8 Mart bütün dünyada qadınların siyasi, iqtisadi, ictimai və mədəni bərabərliyinin təsbit olunduğu bəşəri çağırışdır. Onun səsi, tələbləri bütün dünya üçün doğmadır. Başlanğıcını ötən əsrin 11-ci ilindən götürən bu hərəkatın Azərbaycanın şimalında tarixi 1917-ci ilə təsadüf edir. Bəs Azərbaycanın Güneyində, ümumiyyətlə, İranda nə vaxtsa qadınlar bayramı qeyd olunubmu? Bütün ölkə martin 8-də qadınlara “Bayramınız mübarək!” deyibmi?
Təəssüflə qeyd etməliyik ki, Qacarlardan, Pəhləvilərdən və indiki “Vilayəti-Fəqih” rejimindən üzü bəri bu ölkədə, özü də Güney Azərbaycanda cəmi 1 dəfə qadınlar günü ümumxalq bayramı kimi qeyd edilib. Xatirələrdə indiyədək xoş bir hadisə kimi qalan həmin bayram Azərbaycan Demokrat Firqəsinin hakimiyyətdə olduğu dövrə təsadüf edir. Söhbət Milli Hökumətin 1946-cı ildə keçirdiyi 8 Mart qadınlar günündən gedir.
Həmin gün Təbrizin, Ərdəbilin, Güneyin başqa şəhərlərinin konsert salonlarında Bakıdan gəlmiş bəstəkar Hacı Xanməmmədovun rəhbərlik etdiyi milli xalq çalğı alətləri ansamblı, sazçı qızlar qrupu, rəqqaslar, gənc xanəndə Rübabə Muradova, şairlərdən Hökumə Bülluri, Mədinə Gülgün və başqa yaradıcı ziyalılar qadınlar gününə yüksək təntənə və xoş ovqat gətiriblər. Güney qadınlarının şərəfinə unudulmaz bir gün yaşanıb. Bu hadisə bütün İranda beynəlxalq qadınlar gününün ilk və son dəfə təntənə ilə qeyd edildiyi bir tarix olub.
Bəs necə oluib ki, böyük bir ölkə bütün dünyanın əziz bayram kimi qeyd etdiyi 8 Mart gününü bu vaxtadək sükutla yola verir? Məsələ burasındadır ki, guya İranın heç kəsə dəxli olmayan ayrıca qadınlar günü var. Bu, fevralın 23-də qeyd edilən “Qadınlar və Analar Günü”dür. Üstəlik, Həzrəti Fatimənin mövludu da ölkədə qadın bayramı kimi qeyd edilir. Qoy bunlar olsun. Lakin İran cəmiyyəti nədən bütün dünyadan təcrid olunub beynəlxalq qadınlar gününü qeyd etməsin?!
Çünki bu dövlət azadlıq sözünə, dünya birliyi anlayışına müxalifdir. Molla rejiminin nəzərində İran dünya ilə deyil, dünya İran ilə ayaqlaşmalı və hesablaşmalıdır. Bu ölkədə hamının başı üzərində dar ağacı kölgəsi dolaşır. Dünyadakı kimi yaşamaq istəyənlərin başı dərhal kəndirə keçirilib bu dar ağacından sallanır. Əmmaməli cəlladlar isə işlərini həvəslə başa çatdırıb bu mənzərənin qabağına da “self” çəkir, nəşə ilə paylaşırlar.
Qadınlar gününün dünyadakı kimi martın 8-də deyil, fevralın 23-də qeyd olunması, əslində, İran cəmiyyətində birləşdiriciliyə yox, bölücülüyə xidmət edir. İran hökumətinə də bu lazım deyilmi?! Bu dövlətin hakim şiə ideologiyası ölkəni nəinki dünyaya, eləcə də İslam aləminin özünə qarşı qoyub. Odur ki, hər il 8 Martda qadınları təbrik etməyə cəhd göstərənlər incidilir, həbsə atılır, cəzalara məruz qalırlar. 1982-ci ildən bəri hər il 8 Martda qadın hüquqları müdafiəçiləri aksiya keçirmək istəyəndə buna yol verilmir, hər dəfə 30-40 nəfər zərif cinsin nümayəndəsi rejimin işgəncə maşınından keçirilir. Bax bu da qadınlara islami hakimiyyətin humanizmi.
Şübhəsiz, ötən ilin payızından hicab tələbi ilə kütləvi aksiyalar keçirən İran qadınlarını builki 8 Martda ram etmək daha çətin olacaq. Bu gün küçə və meydanlara çıxan İran qadınları bir daha islami hakimiyyətə, təqiblərə, təhqirlərə, insan azadlığına qarşı olduqlarını nümayiş etdirəcəklər. Bizim isə borcumuzdur ki, bütün dünyadakı qadınlara deyək: 8 Mart bayramınız mübarək!
Kamal NİKBİN