dini məbəd olmaqdan çıxaraq siyasi intriqa yuvasına çevrilib

Erməni Apostol Kilsəsi (EAK) erməni və Azərbaycan xalqları arasında tarixi ədavətin yaranmasında, ixtilaf və nifaq salınmasına müstəsna rol oyna­yıb. Kilsə XIX əsrin sonlarından etibarən xarici havadarlarından aldığı təli­mat əsasında proseslərə dini çalarlar qataraq bütövlükdə, türk və müsəlman xalqları arasında düşmənçiliyin yaranması üçün əsas ideoloji mərkəzlərdən biri kimi çıxış edib. Həmin dövrdən etibarən EAK çar Rusiyası və daha son­ra Qərb dövlətlərinin regiondakı siyasəti fonunda dini məbəd funksiyasını aşaraq siyasi alətə çevrilib. Kilsənin rəhbərləri millətçi ideologiyanı daim gücləndiriblər. Bunun nəticəsində erməni və Azərbaycan xalqları arasında qarşıdurmanın qızışmasına zəmin yaradılıb.

Kilsə bu gün də öz ampluasındadır, eyni əməllərindən qalmır. Son illər müşa­hidə etdiyimiz mənzərə bundan xəbər ve­rir. EAK-ın rəhbəri, katolikos II Qaregin faktiki olaraq Ermənistandakı radikal re­vanşistlərin ideya ilhamvericisi kimi çıxış edir. Böyük Kilikiya Evinin katolikosu I Aram da bu məsələdə Qaregindən geri qalmır. O, avqustun 17-də etdiyi çıxışında Vaşinqton razılaşmasının predmetli şəkildə və aydın bir yanaşma ilə xalqa təqdim edil­məli olduğunu bildirib.

Katolikos deyib: “Bu yaxınlarda ABŞ paytaxtında Birləşmiş Ştatlar Prezidenti­nin vasitəçiliyi və iştirakı ilə Ermənistan və Azərbaycan arasında saziş imzalanıb. Bu, şübhəsiz ki, xüsusi bir hadisədir. Biz bu sazişin Ermənistanla bağlı mümkün qı­samüddətli və ya uzunmüddətli, müsbət və ya mənfi nəticələrinin qiymətləndirilməsi­ni siyasi analitiklərin ixtiyarına verəcəyik. Bununla belə, mən xatırlatmaq istərdim ki, Ermənistan birtərəfli güzəştlərə, şərti prinsiplərə əsaslanan, xüsusilə ikimənalı bəndlərlə dolu olan istənilən sülh sazişinin ölkə üçün ciddi təhlükəyə çevrilə biləcəyi­ni nəzərə almalıdır. Ona görə də bu saziş məhz predmetli yanaşma ilə xalqa təqdim edilməlidir. Xalqın sazişlə bağlı öz fikrini bildirmək imkanının olması lazımdır. Xa­tırlatmaq istərdim ki, bu gün Ermənistan geosiyasi qüvvələrin toqquşma arenasına çevrilmək təhlükəsi qarşısındadır”.

I Aram qeyd edib ki, Vaşinqtonda tə­bəssümlər yağışı və sülh sazişi vədi altında imzalanmış sənəd müharibədə həlak olmuş ermənilərin ailələrinə və “Artsax xalqı”na ümid və təbəssüm bəxş edə bilər: “Lakin tarix bizə xatırladır ki, müvəqqəti mənfəət­ləri rəhbər tutmaq olmaz və Ermənistan öz maraqlarından çıxış edərək balanslaşdırıl­mış siyasət yürütməlidir”.

Katolikos Bakı Hərbi Məhkəməsində mühakimə edilən separatçı “qlavar”ların (I Aram onları “məhbus” adlandırır–S.H.) məsələsinə və Azərbaycanın özünün əzə­li, əbədi torpağı olan Qarabağda apardığı işlərə də toxunub: “Artsax keçmişdə qal­mayıb və “Artsax xalqı”nın geri qayıtma hüququnun həyata keçirilməsinə nail ol­mağa davam etmək, eləcə də oradakı kil­sələrin beynəlxalq hüquqi müdafiəsini tə­min etmək lazımdır”.

ARAYIŞ: Ənənəvi olaraq istər Er­mənistanda, istərsə də xaricdə ermənilər Eçmiədzin katolikosunu təkcə kilsənin başçısı deyil, həm də özlərinin seçilmiş nü­mayəndəsi hesab ediblər. Hazırda inzibati cəhətdən iki müstəqil katolikosluq möv­cuddur – mərkəzi Eçmiədzində olan Bütün Ermənilərin Katolikosluğu və mərkəzi Li­vanın Antilias şəhərində yerləşən Kilikiya Katolikosluğu. Kilikiya katolikosunun inzibati müstəqilliyi ilə yanaşı üstünlük şərəfi EAK-ın ali patriarxı tituluna malik olan və Milli Kilsə Assambleyası tərəfin­dən Eçmiədzində ömürlük seçilən bütün ermənilərin katolikosuna, yəni II Qareginə məxsusdur.

Bundan əlavə, EAK daxilində iki muxtar patriarxlıq var: Konstantinopol və Yerusəlim patriarxlığı. Onların başçıları arxiyepiskop ruhani dərəcəsinə malikdir və bütün ermənilərin katolikosuna tabedir. Yerusəlim patriarxlığına İsrail və İordani­ya erməni kilsələri, Konstantinopol patri­arxlığına isə Türkiyə və Krit (Yunanıstan) erməni kilsələri daxildir. Ermənistan daxi­lindəki bütün yeparxiyalar, eləcə də xaric­dəki yeparxiyaların əksəriyyətinə bütün er­mənilərin katolikosu rəhbərlik edir. Livan, Suriya və Kipr yeparxiyaları isə Kilikiya katolikosunun nəzarəti altındadır.

***

Bəli, qeyd etdiyimiz kimi, EAK tarixi boyunca yalnız dini mərkəz rolunu oy­namayıb, həm də siyasi proseslərə aktiv müdaxilə edən bir institut olub. Xüsusilə də son illərdə kilsə rəhbərlərinin mövqeyi göstərir ki, onlar din pərdəsi altında revan­şist dairələrin əsas dayağına çevriliblər. Bu gün Ermənistanın yaşadığı böhranların fonunda kilsə rəhbərlərinin səsləndirdiyi fikirlər, əslində, cəmiyyətin radikallaşdı­rılması və saxta xülyalara sürüklənməsi məqsədi daşıyır. Böyük Kilikiya Evinin katolikosu I Aramın son çıxışı buna ba­riz nümunədir. O, Vaşinqtonda imzalanan sənədləri (söhbət üç ölkə liderinin Vaşinq­ton görüşünün nəticələrinə dair imzalan­mış Birgə Bəyannamədən, həmçinin iki ölkə xarici işlər nazirlərinin sülh sazişi­nin mətnini paraflamasından gedir–S.H.) şübhəli və təhlükəli sənədlər kimi təqdim etməklə, erməni xalqı arasında güvənsizlik yaratmağa çalışır. Halbuki həmin sənəd­lərin əsas mahiyyəti bölgədə dayanıqlı sülhün təmin olunması və Ermənistanın qonşuları ilə normal münasibətlər qurma­sına imkan yaratmaqdır. Əgər bu sənədlər Ermənistan üçün təhlükə doğururdusa, ən azı onun açıq şəkildə hansı konkret bəndin hansı real təhlükəni yaratdığını göstərmək lazım idi. Amma I Aram ümumi sözlərlə danışır, qeyri-müəyyən ifadələrdən istifa­də edir, nəticədə ictimai şüurda süni qorxu yaradır.

Onun çıxışında diqqəti çəkən başqa bir məqam yenidən Qarabağ məsələsinə qa­yıtmasıdır. Ermənistan hakimiyyəti artıq bu mövzunu bağlamağa çalışsa da, kilsə rəhbəri hələ də guya, “Artsax xalqı”nın geri qayıdacağı və oradakı kilsələrin bey­nəlxalq müdafiəsinin təmin ediləcəyi kimi əsassız iddiaları gündəmdə saxlayır. Bu, əslində, Ermənistan cəmiyyətinə verilən yanlış mesajdır. Çünki Qarabağ artıq Azər­baycan dövlətinin tam nəzarətindədir və bu reallığı heç bir beynəlxalq qüvvə dəyişdirə bilməz. Belə bir vəziyyətdə “geri dönüş” çağırışları, sadəcə olaraq, insanları reallıq­dan uzaqlaşdırmaq, onların başını başqa xülyalarla qatmaq deməkdir.

I Aramın yanaşmasında diqqəti çəkən əsas xətt odur ki, o, Ermənistanı geosiyasi güclərin toqquşma meydanı kimi qələmə verir. Bu yanaşma ilə o, sanki, ölkəni öz inkişaf yolundan çəkindirərək xarici güc­lərin maraqları naminə daim qurban rolun­da saxlamağa çalışır. Halbuki real siyasət göstərir ki, Ermənistan üçün yeganə çıxış yolu qonşularla normal münasibətlər qur­maq, regional əməkdaşlıq layihələrinə qoşulmaq və iqtisadi inkişaf üçün şərait yaratmaqdır. Əks halda, kilsə rəhbərlərinin illərlə təkrar etdiyi bu tip çağırışlar xalqı sadəcə daha da çıxılmaz vəziyyətə sürük­ləyəcək. Ən mühüm məqamlardan biri də odur ki, kilsə rəhbərləri bu gün cəmiyyətdə ən çox ehtiyac duyulan mövzulara – sosi­al ədalət, yoxsulluğun aradan qaldırılması, uşaqların gələcəyi, gənclərin iş tapması, təhsil və səhiyyə məsələlərinə, demək olar ki, toxunmurlar. Onlar üçün əsas məsələ hələ də siyasi iddialar və sərhədlər üzə­rindən aparılan mübahisələrdir. Bu isə kilsənin dini məbəd olmaq missiyasını ta­mamilə ikinci plana keçirir. Əgər I Aram həqiqətən də xalqın rifahını düşünürsə, o zaman sülh sazişinə qarşı qorxu toxumu səpmək əvəzinə, Ermənistan cəmiyyətini reallığı qəbul etməyə, qonşularla barışa və ölkənin inkişafına yönəltməyə çalışmalı idi. Təəssüf ki, biz bunun əksini görürük. Onun çıxışında əsas məqsəd Nikol Paşin­yan hakimiyyətini zəiflətmək, cəmiyyətdə etimadsızlıq yaratmaq və revanşist qüv­vələrə dəstək verməkdir. Bu isə Ermənista­nın gələcəyi üçün çox təhlükəlidir.

Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov XQ-yə açıqlamasında bildirdi ki, kilsənin siyasi məsələlərdə bu qədər fəal mövqe tutması, əslində, ölkə üçün mənfi nəticələr doğurur. Onun sözlərinə görə, normal halda kilsə dini və mənəvi dəyərlərin qorunma­sına xidmət etməli olduğu halda, hazırda revanşist qüvvələrin əsas ideoloji dayağına çevrilib: “Xüsusilə Böyük Kilikiya Evinin katolikosu I Aramın son çıxışları göstə­rir ki, o, cəmiyyətdə sülhə deyil, şübhə və qorxuya rəvac verir. I Aram Vaşinqton sazişini şübhə altına alaraq, əslində, Ermə­nistanın sülh yolunda atdığı addımlara köl­gə salır. Onun Qarabağ mövzusunu yeni­dən gündəmə gətirməsi isə reallıqdan uzaq yanaşmadır. Çünki Azərbaycan suveren­liyini bərpa edib və bu proses beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunub. Belə bir şəraitdə edilən hansısa “geri qayıtmaq” çağırışları yalnız cəmiyyəti çaşdırır, Ermə­nistana yeni problemlər qazandırır”.

Politoloq bildirdi ki, kilsənin mövqeyi, onların dini məbəd rolundan çıxaraq siya­si tribunaya çevrilməsi Ermənistan üçün yaxşı heç nə vəd etmir. Ekspertin fikrincə, əgər kilsə həqiqətən də xalqın tərəqqisini istəyirsə, o zaman regionda sülhə dəstək verməli, düşmənçilik ritorikasını kəna­ra qoymalıdır. Əks halda, kilsənin bu cür bəyanatları Ermənistanı davamlı olaraq qeyri-sabitlik və təcrid vəziyyətində sax­layacaq.

Səxavət HƏMİD
XQ



Siyasət