İllər əvvəlin söhbətidir. Ulu ustadımız Həsən bəy Zərdabinin anım gününün qeyd edilməsi üçün toplaşmışdıq. Milli mətbuatımızın banisi ilə başlanmış müzakirə mərhələlərlə gəlib müasir zamanımızı əhatə etdi. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Həsən bəyin ənənələrinin davamındakı xidmətləri sadalanarkən, dünyasını dəyişmiş müəllimlərimizin də adları ehtiramla xatırlandı: “Bilirsiniz, bu fakültənin təməli nəhəng, saf və təmənnasız kişilər tərəfindən qoyulduğundandır ki, biz indi belə vüqarla, şəstlə danışırıq. Bu kişilər Həsən bəyi görməmişdilər, ondan dərs almamışdılar, fəqət peşəkarlıq irsini ondan götürmüş şəxsiyyətlər idilər. Nəticədə özləri də elə bir jurnalistika məktəbi yaradıblar ki, hələ on illər boyu başqalarına nümunə göstəriləcəklər. Sanki, həmin təməl Həsən bəyin də xeyir-duası, iştirakı ilə atılıb”.
Jurnalistikamızın ciddi problemlər burulğanı ilə üzbəüz dayandığı məqamda bizi digər sahilə qovuşdura biləcək yaddaşların, misalların hər biri 20-30 illik tarixçəyə söykənirdi. Bunlar mediamızda tanınan, jurnalist adını, peşə prinsiplərini daim uca tutan həmkarlarımın dilindən səsləndiyindən, optimist duyğular bəxş edirdi. Sonda belə bir fikir də vurğulandı ki, onların xidmətlərinin gələcək nəsillərə ərmağan olması naminə adlarının əbədiləşdirilməsi zəruridir. Necə deyərlər, unutsaq, unudularıq!
2011-ci il noyabrın 23-də aldığımız xoş xəbər yenidən müəyyən qismimizi bir araya gətirdi. Ölkə Prezidenti ustad jurnalist Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Yaşı yarım əsrə çatan, əllini ötən həmsöhbətlərimin fərəhində, sanki, bütün jurnalistlərin duyğuları cəmləşmişdi. Nəsir müəllimin zəngin dünyasına xas xarakterik cəhətlər dilə gətirilirdi: “Sizə bir sirr açım, – dedim, – mənim jurnalistikaya gəlişimdə onun verdiyi ürək-dirək əlimdən tutub... Onda BDU-nun filologiya fakültəsində təhsil alırdım. Lakin hansısa hiss məni, istər-istəməz, jurnalistika fakültəsinə apardı. Hərdən dostlarım Əliş və Surxayın köməyi ilə auditoriyanın diqqəti cəlbetməz saydığım arxa partalarında partizansayaq yer tuturdum. Nəsir müəllimin “Jurnalistikanın əsasları” fənni üzrə mühazirələri, iki saata sığmayan şirin söhbətləri məndə təsəvvür yaratmışdı ki, burada, məhz, belə insanlar dərs deməlidirlər – hündür qamətli, səlis nitqli, məntiqli, qayğıkeş. Dördüncü cəhdimdə, belə desək, ilişdim. Dərs bitən kimi nəvazişlə yanına çağırdı. Tələbələrinin kimliyini yaxşı bildiyini təbəssümlə deyib, hansı fakültədə oxumağımla maraqlandı. Sonra: “Yəqin, səni bura gətirən qəlbinin hökmüdür, ona qulaq as, mübariz ol, istəyinə çatarsan,” – dedi.
Sənədlərim Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə göndəriləndə bu tövsiyə xüsusi rol oynadı. Yola düşməzdən əvvəl Nəsir müəllimlə də görüşdüm, rüsxət aldım”.
Yay və qış semestrləri başa çatanda Bakıdakı doğmalarımla, keçmiş tələbə yoldaşlarımla yanaşı, ona da baş çəkməyi özümə borc sayırdım. Nəsir İmanquliyevin həyat yolunu öyrəndikcə gördüm ki, mübarizlik deyəndə konkret nələri nəzərdə tutur. O, jurnalistlik fəaliyyətində kütləvi informasiya vasitələrində işləmək üçün indiki kimi rahat şəraitin olduğu vaxtda başlamamışdı. Mətbuatda işləmək üçün istedadla yanaşı, şəxsi keyfiyyətlərin də buna əsas verdiyini təsdiqləyən zəmanət tələb edirdi.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin tapşırığı ilə 1932-ci ildə “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”ndə) fəaliyyətə başlayan gənc ömür yolunu birdəfəlik bu sənətlə bağladı. Həmin nəşrin, eləcə də, “Gənc işçi”, “Yeni yol” qəzetlərinin səhifələrində yaşayan irili-xırdalı yüzlərlə məqalənin qələmə alınması üçün yağışlı, tufanlı, qarlı-şaxtalı günlərdə saatlarla piyada getmək, alaçıqlarda gecələmək... lazım gəlirdi. Hələ İkinci Dünya müharibəsi illərində döyüşçü-müxbirin silaha sarılıb “ura!” deyərək düşmən üzərinə atıldığı məqamları demirik. Nəsir müəllimin igidliklərinə görə layiq görüldüyü təltiflərini pencəyinin sinəsində cərgələdiyini kimsə görə bilməzdi.
Nurəddin Babayev, Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Seyfulla Əliyev, Nəriman Zeynalov... Jurnalistika fakültəsinin qurucuları olan müəllimlərimizin hər biri od-alov görmüşdü.
Nəsir müəllim “Kommunist” qəzetində, Radio Televiziya Verilişləri Komitəsində, Azərbaycan KP MK-da və sair yerlərdə rəhbər vəzifələrdə işləmişdi, özünün yaratdığı “Bakı” qəzetinin 30 il redaktoru olmuşdu. Amma bircə dəfə təşəxxüslə bunları sadalamamış, nəzərə çatdırmamışdı. Bax, indi duyuruq ki, niyə təmənnalı şəxslər fakültəmizdə dərs deməkdən qorxurdular. Təməl necə möhkəmdirsə, təmənnasızlığın indinin özündə qəhrəmanlıq sayıldığı vaxtda da burada kimsə belə riskə getmək istəməz. Yadımızdadır ki, tələbələrin eyhamından sonra Nəsir İmanquliyev həmin niyyətə düşən bir müəllimə nə dedi-demədi, daha onu auditoriyada görmədik. Çünki adi vaxtlarda sakit təbiətli Nəsir İmanquliyevin çılğınlığından çoxları kimi o da məlumatlı idi...
Nəsir müəllim novator redaktorlardan biri olub. “Bakı” və “Baku” isə bu mənada onun canlı əsəri, yadigarlarıdır. Təsəvvür edin ki, senzura qılıncının baş üzərində parladığı vaxtda azad fikir üçün sütun ayırmaq necə riskli idi. Nəsir İmanquliyev bunu edirdi – aramla, məntiqlə, planlı şəkildə. Özü demirdi, dedizdirməyi bacarırdı. Xalqın ruhundan, mənəvi ehtiyacından irəli gələn yazıları təqdim etməklə.
Halbuki başqa həmkarları kimi qayçını əlinə alıb publisistik materialların istənilən yerindən kəsmək, üstəlik, əməkdaşının “suyunu çıxarmaq” imkanına malik idi. O, mediada rəngarəngliyə, palitraya əhəmiyyətlə yanaşırdı. Məzə ilə danışdığı lətifədə bürokratik yanaşmanın təsvirini verirdi: “Molla Nəsrəddin ovda cüllüt tutur, qanadını kəsir, qıçlarını qısaldır və deyir: bax, indi quşa oxşadın”. Acınacaqlı olsa da, bu müqayisə sovet dönəminin, partiyalı, basmaqəlib mətbuatına xarakterik cəhətlər sayılırdı.
Nəsir müəllim istedad təşnəsinin dayanmasına, kimlərinsə ruhdan düşməsinə imkan vermirdi.
Əflatun AMAŞOV,
baş redaktor