Qazaxıstan Füzulidə incəsənət məktəbi tikir

post-img

İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən ianə və inşa olunacaq Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin təməlqoyma mərasimi keçirilib. 

Mərasimdə Azərbaycan Res­publikası Prezidentinin Qarabağ iq­tisadi rayonu üzrə xüsusi nümayən­dəsi Emin Hüseynov, Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Jandos Nurmaxambetov, layihəni həyata keçirəcək icraçı şirkət “Bİ-Group” Holdinqin Direk­torlar Şurasının sədri Aydın Rahim­bayev və digər səlahiyyətli şəxslər iştirak ediblər. 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihəyə əsasən in­cəsənət məktəbi Füzuli şəhərində ümumi sahəsi 1,5 hektar olan əra­zidə yerləşəcək. Tikinti sahəsi 2708 kvadratmetr, ikimərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla, növbəli şəkildə 600 şagirdin təhsil alması üçün lazımi şəraitin yaradılması nəzərdə tutulur. Burada, şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə tədrisin təşkili planlaşdırılır. 

Qeyd edək ki, incəsənət məktə­binin layihəsi üzrə Azərbaycan və Qazaxıstan nümayəndə heyətləri­nin yer aldığı işçi qrupu yaradılıb, müvafiq görüşlər keçirilərək, qarşı­dakı hədəflər müzakirə olunub. 

Digər layihələr kimi, bu layihə də Azərbaycan ilə Qazaxıstan ara­sındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə incəsənət sahəsi üzrə təhsilin genişlənməsinə və yaxın bölgələrdən olan istedadlı gənclərin bir araya toplanmasına öz töhfəsini verəcək.

Son xəbərlər