“Aİ müşahidəçiləri”nin Azərbaycanla sərhəddə qalması müvəqqətidir
“Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası (EUMA) fəaliyyətini davam etdirəcək və missiyanın mandatında mümkün dəyişikliklər Brüssel və İrəvan arasında müzakirə olunacaq”. Bu barədə mediaya açıqlama verən Aİ-nin xarici siyasət üzrə rəsmi nümayəndəsi Anita Hipper hazırda missiyanın əsas vəzifəsinin Ermənistan–Azərbaycan şərti sərhədindəki vəziyyəti monitorinq edərək məlumat toplamaq olduğunu bildirib. Onun sözlərinə görə, Aİ Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh sazişinin paraflanmasını alqışlayıb və tərəfləri bu sazişi tezliklə imzalamağa və ratifikasiya etməyə çağırıb.
Oxuculara xatırladaq ki, bundan əvvəl Aİ müşahidə missiyasının fəaliyyətinə son verməyi qəbul etdiyi barədə məlumatlar yayılmışdı. Amma A.Hipperin fikrincə, Vaşinqton sammitindən sonra missiyanın bölgədə qalması fəaliyyətin Ermənistan–Azərbaycan münaqişəsinin həllindən daha geniş regional və geosiyasi maraq kəsb etməsindən irəli gəlir. Yəni, belə çıxır ki, hətta sülh müqaviləsinin imzalanması müşahidə missiyasının fəaliyyətini Ermənistanın digər ərazilərində davam etdirməsinə mane olmayacaq. Aİ missiyası, tərəflər arasında ümumi sərhəd boyunca üçüncü qüvvələrin yerləşdirilməsini qadağan edən sülh sazişinin 7-ci maddəsinə uyğun olaraq, fəaliyyət sahəsini yenidən formatlaşdırma imkanı əldə edir. Qeyd edək ki, “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Sazişin 7-ci maddəsinə əsasən, tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə hərbi sahə də daxil olmaqla qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər. Göründüyü kimi, Sazişin 7-ci maddəsi yalnız iki ölkənin ümumi sərhədi boyunca üçüncü qüvvələrin yerləşdirilməsini qadağan edir. Bu isə Brüsselə İrəvanla razılaşma əsasında missiyanın fəaliyyətini yenidən formatlaşdırmaq imkanı yaradır. Deməli, Aİ missiyası Azərbaycanla sərhəddən Ermənistanın digər bölgələrinə, o cümlədən İran, Türkiyə və Gürcüstanla sərhədlərə yönəldilə və ölkənin daxilinə çəkilə bilər. Belə olan halda Aİ müşahidə missiyasının Ermənistanda qalması ilə bağlı müxtəliv versiyalar ortaya çıxır. Onlardan 3-ü daha çox diqqəti çəkir: Ermənistanın qonşu ölkələri ilə bağlı məlumat toplamaq, Rusiyanın Gümrüdəki hərbi bazasının fəaliyyətini izləmək və gələcəkdə Qərb hərbi kontingentinin Ermənistanda yerləşdirilməsi ehtimalı. Hələlik ehtimal olsa da, bu üç versiya həm regional güc balansı, həm də beynəlxalq təhlükəsizlik baxımından narahatlıqlar yaradır. Hər 3 versiyanı nəzərdən keçirək.
Avropa İttifaqı (Aİ) tərəfindən həyata keçirilən missiyanın əsas məqsədi Ermənistanın qonşu ölkələri olan Gürcüstan və İranla bağlı məlumat toplamaqdır. Bu fəaliyyət sərhəd gərginliyindən hərbi fəaliyyətlərə, siyasi qərarlara və sosial-iqtisadi vəziyyətə qədər geniş bir spektri əhatə edir. Məqsəd regiondakı “geosiyasi balansı daha dəqiq qiymətləndirmək və gələcək strateji qərarları” hazırlamaqdır. Lakin bu fəaliyyət Gürcüstan və İran arasında inamsızlığa yol açaraq, hər iki ölkənin suverenliyini qorumağa çalışmasına səbəb ola bilər.
Missiyanın ikinci istiqaməti Rusiyanın Gümrü şəhərindəki hərbi bazasını izləməkdir. Moskva bu bazanı Ermənistanın suverenliyini dəstəkləmək üçün saxlamır, həm də Cənubi Qafqazda və ətraf regionda hərbi və siyasi təsirini artırmaq məqsədini güdür. Aİ bu bazanın fəaliyyətini izləməklə yanaşı, Rusiya ilə hərbi münasibətləri və regional güc balansını təhlil etmək niyyətindədir. Amma Moskva bu müşahidəni öz hərbi fəaliyyətinə müdaxilə kimi qiymətləndirə və buna sərt etiraz edə bilər.
Üçüncü istiqamət Qərb hərbi kontingentinin Ermənistanda yerləşdirilməsinə hazırlıq prosesidir. Ekspertlər bunun siyasi və hərbi baxımdan Qərbin regiondakı mövqeyini möhkəmləndirməyə yönəldiyini qeyd edirlər. Bu fəaliyyət regional siyasətin və hərbi hazırlığın mühüm hissəsini təşkil edəcək. Qərbin Ermənistandakı hərbi mövcudluğu Rusiyanın Cənubi Qafqazda təsirinə qarşı açıq bir təhdid olacaq. Kreml uzun müddətdir ki, Ermənistanda hərbi bazalarla mövcudluğunu qoruyur və bu, ona regionda nüfuz və təhlükəsizlik təminatları verir. Qərbin Ermənistanla hərbi əlaqələrini genişləndirməsi Rusiyanın regional təsirini zəiflədir və Kremlin maraqlarına ciddi zərbə vurur. Bu isə Rusiya ilə Qərb arasında gərginliyi artıracaq.
Ümumiyyətlə, Aİ missiyası Cənubi Qafqazda geosiyasi təsir əldə etməyi hədəfləyir. Lakin onun fəaliyyətinə verilən reaksiyalar həm regional, həm də qlobal güclər tərəfindən bölgənin sabitliyinə və geosiyasi dinamikanın dəyişməsinə təsir edəcək. Qərb hərbi kontingentinin Ermənistanda yerləşdirilməsi həm də beynəlxalq hüququn və diplomatik normaların gərginliyə səbəb olacağı bir situasiyadır. Bölgədəki hərbi və diplomatik gərginliklər daha da dərinləşər və bu, uzunmüddətli təhlükəsizlik problemlərinə yol aça bilər.
***
Hər üç variant geniş məlumatların toplanmasını tələb edir. Bu məlumatlar sərhəd boyunca baş verən hadisələrdən tutmuş hərbi fəaliyyətlərə, siyasi qərarlara və sosial-iqtisadi vəziyyətə qədər geniş spektri əhatə edəcək. Toplanan məlumatlar yalnız sərhəddə vəziyyətin monitorinqi ilə məhdudlaşmır, həm də regiondakı geosiyasi balansın daha dəqiq qiymətləndirilməsi və gələcək strateji qərarların hazırlanması üçün əsas mənbə kimi istifadə olunacaq.
Beləliklə, Aİ missiyasının Ermənistandakı fəaliyyəti, yalnız regional təhlükəsizliyə deyil, həm də beynəlxalq güclər arasındakı münasibətlərə və geosiyasi mübarizəyə əhəmiyyətli dərəcədə təsir edir. Qərbin Ermənistandakı hərbi mövcudluğu Cənubi Qafqazın geopolitik mənzərəsini dəyişdirə bilər. Bu, yalnız regional oyunçuların deyil, həm də ABŞ, Rusiya və Avropa İttifaqı kimi böyük güclərin strateji qərarlarını yenidən nəzərdən keçirməsinə səbəb olacaq.
İstənilən halda, missiyanın Azərbaycanla sərhəddə fəaliyyətinin bitməsinə az müddət qalır. Bununla bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib: “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Sazişin mətninə əsasən, tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Burada söhbət həm Avropa İttifaqının müşahidə missiyasından, həm də Rusiya qüvvələrindən gedir. Ancaq bir şey nəzərə alınmalıdır ki, bunlar sazişin qüvvəyə minməsindən sonrakı müddət üçün nəzərdə tutulur. Biz isə hələ sazişi imzalamamışıq, sadəcə paraflamışıq. Çox güman ki, sənəd Ermənistan konstitusiyasına müvafiq dəyişikliklər etdikdən sonra imzalanacaq”.
Mərkəz rəhbəri hesab edir ki, yaxın iki ildə Aİ-nin müşahidə missiyasının Ermənistan ərazisində fəaliyyətini davam etdirmək ehtimalı var: “Lakin delimitasiya və digər müsbət faktorları nəzərə alaraq Aİ missiyası Ermənistan ərazisindən daha tez çıxa bilər. Bu, Ermənistan və Aİ arasında olan məsələdir. Ancaq sülh sazişi imzalandıqdan sonra bu, təkcə Ermənistan – Aİ məsələsi olmayacaq. Artıq Ermənistanın öhdəliyi olacaq ki, ərazisindən üçüncü tərəfin qüvvələrini çıxarsın”.
Pünhan ƏFƏNDİYEV
XQ