MN: Xankəndi–Xəlfəli–Turşsu yolundan Rusiya sülhməramlılarının müşayiəti ilə hərbi daşımalar həyata keçirmək qəbuledilməzdir

post-img

Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Müdafiə Nazirliyinin mətbuat xid­mətindən bildirilib ki, martın 7-də gün ərzində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olu­nan yoldan kolon şəklində hərəkəti Ru­siya sülhməramlı kontingentinin müşa­yiəti altında təmin edilib. Ermənistanın təkzibinə və riyakarlığına baxmayaraq, texniki müşahidə vasitələri ilə yolun hərbi daşımalar üçün istifadə edildiyi bir daha təsbit olunub.

Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəa­larının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandı­rılmalıdır.

Bir daha bəyan edirik ki, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqti­sadi rayonunda yerləşən qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, mina, təminat və digər hərbi vasitələrin çatdırılması, eləcə də bu yolla döyüş mövqelərinə şəxsi heyətin daşınması və rotasiyası Azərbaycanın suverenliyi­nin, üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması və Azərbay­cana qarşı hərbi təcavüz siyasətinin davam etdirilməsidir. Bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Er­mənistanın və qanunsuz erməni hərbi ünsürlərinin Azərbaycanın suveren əra­zilərində törətdikləri hərəkətlərin qarşı­sını almaq məqsədilə Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətin­də qalacaqdır.

Baş verən hadisələr Laçın yolu üzə­rində Azərbaycanın nəzarət rejiminin yaradılmasının zəruriliyini və labüdlü­yünü bir daha təsdiq edir.

 

“Xalq qəzeti”

Son xəbərlər