“Azərbaycan zəlzələ bölgəsində fəaliyyətini davam etdirir”

post-img

“Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) 760 nəfərlik çevik xilasetmə qüvvələrinin növbəti iki qrupu təyyarə ilə Bakı şəhərinə yola düşüb. Tibbi personalın da daxil olduğu 310 nəfərlik şəxsi heyət Türkiyənin Kahramanmaraş şəhərində fəaliyyətini davam etdirir”. Kahramanmaraş şəhərində olan Fövqəladə Hallar Nazirliyinin ictimaiyyətlə əlaqə idarəsinin baş məsləhətçisi Turqay Abbaslı “Xalq qəzeti”nə bu açıqlamasının davamında bildiridi:

– Zəlzələdən zərər çəkmiş insanlar üçün FHN 10 nöqtədə çadr şəhərçikləri qurub. Hazırda əməkdaşlarımız həmin şəhərcikdə yaşayan insanları mobil səhra mətbəxi vasitəsilə isti yemək və çayla təmin edir. Dünya ölkələrindən Türkiyənin fəlakət bölgəsinə yardıma gələn heyətlər ərazini tərk etsə də Azər­baycan yeganə xarici ölkə olaraq fəaliy­yətini davam etdirir. 

Fevralın 28-i Türkiyə Daxili İşlər Na­zirliyinin müavini və Fövqəladə Halla­rın İdarə olunması Agentliyinin (AFAD) nümayəndələri Hatayda beynəlxalq xilasedici qruplarla bir araya gələrək onlara ayrı-ayrılıqda təşəkkür etdilər və yola salma mərasimi oldu. Hatayda olan 114 nəfərdən ibarət Azərbaycan xilasedici heyəti də Kahramanmaraş şəhərinə gəldi. Biz AFAD ilə koordina­siyalı şəkildə fəaliyyət göstəririk və nə zaman köməyə ehtiyac olmayacaqsa, o zaman Azərbaycana dönəcəyik. 

Müsahibimiz fevralın 6-da Azərbay­can Fövqəladə Hallar Nazirliyinin xila­sedicilərinin Türkiyəyə gələrək zəlzələ­nin episentri olan Kahramanmaraşda fəaliyyətə başladıqlarını, ümumilikdə 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxardıqlarını da diqqətə çatdırd:

– İndiyə qədər FHN-nin istər yer­li, istərsə də bir çox xarici xilasetmə əməliyyatlarında iştirak etmişəm. Deyə bilərəm ki, Türkiyədə baş verən zəlzələ gördüyüm ən böyük fəlakətdir. Mənzərə sözlə ifadə ediləcək şəkildə deyildi. Təbii ki, insanları xilas edəndə başqa cür duyğulanırsan. Amma xilasetmələr zamanı o qədər acınacaqlı hadisələr gördük ki, sözlə ifadə etmək, sadəcə, mümkün deyil. Allah Türkiyə xalqına bir də belə bir fəlakət göstərməsin. Sona qədər qardaş ölkəyə əlimizdən gələn yardımı edəcəyik. 

 

M.SULTANOVA

Ankara

Son xəbərlər