I MƏQALƏ
Dövlət idarəçiliyi
Dövlət idarəçiliyinin fəlsəfəsi intensiv olaraq inkişaf edir. XXI əsrdə cəmiyyətin struktur və funksiyaca daha da mürəkkəbləşməsi ilə yanaşı, qlobal geosiyasi dinamikada xaotik ritmlərin çoxalması liderlərin dövlət idarəedilməsinə fərqli yanaşmalarını tələb edir. Bu barədə kifayət qədər nəzəri araşdırmalar mövcuddur və proses davam edir.
Bu məsələnin praktiki tərəfi özündə ictimai proseslərin idarəedilməsinin ümumi prinsip və metodlarını hazırlamaqla sıx bağlıdır. Buna görə də son illər dövlət idarəçiliyinə elmi yanaşmalara daha çox üstünlük verilir. Hazırda elmdə idarəçiliyə sistem, funksional, faliyyət, situasion, institusional və kompleks yanaşmalar mövcuddur. Bunların hər birinin üstün və zəif cəhətləri vardır. Təcrübə göstərir ki, konkret dövlətdən asılı olaraq ən səmərəli metod fərqli yanaşmaların optimal kombinasiyası ilə bağldır. Burada həm ölkənin idarəedilmə ənənəsindən, həm də ən müasir texnoloji tətbiqlərə söykənən metodlar şəbəkəsindən istifadə etmək lazım gəlir.
Biz məsələni ümumfəlsəfi mücərrəd səviyyədə deyil, AMEA-nın yeniləşmə kursu prizmasında konkret Azərbaycan təcrübəsinə aid olan bir sıra fəlsəfi məqamlar fonunda təhlil etməyə çalışacağıq. Akademiya müstəqil Azərbaycanın idarəedilməsinə nəzəri yanaşmaların hazırlanması aspektinə tədqiqatlarında ciddi diqqət yetirir. Bu prosesi elmi təşkilat Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu çərçivəsində Azərbaycançılıq fonunda həyata keçirir. Biz Azərbaycan təcrübəsinə məhz bu məqamları nəzərə alaraq baxmağa çalışacağıq.
Azərbaycan təcrübəsinin nəzəri özəllikləri
1993-cü ildən başlayaraq müstəqil Azərbaycanda dövlət idarəçiliyinin həyata keçirilməsində bir sıra parametrlərin qarşılıqlı münasibətini vurğulamaq olar. Onlar ümumi “idarəetmə səmərəliliyi” məqsədinə xidmət edirlər. Ümumi səviyyədə məsələ məhz müstəqil Azərbaycanın dölət orqanlarının kompleks halında dövlətçilik baxımından maksimum səmərəliliyə nail ola bilmələri kontekstində qoyulmuşdur. İdarəetmədə səmərəlilik həm strukturca, həm də funksiyaca dövlət orqanlarının fəaliyyətinin ortaq sinerji yaratmasını ehtiva etməkdədir. “Ortaq sinerji” Azərbaycanda idarəçiliyin iki aspektdə anlamı üçün əhəmiyyətlidir.
Birincisi, hər bir dövlət orqanının ayrıca səmərəli fəaliyyət qabililiyyətinə malik olması. Bu, konkret təşkilatın öz struktur-funksional yapısını müasir tələblərə uyğun güclü dövlət və yüksək rifah cəmiyyəti formalaşdırılmasına xidmət kontekstində yaratması anlamına gəlir.
İkincisi, dövlət orqanları kompleks halında elə fəaliyyət sinerjisi yaratmalıdırlar ki, qarşıya qoyulan məqsədlərə birgə çatmaq mühiti yaransın.
Yeni tarixi mərhələdə məsələnin ikinci aspekti daha da önəmli olmuşdur. O, Azərbaycanın faktiki olaraq milli güclü dövlətdən regional liderliyə və indiki mərhələdə regionlararası məkanda ciddi söz sahibi olan dövlət statusuna yüksəlməsi ilə bağlıdır. Bu proses həm gərgindir, çox böyük güc tələb edir, həm də hakimiyyət-cəmiyyət münasibətləri kontekstində son dərəcə yüksək sinxronluq, ahəngdarlıq və sistemlik tələb edir. Həmin parametrlərin birgə yaratdığı effekt harmoniya formasında Azərbaycanın idarəçilik sinerjisidir!
Sonuncu tezisdən çox vacib bir qənaət əldə edilir. Onu aşağıdakı kimi yığcam ifadə edə bilərik: yeni tarixi mərhələdə dövlət təşkilatları struktur-funksional aspektdə sinerji yaratmalıdırlar. Yəni onlar struktur dəyişiklikləri ilə funksiyalarını digər bütün dövlət qurumları ilə qarşılıqlı əlaqədə elə məcraya yönəltməlidirlər ki, iradəçiliyin yekun effekti kimi sinerji yaransın!
Dövlətin inkişafının yeni tələbləri
Sonuncu tezis işığında idarəçilik baxımından bir mühüm məqamı vurğulamağa ehtiyac vardır. Müasir idarəçilik fəlsəfəsində dərin təhlillərlə yanaşı, cəmiyyətin ədalətli və dayanıqlı inkişafına istiqamətlənmiş idarəetmə modellərinə üstünlük verilir. Azərbaycan təcrübəsində də, ümumiyyətlə, “ədalətli cəmiyyət”, “sabit cəmiyyət”, asayişi təmin edilmiş cəmiyyət” kimi dəyərlərə həmişə böyük qiymət verilmişdir. Azərbaycan cəmiyyəti ənənədən idaretmənin səmərəliliyi kontekstində ədalətli, dayanıqlı və nizam-intizamlı cəmiyyətin formalaşmasına xüsusi diqqət yetirmişdir. Ədalətli olmayan idarəetməni azərbaycanlı şüuru qəbul etmir!
Yeni tarixi mərhələdə bu tələbə ehtiyac daha da artmışdır. Bir nümunədə məsələnin bu tərəfinə baxa bilərik. İdarəetmə fəlsəfəsində müxtəlif nazirliklər və təşkilatlar arasında qarşılıqlı əlaqələrin cəmiyyətə təsiri istiqaməti xüsusi araşdırılır. Məsələn, tədqiqatlarda Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi və Maliyyə Nazirliyi arasında əlaqələrin sinergetik effektinin əlamətləri hansılar ola bilər? Burada adətən iki mühüm faktoru vurğulayırlar.
Birincisi, xəstəliklərin səmərəli profilaktikası mühitinin yaradılması.
İkincisi, sağlam həyat tərzinin inkişafı.
Bu iki şərtin yerinə yetirilməsi üçün vurğulanan nazirliklərin struktur və funksional aspektlərində fəaliyyətlərini maksimum dərəcədə sinxronlaşdırmaları çox təsirli ola bilər. Bununla yanaşı, çox vacib bir xüsusiyyətin yeni tarixi mərhələdə Azərbaycan dövlət idarəçiliyi üçün aktuallaşdığını da qeyd etməliyik. Biz, bütün dövlət təşkilatları üçün əsas məsələ olan kadr hazırlığını və dövlətçiliyə tam uyğun idarəçilik psixologiyasının formalaşmasını nəzərdə tuturuq. Hər iki məqamın yeni tarixi mərhələdə Azərbaycan dövləti üçün ciddi əhəmiyyəti barədə Prezident İlham Əliyev müxtəlif kontekstlərdə olduqca vacib fikirlər ifadə etmişdir. Onların üzərində dayanaq.
Yeni tarixi mərhələdə kadrların milliliyi
Ümumiyyətlə, dünyada XXI əsrdə “millilik” anlayışının məzmunu yeniləşir. Burada etnik mənsubluq, qan birliyi, coğrafi məkan (traybolistik kontekstdə rayon, region və s.) arxa plana keçir. Paternalist kriteriyalarla kadr seçimi cəmiyyət və dövlət üçün faicəvi nəticələr verə bilir. Bununla yanaşı, hər bir cəmiyyətin öz ənənəsini nəzərə almadan kadrların hazırlanmasında kəskin universal dəyişikliklər etməsi də başqa xarakterli dövləti faciələrə aparıb çıxarır. Burada yalançı liberlizm, içi boş demokatiya və ya abstrakt insan haqları kimi gəlişigözəl ibarələrin zərəri daha çox ola bilir. Bu təcrübənin ziyanını hələ də bir sıra postsovet məkanı ölkələrində görürlər.
Son illərdə Qərbdə və Rusiyada dövlətçiliklə bağlı aparılan fəlsəfi və politoloji tədqiqatlarda problemin bu aspektinə diqqət daha da artmışdır. Azərbaycan üçün məsələnin bu tərəfinin ciddi strateji əhəmiyyət kəsb etdiyini Prezident İlham Əliyev aydın və dəqiq ifadə etmişdir. Bunu bir neçə dəfə dövlət başçısı məhz dövlətçilik, cəmiyyətdə layiqli şəxsiyyətlərin və kadrların yetişdirilməsi kontekstində demişdir. Prezidentin gənc nəsli xarakterizə edərkən görmək istədiyi keyfiyyətlər həm yanaşma tərzi, həm də dövlət kadrı kimi fəaliyyətdə milliliyin kriteriyalarıdır.
Prezident İlham Əliyevin 2024-cü ildə andiçmə mərasimindəki nitqindən bir fraqment bu istiqamətdə konkret təsəvvür yaradır. Ölkə rəhbəri demişdir: “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır”.
Bəlkə də, bir qədər uzun iqtibasdır, lakin o, yeni nəslin yetişdirilməsi kriteriyaları həm də yeni milli kadrların formalaşması məsələsinə də aiddir. Burada seçilən əsas kriteriyalar buna görə də idarəetmə baxımından da çox mühümdürlər. Prezidentin bütövlükdə vəziyyəti daha da ümumi təqdim etməsinin ilk növbədə məhz bu məntiq daxilində böyük əhəmiyyəti vardır. İlham Əliyev sözlərinə davam edərək ifadə etmişdir: “Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur”.
Deməli, ümumi miqyasda gənc nəslin yetişdirilməsi bütövlükdə milli-mənəvi dəyərlərlə bağlıdır. Sonuncu isə ilk növbədə dövləti mənası olan vəzifədir. Çünki söhbət yekunda gənc kadrların hazırlanmasında milli-mənəvi dəyərlərin yeri və rolundan gedir. Dövləti bu gün ailələrdə və məktəblərdə tərbiyə alan insanlar idarə edəcəklər. Kimsə kənardan hazır kadr verməyəcək. Buna görə də Azərbaycan Prezidenti vurğulayır: “Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq. Eyni zamanda, dediyim kimi, bütün cəmiyyət burada həmrəy olmalıdır və biz bu həmrəyliyi görürük. Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz”.
Deməli, Azərbaycan dövləti idarəetmə fəlsəfəsi ilə elə vətəndaş cəmiyyəti formalaşdırmalıdır ki, stratejidə müstəqil dövlətçiliyin qarşısına qoyulan vəzifələrə çatmaq mümkün olsun.
Məsələnin bu cür təqdimatı avtomatik olaraq Azərbaycanda Səhiyyə, Elm və Təhsil və Maliyyə nazirlikləri arasında fəaliyyət sinxronluğunun çox əhəmiyyətli bir cəhətini anlamağa imkan verir. Bu üç nazirliyin kompleks fəaliyyəti yuxarıda sağlamlıqla bağlı vurğulanan iki mühüm faktorla yanaşı, milli kadrların yetişdirilməsi aspektində də olduqca vacibdir. Bəs vurğulanan nazirliklər və onlarla yanaşı başqa dövlət qurumlarının fəaliyyəti hansı şərtlər daxilində dövlətin gözlədiyi səmərəni verə bilər? Başqa sözlə, bizim baxdığımız kontekstdə sağlam, milli dəyərlərə sadiq, eyni zamanda ən müasir idarəetmə psixologiyasına malik kadrlar yetişdirməyə nail olmaq olar? Məsələnin bu tərəfinin reallaşması xüsusi hazırlanmış konseptual yanaşma tələb edir. Həmin yanaşma həm də ümumi qənaətlərin praktiki reallaşmasına geniş imkan yaratmalıdır. Bunlar mütləq surətdə dövlət təşkilatlarının fəaliyyətinin sinxronluğunun idarəetmə sinerjisinə çevrilməsini tələb edir! Burada Frensis Fukuyamanın geniş istifadə etdiyi və dövlətçiliyə birbaşa aidiyyatı olan “resentiment identiklik” anlayışının oynaya biləcəyi rolu mütləq nəzərə almaq lazım gəlir. Çünki filosofun qənaətinə görə, resentimizm bütövlükdə müasir cəmiyyətlərin hər birinə aid edilə bilər. Resentimentlik ümumi halda müasir cəmiyyətlərin sonsuz fraqmentləşmə təhlükəsi ilə bağlıdır. Onun dövlət xidməti institutunun transformasiyasına da ciddi fraqmentləşdirici təsiri ola bilər.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru