Kişi pensiyaçı işləyirsə, qadından daha xoşbəxtdir

post-img

İsrailli sosioloqlar “təqaüd dövründə işləmək” faktorunun insanların emosional rifahına necə təsir etdiyini araşdırıblar. Alimlərin fikrincə, in­sanın cəmiyyətdəki sosial mövqeyini dərk etməsi təqaüd yaşına çatdıqdan sonra da önəmlidir. Bu ehtiyac maddi təminatla yanaşı, iş fəaliyyəti sayə­sində də ödənilə bilər.

Hayfa və Təl-Əviv universitetlərinin alimləri pensiya yaşına çatdıqdan sonra işləmək qərarına təsir edən amilləri, eləcə də çalışan və çalışmayan yaşlı insanların –qadın və kişilərin - həyat məmnunluğu və emosional rifah səviyyəsini müqayisə edib­lər. Tədqiqatın nəticələri “Journal of Hap­piness Studies” jurnalında dərc olunub.

Araşdırma İsrailin Mərkəzi Statistika Bürosunun 2017–2020-ci illərdə topladığı sorğu məlumatları əsasında aparılıb. Nü­munəyə 62 yaşdan yuxarı 3 326 qadın və 67 yaşdan yuxarı 2 003 kişi daxil edilib. Alimlər məşğulluğu tam və qismən iş vaxtı üzrə ayırıb, həmçinin iş yerlərini “yaxşı” (sabit, yüksək maaşlı) və “pis” (adətən qeyri-sabit, qismən iş vaxtlı, stresli və aşa­ğı maaşlı) kateqoriyalara bölüblər.

Respondentlərdən ümumi həyat məm­nunluqlarını, maddi durumlarını, ailə mü­nasibətlərini qiymətləndirmək, həmçinin son bir ildə depressiya keçirmələri, yuxu­larına mane olan narahatlıqları və prob­lemlərlə bacarma qabiliyyətləri barədə su­allara cavab vermələri istənilib. Nəticələr göstərib ki, iqtisadi ehtiyacları yüksək olan pensiyaçılar daha çox tam iş günü işləməyə meyillidirlər. Lakin burada gender fərqləri də var: kişilər əsasən maliyyə səbəblərinə görə tam iş gününə üstünlük verirlərsə, qa­dınlar daha seçici davranır, onları işin pres­tiji və əmək bazarındakı perspektivlər daha çox cəlb edir.

Tam iş günü çalışan kişilərin payı qa­dınlardan yüksək olub (18,3 faiz və 11,7 faiz), qismən iş günü işləyən qadınların payı isə bir qədər artıqdır (13,5 faiz qadın, 12,6 faiz kişi). Yaxşı iş tapmaq şansı ali təhsilli və təcrübəli şəxslərdə daha yüksək olub. Təhsil və təcrübə, işin növündən asılı olmayaraq, məmnunluğa təsir göstərib: bə­ziləri işin özündən razı qalıb, digərləri isə daha çox gəlirə önəm verib.

Ümumiyyətlə, işləyən pensiyaçılar iş­ləməyənlərə nisbətən daha xoşbəxt olduq­larını bildiriblər. Onlar maddi vəziyyətlə­rindən razılıq ifadə edib, sosial fəallığın isə özünəinamı artırdığını vurğulayıblar. Alimlər qeyd edirlər ki, pensiya yaşından sonra işləmək sağlam qocalmaya kömək edə və aktiv əmək həyatından təqaüdə ke­çidi asanlaşdıra bilər. Bu, xüsusilə kişilər üçün əhəmiyyətlidir, çünki onlar üçün iş çox vaxt əsas, bəzən isə yeganə özünüta­nıma vasitəsi rolunu oynayır. Qadınlar isə peşəkar fəaliyyətlə yanaşı, digər sosial rol­ları da qoruyub saxlayırlar.

S.ELAY
XQ

Sosial həyat