Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yanında yaradılmış Qanunvericilik və İdarəetmə üzrə işçi qrupu qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində ölkəmizdə son illər aparılan işləri və əldə olunan müsbət nəticələri müzakirə edib. Komissiyanın bu il fevralın 22-də keçirilmiş iclasında verilmiş tapşırığa uyğun olaraq, qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilik aktlarının təkmilləşdirilməsi və bu sahədə qarşıda duran vəzifələrlə bağlı məsələlər diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin nümayəndəsi qeyri-formal əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı Analitik Monitorinq sistemi vasitəsilə təhlillərin aparılması istiqamətində təqdimat edib. Həmçinin qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilik aktlarının təkmilləşdirilməsi işləri, hazırlanmış yeni layihələr müzakirə olunub.
Qeyd edək ki, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Statistika, Dövlət Şəhərsalma və Arxitektura komitələrinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri iştirak ediblər.
Z.HÜSEYNOVA, “Xalq qəzeti”