Aqrar inkişaf ixrac imkanlarını da artırır

post-img

7 ayda xaricə 730,2 milyon dollarlıq kənd təsərrüfatı məhsulları göndərilib

Hazırda əhalisinin, təqribən, yarısının bölgələrdə yaşadığı Azərbaycanda aqrar sahənin inkişafı, daxili bazarın kənd təsərrüfatı məhsullarına olan tələ­batının ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Elə ölkədə həyata keçirilən aqrar islahatların birinci hədəfi də məhz buna nail olmaqdan ibarətdir. 

İkinci hədəf isə qeyri-neft istehsalında xüsusi çəkiyə malik kənd təsərrüfatı məh­sullarının ixracını artırmaqdır. Son illər aq­rar sektorun inkişaf etdirilməsi, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı, eləcə də dövlətin həyata ke­çirdiyi ünvanlı, konkret hədəflərə yönələn stimullaşdırıcı tədbirləri nəticəsində hər iki istiqamətdə uğurlarımız getdikcə artır. Təkcə onu qeyd etmək kifayətdir ki, son 20 il ərzində Azərbaycanda kənd təsərrüfa­tı məhsullarının istehsal həcmi real ifadədə 2 dəfədən çox artıb. Ötən dövrdə ölkədə bitkiçilik məhsullarının istehsalında 53 faiz, heyvandarlıq məhsullarının istehsa­lında isə 42,5 faiz artım qeydə alınıb. Bu da kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının, təqribən, 30 faiz artmasına im­kan yaradıb. 

Aqrar sektorda müşahidə olunan müs­bət dinamika bu ilin ötən dövründə də da­vam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda kənd təsərrüfatı­nın ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8 milyard 204,5 milyon manat təşkil edib. Bunun da 4 milyard 69 milyon mana­tı bitkiçilik, 4 milyard 135,5 milyon manatı isə heyvandarlıq məhsullarının payına dü­şüb. Bu ilin 8 ayında əvvəlki ilin eyni döv­rü müqayisədə kənd təsərrüfatının ümumi istehsalı 0,3 faiz artıb. Hesabat dövründə heyvandarlıq məhsulları üzrə 1,1 faiz ar­tım, bitkiçilik məhsulları üzrə isə 0,4 faiz azalma qeydə alınıb.

Bununla belə, kənd təsərrüfatının mü­hüm sahələrindən sayılan bitkiçilik məh­sullsrının istehsalının artırılması üçün ölkədə geniş imkanlar mövcuddur. Bu səbəbdəndir ki, son illər istifadəsiz qalmış torpaqların əkin dövriyyəsinə cəlb edilmə­si istiqamətində mühüm tədbirlər həyata keçirilir. Əkin sahələrinin genişləndirilmə­si isə məhsul bolluğuna təminat yaradan mühüm amildir. Bu məqsədlə ötən ilin pa­yızından başlayaraq 2025-cü il üçün bitki­çilik məhsullarının əkini intensiv qaydada davam etdirilib. 

Dövlət Statistika Komitəsinin məlu­matına əsasən, cari ilin məhsulu üçün əv­vəlki illərdə əkilmiş çoxillik otlar da daxil olmaqla, ümumilikdə, 1 milyon 582,7 min hektar sahədə payızlıq və yazlıq bitkilə­rin əkini həyata keçirilib. Ölkə üzrə əkin sahələrinin 973,4 min hektarını və yaxud 61,5 faizini dənli və dənli paxlalı bitkilər, 125,9 min hektarını (7,9 faiz) texniki bit­kilər, 122,8 min hektarını (7,8 faiz) kar­tof, tərəvəz və bostan bitkiləri, 360,6 min hektarını (22,8 faiz) yemlik bitkilər təşkil edib. Dənli və dənli paxlalı bitkilərin 479 min hektarı (49,2 faiz) buğda, 433,8 min hektarı (44,6 faiz) arpa, 34,2 min hektarı (3,5 faiz) qarğıdalı, 14 min hektarı (1,4 faiz) paxlalı bitkilər, 12,4 min hektarı (1,3 faiz) isə digər dənli bitkilərin payına dü­şüb. Eyni zamanda, dənli və dənli paxlalı bitkilərin əkin sahələrinin əsas hissəsini payızlıq dənli bitkilər təşkil edib. 

Ayrı-ayrı günlərdə müşahidə olunan əlverişsiz hava şəraitinə baxmayaraq, sahələrdə bol məhsul yetişdirilməsinə nail olunub. Ötən müddətdə məhsulun optimal vaxtda və itkisiz yığılması üçün bütün imkanlardan maksimum istifadə edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin avqust ayının 1-dək qarğıdalı da daxil olmaqla tarlalardan 2 milyon 982,9 ton dənli və dənli-paxlalılar toplanılıb. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 1,6 faiz çoxdur. Hesabat dövründə sahələrdən 1 milyon 189,8 min ton tərəvəz, 611,1 min ton kartof, 411,1 min ton bostan məhsulları, 348,1 min ton meyvə və gilə­meyvə, 37,6 min ton şəkər çuğunduru, 6 min ton üzüm, 2,5 min ton tütün, 1,7 min ton günəbaxan, 834,3 ton yaşıl çay yarpa­ğı yığılıb. Əvvəlki ilin müvafiq dövrünə nisbətən qarğıdalı da daxil olmaqla dənli və dənli paxlalı bitkilər, kartof, meyvə və giləmeyvə, şəkər çuğunduru, üzüm, tütün və yaşıl çay yarpağının yığılmasında artım baş verib. Bununla belə, tərəvəz, bostan məhsulları və günəbaxan istehsalında isə əksinə, bir qədər azalma qeydə alınıb. 

Kənd təsərrüfatının ikinci mühüm sahəsi sayılan heyvandarlığın inkişaf et­dirilməsi üçün də ölkədə təxirəsalınmaz tədbirlər həyata keçirilib. Bu baxımdan sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər mal-qaranın baş sayının artmasına və heyvanların məh­suldarlığının yüksəlməsinə səbəb olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-iyul aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 335,3 min ton ət, 1 milyon 315,5 min ton süd, 1 milyard 415,7 milyon ədəd yumur­ta, 13,7 min ton yun və 186,6 ton barama istehsal olunub. Ötən ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 2,2 faiz, ət is­tehsalı 1, 2 faiz, süd istehsalı isə 0,3 faiz artıb. Bununla belə, hesabat dövründə yun istehsalında 3 faiz, barama istehsalında isə 22,1 faiz azalma qeydə alınıb. 

İqtisadiyyatın qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verən fermer­lər daxili bazarda məhsul bolluğuna şərait yaratmaqla yanaşı, ölkənin ixrac potensi­alının artırılmasında da yaxından iştirak edirlər. Bütövlükdə isə, kənd təsərrüfatı məhsulları ixracının son bir neçə ildən eti­barən başlayan yüksək artım dinamikası bu ilin ötən dövründə də davam edib. İqtisa­di İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın avqust sayına əsasən, 2025-ci ilin yan­var-iyul ayları ərzində aqrar və aqrar-səna­ye məhsulları üzrə ixracın statistik dəyəri 22,1 faiz artaraq 730,2 milyon ABŞ dol­ları təşkil edib. Ümumi ixracın isə 551,4 milyon dolları və 27,9 faizi aqrar, 178,8 milyon dolları və ya 7,3 faizi aqrar-sənaye məhsullarının payına düşüb.

Göründüyü kimi, aqrar sahədə mövcud potensialdan səmərəli istifadə olunması, əkin sahələrinin genişləndirilməsi, eləcə də heyvandarlığın inkişaf etdirilməsi üçün göstərilən dövlət dəstəyi ölkənin ərzaq təhlükəsizliyinə və ixrac potensialının artı­rılmasına mühüm töhfələr verir. Qarşıdakı illərdə isə kənd təsərrüfatının hər il orta he­sabla 4 faiz artacağı proqnozlaşdırılır. Elə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasın­da bir çox sahələrdə olduğu kimi, da aqrar sektorda müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artacağı, həmçinin yeni iş yerlərinin yaradılacağı qeyd olunub.

İqtisadiyyat