Keyfiyyətsiz qidalar hər il 886 milyon insanın zəhərlənməsinə səbəb olur

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına görə, dünyada hər il təxminən 886 milyon insan yararsız və təhlükəli qidaların istehlakı səbəbindən müxtəlif xəstəliklərə yoluxur. Bu qlobal problemdən xüsusilə beş yaşınadək uşaqlar əziyyət çəkir; onlarda qida mənşəli xəstəliklərə tutulma riski digər yaş qrupları ilə müqayisədə təxminən üç dəfə daha yüksəkdir. ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus mövzu ilə bağlı bəyanatında bildirib ki, qida təhlükəsizliyi mücərrəd bir problem deyil, o, hər bir ailəni, hər bir günümüzü və hər bir qida qəbulunu birbaşa əhatə edir.

Tədqiqatlar göstərir ki, XXI əsrin əvvəli ilə müqayisədə qida zəhərlənmələrinin ümumi sayında azalma müşahidə olunduğu halda, regionlar arasında ciddi qeyri-bərabərlik qalmaqdadır. Belə ki, qeyri-sağlam qidalarla bağlı xəstəliklərin dörddə üçü və ölüm hallarının təxminən 60 faizi məhz Afrika və Cənub-Şərqi Asiya ölkələrinin payına düşür. Bu fəsadlara əsasən bioloji çirkləndiricilər – bakteriyalar, viruslar və parazitlər yol açır.

Lakin qida zəhərlənmələri zamanı ən yüksək ölüm riski məhsulların kimyəvi çirklənməsi ilə bağlıdır. Mütəxəssislər ətraf mühitdən qida zəncirinə daxil olan qurğuşun və arsen kimi maddələri ən təhlükəli elementlər sırasına daxil edirlər. ÜST-nin qida təhlükəsizliyi üzrə eksperti Yuki Minatonun sözlərinə görə, iqlim dəyişikliyi məhsulların çirklənmə riskini artırır, mikroorqanizmlərin antibiotiklərə qarşı dözümlülüyü  isə müalicə prosesini çətinləşdirərək problemi daha da kəskinləşdirir.

Yararsız qidalar insan sağlamlığına vurduğu zərərlə yanaşı, qlobal iqtisadiyyata da ciddi zərbə vurur. Hesabat müəlliflərinin qiymətləndirmələrinə görə, təkcə qida mənşəli xəstəliklər səbəbindən dünyada əmək məhsuldarlığının itirilməsi nəticəsində təxminən 647 milyard dollar məbləğində böyük iqtisadi ziyan qeydə alınıb.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Sosial həyat