Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Texas A&M Universitetinin mütəxəssisləri tərəfindən hazırlanan bu innovativ texnologiyanın nəticələri nüfuzlu "Journal of Extracellular Vesicles" elmi jurnalında dərc olunub. Hazırda demensiya ilə mübarizədə tətbiq edilən ənənəvi üsullar əsasən xəstəliyin artıq formalaşmış fəsadlarını – toksiki lövhələri təmizləməyə yönəlir ki, bu zaman da müalicəyə çox vaxt gec başlanılır. Lakin qocalma prosesində idrak pozuntularının əsas səbəbi beyində yaranan xroniki iltihabdır (neyroiltihab). Üstəlik, bir çox adi dərmanlar hematoensefalik baryeri (beynin qoruyucu süzgəcini) keçə bilmədiyi üçün mərkəzi sinir sisteminə nüfuz edə bilmir.
Yeni preparat isə bədənin qoruyucu baryerlərini asanlıqla aşaraq tam fərqli mexanizmlə fəaliyyət göstərir. Spreyin əsasını insan kök hüceyrələrindən ayrılmış ekstraselyulyar vezikullar – mikroskopik bioloji qabarcıqlar təşkil edir. Bu qabarcıqlar beyin hüceyrələrini iltihab stresini azaltmağa məcbur edir və enerji balansını birbaşa bərpa edir. Əvvəllər müalicəvi molekulları beynin dərin qatlarına çatdırmaq üçün kəllə sümüyünə birbaşa iynə vurulurdusa, amerikalı bioloqlar bu problemi burun spreyi forması ilə həll ediblər. Sprey vasitəsilə daxil olan maddə digər orqanlara təsir etmədən birbaşa yaddaş və öyrənmə mərkəzi olan hippokampa hədəflənir.
Heyvanlar üzərində aparılan sınaqlarda preparat yüksək səmərəlilik nümayiş etdirib: neyroiltihab ocaqları tamamilə sıxışdırılıb, fəza yaddaşı və itirilmiş idrak funksiyaları bərpa olunub. Tədqiqatçı, professor Aşok Şetti (Ashok Shetty) vurğulayıb ki, hippokampın vəziyyəti insanın öyrənmə qabiliyyəti ilə birbaşa bağlıdır və bu metod hüceyrələrə zərər vermədən zehni sağlamlığı yaxşılaşdırmağın real yolunu göstərir.
Metodun universallığı hər iki cinsdən olan və insanların 50-70 yaş dövrünə uyğun gələn 18 aylıq gəmiricilər üzərində sübut olunub. Cəmi iki doza spreyin vurulması orqanizm tərəfindən mükəmməl dözümlülüklə qarşılanıb və yaddaşı aylarla irəli bərpa edib. Alimlərin növbəti addımı bioloji qabarcıqların real müalicəvi effektini insanlar üzərində tamfunksional sınaqlardan keçirmək olacaq.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

